Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb

Fevralın 2-də Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət rəsm sərgisi açılıb.

Mynews.az xəbər verir ki, 2 fevral - Gənclər Günü münasibətilə açılan sərgi Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov ənənəvi rəsm sərgisinin təşkilini yüksək dəyərləndirib.

Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu müasir Azərbaycan gəncliyinin sənətə bağlılığından xəbər verir. Sərginin təşkilinin gənclərə dəstək məqsədi daşıdığını söyləyən F.Xəlilov əsərləri sərgidə nümayiş olunan gənc rəssamları təbrik edib, uğurlar arzulayıb.

Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri İndira Hacıyeva sərginin əhəmiyyətindən söz açıb.

İ.Hacıyeva deyib: “Sərginin özəlliyi ondan ibarətdir ki, burada ancaq gənc fırça ustalarının əsərləri yer alıb. Sərgidə 200 gənc rəssamın müxtəlif janr və mövzulu 300-dək sənət əsərinin nümayiş olunması sevindirici haldır. İstedadlı gənclərin gələcəkdə öz sahələrinə uyğun inkişaf etmələrinə səylərimizlə dəstək göstərməliyik”.

Daha sonra qonaqlar sərgi ilə tanış olublar.

Sərgi üç gün davam edəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...