Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ruhun şad olsun, Aşıq Vüqar…

Belə bir deyim var,  insan var  evdən gedər, insan var eldən … Aşıq Vüqar eldən getdi.

Xatirələrdə, yaddaşlarda qalmaq, əbədiləşmək hər adama nəsib olmur. Bu günlərdə  çağdaş  Şirvan aşıq məktəbinin ən layiqli nümayəndələrindən biri, sənətinin  püxtələşdiyi, həyatının,  arzularının  çiçəkləndiyi bir dövrünü yaşayan, ulu aşıq sənətinə hələ  çox töhfələr verə biləcək  bir dəyərli aşığımızı, aşıq Vüqar  Mahmudoğlunu itirdik. Aşıq Vüqarın vaxtsız  ölümü  təkcə ailəsini, biz dostlarını, Vüqarsevərləri  qəmə bürümədi, göz yasına qərq etmədi, ürəyini yandırıb  yaxmadı, eyni zamanda təmsil elədiyi Şirvan aşıq mühiti üçün   və  bütünlükdə  ümumazərbaycan aşıq sənəti üçün  böyük itki oldu. Çünki aşıq Vüqar sözün əsl mənasında  aşıq adını uca tutan və buna layiq olan sənətkar idi.

Xatirələr məni çox uzaqlara aparır. Onunla ilk tanışlığımızı xatırlayıram. Səhv etmirəmsə 1997-ci il idi. Bakıda şadlıq evlərinin birində toya dəvət olunmuşdum. Toyun gedişatı zamanı musiqiçilərlə tanış olarkən Vüqarın çox istiqanlı, mehriban münasibəti  məndə ona qarşı  bir doğmalıq  yaratdı. Hələ biləndəki  o  elimizin, obamızın görkəmli aşığı aşıq Mahmud  Ələsgəroğlunun  övladıdır,  daha çox sevindim.

Sonralar onunla toy düyünlərdə birlikdə çox iştirak etmişdik, o zamanlar Vüqar qarmon ifaçısı idi. Bu o zamanlar idi ki, mən toylarda ifa olunan aşıq havalarının və  mahnılarının çoxunu  bilmirdim. Bir müğənni kimi mənə  sifariş olunan havaları Vüqar oxuyardı və  məni düşdüyüm durumdan xilas edərdi. Onun aşıqlara məxsus gözəl  xırdalıqları   şirin məlahətli  səsi və profossional oxu tərzi məni valeh edirdi. Hətta  bir dəfə dedim ki, Vüqar, sənin ki belə istedadın var, nədən sən aşıqlıq etmirsən. cavabı indiki kimi qulaqlarımda səslənir: Atam kimi aşığın yanında aşıqlıq etmərəm . Sonralar aşıq Mahmud  cavan yaşlarında faciəli surətdə dünyasını dəyişdi.  Bax onda bir çox ziyalıların və ailəsinin təkidi ilə Vüqar atasının aşıq libasını geyinib, sazını sinəsinə basdı. Və  o  gündən həyatının sonuna qədər o sazı susmağa qoymadı.   Aşıq adını ləyaqətlə daşıdı.

İlk təhsilinin  orta musiqi məktbində,  sonra isə ali təhsilini Azərbaycan  Dövlət İncəsənət  Univeristetində alması,  notu bilməsi    onu bir çox aşıqlardan fərqləndirdi. Amma  bu  kimi keyfiyyətlər əlbəttə ki   təkcə təhsillə də bağlı deyildi. O, həm də  Şirvan aşıq mühitinin yetirdiyi, Azərbaycan aşıq sənətinin görkəmli yaradıcı  aşıqlarından biri olan aşıq Mahmud Ələsgəroğlunun ocağında dünyaya göz açmışdı. Ustad oğlu şəyird olmaz, deyiblər. Vüqar Aşıq Mahmudla birgə iyirmi il istər Şirvanda, istərsə də Azərbaycanın digər bölgələrində  toy-düyün məclislərində, eləcə də dövlət miqyaslı tədbirlərində birgə çıxış etmişdi. Baxmayaraq ki, Vüqar o zamanlar Aşıq Mahmudun  dəstəsində  qarmon ifaçısı kimi çalışırdı, amma Aşıq Mahmuddan həm də aşıqlıq  sənətinin sirlərini çox yüksək səviyyədə əxs edirdi, öyrənirdi.

Aşıq Vüqar yaradıcılığına nəzər saldıqda, onun yüksək sənəkarlıqla  ifa etdiyi  aşıq havalarının hər birinin ayrı ayrılıqda bir sənət nümunəsi kimi təqdimatının   şahidi oluruq. O, Şirvan aşıq sənətini dərindən bilirdi və bu sənətə həm də  yaradıcı olaraq yanaşırdı. İfa etdiyi “ Şirvan şikəstəsi”, “ Sarıtorpaq şikəstəsi”, “Qədimi şikəstə”, “Köpək şikəstə”, “İbrahim peşrovu”, “ Eyvaz peşrovu”, Hicaz peşrovu”, “ Şiraz peşrovu”,“ Şirvan gözəlləməsi”, “ Kərəmi” və. s  bir çox  aşıq nümunələri onun  yaradıcılığında geniş yer tuturdu. Həzin və məlahətli səs diapazonu  və yüksək ifaçılıq məharətini  özündə birləşdirən bu ifalar əlbəttə ki, onun yüksək  sənətkarlığından qaynaqlanırdı . Qoşma, Müxəmməs, Gəraylı, Divani üstündə oxuduğu aşıq havaları istər onun xalq ruhuna yaxın olan aşıq poeziyasına, istərsə də klassik poeziya incilərinə  dərindən bələd olduğundan xəbər verirdi..

Təxminən bir ay bundan öncə hər ikimizin dostu olan Faiq Balabəyli ilə birgə səsyazma studiyalarının birinə yeni bir mahnını araya-ərsəyə gətirmək üçün getmişdik. Aşıq Vüqarla sonuncu dəfə orada qarşılaşdıq. Xeyli söhbət etdik. Söz arası ona irad da bildirdim: Ali təhsilin, çox illik təcrübən olduğu halda niyə  təhsil ocaqlarının birində dərs demirsən? Aşıq sənətini bu qədər dərindən bildiyin halda, niyə   elmi yaradıcılıqla məşğul olmursan?

Mənimlə razı olduğunu, mütləq bu haqda düşünəcəyini bildirdi. Planlaşdırmışdıq ki, Şirvan aşıq mühitində  yaranan və formalaşan, regional xüsusiyyətləri özündə əks etdirən bir sıra dastanları Aşıq Vüqarın ifasında lentə yazdıraq. Və mən bu ifaları nota salım, hər birinin melopoetikası, melodik  variantlılığı, ifa tərzi,  təfsir üslubu və s.nəzəri  təhlilə cəlb edim . Ürək ağrısıyla təssüflənirəm ki, bütün bunlar arzu olarq qaldı. Amma bir təsəllim var ki, istər internet resuslarında, istər  televiziya və radionun yaddaşında, istərsə də Vüqarsevərlərin arxivində onun lent yazıları  var. Əminəm ki, zamanla mən də  daxil olmaqla,  digər musiqi və  folklor sahəsinə çalışan  tədqiqtçılarımız onun yaradıcılığına müraciət edəcək.

Onun qısa ömür payına nəzər salanda  aşıq sənətində gördüyü işləri görməmək  mümkün deyildir. O, təkcə toy-düyün məclislərinin bəzəyi deyildi.  Aşıq sənətini  ölkəmizlə bərabər  Fransa, Almaniya, Xorvatiya, Rusiya, Türkiyə,İsveç, İran və s.kimi  bir çox xarici ölkələrdə  təmsil etmişdir.

Bu gün o, yoxdur . Amma onun işıqlı parlaq  xatirəsi hər zaman bizim qəlbimizdə  yaşayacaqdır .

Ruhun şad olsun, Aşıq Vüqar!

Fəridə Mirişova

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...