Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Demişdi ki, məni Fəxri Xiyabanda dəfn etmək istəsələr, razılaşmayın" - Qızı Qəndab Quliyevanın vəsiyyətini AÇIQLAYIR

Bir neçə gün öncə vəfat edən xalq artisti Qəndab Quliyevanın qızı Mərziyyə Həmidova anasının Fəxri Xiyabanda dəfn edilməməsiylə bağlı gəzən söz-söhbətlərə aydınlıq gətirib və sənətkarın son vəsiyyətini açıqlayıb.

Həmidova Ölkə.Az-ın əməkdaşıyla söhbətində bildirib ki, onlara bu barədə təklif edilib:

"Xəstəxanaya gedəndə öləcəyini ağlına gətirmirdi. Ona görə də vəsiyyət etməmişdi. Sadəcə, ondan əvvəl  demişdi ki,  məni anamın yanında dəfn edərsiniz. Son sözü də bu olmuşdu.  Dedi ki, xalq artisti olduğuma görə Fəxri Xiyabanda dəfn edilməyimi istəsələr, razılaşmayın, anamın yanında dəfn edin. Dövlətimizdən də çox razıyıq. Bütün aidiyyatı qurumlardan zəng gəldi, dəstək oldular və İkinci Fəxri Xiyabanda dəfn edilə biləcəyini söylədilər. Ancaq biz dedik ki, anamız Binə qəbristanlığında anasının yanında dəfn edilməyini vəsiyyət edib".

M.Həmidova Qəndab Quliyevanın ölümündə həkim səhlənkarlığının olmadığını bildirir:

"Anamın ölümündə həkim səhlənkarlığından söhbət gedə bilməz. Deməli, qisməti bura qədər imiş. Həkimlər ürək çatışmazlığı və böyrəklərində problem diaqnozu qoymuşdular. Bundan öncə insult, ardınca infarkt keçirdi. Ürəyində stend qoyulmuşdu. Ancaq başqa xəstəliyi yox idi. Sənət yoldaşlarından, dövlətdən çox razıyıq. Kimi gözləyirdiksə, hər kəs gəldi. Çünki Qəndab xanımı tək biz yox, Azərbaycan musiqisi də itirdi. Həm gözəl ana, həm də böyük sənətkar idi. Yeganə arzusu nəvələrinin toyunu görmək idi. Amma qismət olmadı".

Xatırladaq ki, xalq artisti QƏndab Quliyeva iyunun 26-da vəfat edib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...