Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Xalq artisti göz yaşı tökdü - "Xəstə olanda maşın sürməyi öyrəndim ki, onu gəzdirim" - FOTO

Xalq artisti, diktor Ofeliya Sənaninin Milli.Az-a müsahibəsi.

- Ofeliya xanım, hər bir insanın içində uşqlıq var. İndiki Ofeliya ilə o vaxtkı Ofeliya arasında çox fərq var?

- Mənim uşqlıq illərim aclıq, müharibə illərinə təsadüf edib. Atam da müharibəyə yollananlar sırasında idi. Anam tək uşaqla qalıb, yemək yox, içmək yox. Biz çox əziyyət çəkmişik. Anam sonradan həmişə danışardı ki, sən çox yeyən uşaq idin, amma mən sənə yeməyə verməyə heçnə tapmırdım. O illərdə sizə deyim ki, insanlar pula həris deyildilər. Ay evim olsun, ay bağım olsun. Elə şeylər yox idi. Hamı bir tikə çörəyini bölürdü, birinin pulu yox idisə ona kömək olurdular. Uşağlıq illərim çətin keçib, ona görə də bu sualınıza cavab verə bilməyəcəyəm.

- Ananız hansı sənətin sahibi idi?

- Anam o vaxtı Tibb universitetində oxuyub, atam müharibədən qayıdıb gələndən sonra onu oxumağa qoymayıb. Çünki xasiyyəti çox ağır idi. Birinci kursdan onu çıxarmışdı. Amma anam təbii otlarla müalicə üsullarını bilirdi. Bütün qohum-qonşular onun əllərindən şəfa tapırdı.

- Valideynlərinizə bu günkü gündə daha çox nə vaxt ehtiyac duyursunuz?

- Bəzən çaşıram. Mən həmişə işdən gələndə saat 7-də zəng edərdim ki, "mama" gəlmisən? Yaxud da iş arası gedib ona dəyərdim. İndi də bəzən telefonu götürürəm ki, anama zəng edim. Çox təəssüf ki, telefonun  o biri başında o məni daha gözləmir. Atam da, anam da incəsənətə meylli idi. Mən onlarla həmişə teatra gedirdim. Bax o günlər üçün darıxmışam (kövrəlir).

- Televiziya sahəsinə necə gəldiniz?

- 4-cü sinifdən mənim radioya meylim var idi. Evdə bir köhnə radiom var idi, kanalları güc-bəla ilə tutub qulaq asırdım. Fatma Cabbarova, Aydın Qaradağlı kimi diktorların səsinə heyran olurdum. Həmişə anam deyirdi ki, sən dərslərinə fikir ver, onlara az qulaq as. Bütün aktyorları səsindən tanıyırdım. İllər keçəndən sonra mən həmin aktyorları canlı görüb, onlarla görüşürdüm. Məktəbli də olsam qərarımı vermişdim ki, radio sahəsinə gedəcəyəm.10-cu sinifdə oxuyarkən elan vermişdilər ki, radioya diktor lazımdır. Elə bu elanı eşidib radioya getdim və çətinliklə də olsa qəbul olundum.

- 14 il radioda diktor olandan sonra televiziyaya gəldiniz. Radionu televiziyaya dəyişmək sizin seçiminiz, idi yoxsa...?

- Xeyr, o vaxtı televiziyada qadın səslərimiz az idi. 1973-cü ildə məni məcburən televiziyaya keçirdilər. Amma etiraf edim ki, mən radionu sevirdim. Çünki radioda öyrənməyə çox şey var idi.

- Ömür-gün yoldaşınız Valid Sənani ilə tanışlığınızı necə xatırlayırsınız?

 

- Mən artıq 2-ci kursdan meylimi Validə salmışdım, o da meylini mənə salmışdı. Amma bir-birimizə deyə bilmirdik ki, səni sevirəm. Çünki dövr tam başqa idi, böyüklərə hörmət bəsləyirdik. Validlə dəfələrlə radioda tərəf müqabili olub, pyesləri səsləndirmişik. Onun atası Möhsün Sənani də həmişə radioya gəlib, məni kənardan müşahidə edərdi. Sonradan bildim ki, məni Validə tərifləyən elə atası olub.

- Ailə həyatı qurandan sonra sizə bu sahədə qadağalar qoymuşdu?

- Həm sənətdə, həm də ailədə biz bir-birimizi tamamilə tamamlayırdıq. Çünki eyni xasiyyətdə idik. Mən heç vaxt evdə onun ucadan qışqırıq səsini eşitməmişdim. O həddindən artıq çox tərbiyəli idi. Valid 24 il televiziyada redaktor işləmişdi, amma heç kim ondan inciməmişdi. O həyatdan çox zövq almağı bacaran insan idi. Adicə çayı dəmləyəndə fikir verirdi, mən o çayı vaxtında götürürəm, ya yox. Həmişə çay ötəndə mənə deyirdi ki, onu at getsin, o daha çay deyil (ağlayır).

- Qəfildən xəstələndi, yoxsa artıq xəstəlik yavaş-yavaş qapınızı döyməyə başlamışdı?

- O, 90-cı illərdən sonra canından artıq sevdiyi doğma iş yerindən ayrılmağa qərar verdi. Çünki ona işləməyə mane olurdular. Bir neçə televiziyada çalışdı, amma o yenə də darıxırdı. Əsəb, stress onu yıxmışdı. Son 1 ilini demək olar ki, yataqdan durmadı. Ona baxıb mən də göz yaşı tökürdüm. O cür enerjili, fiziki qüvvəsi çox olan insan birdən-birə yorğan-döşəyə düşdü. Mən sürücülüyü öyrəndim ki, onu ürəyi istədiyi yerlərə aparım. Çünki o ömrü boyu məni maşınla aparıb.

- Müsahibələrinizdə həmişə ondan danışarkən gözləriniz dolur. Demək ki, əsl sevgi yaşamısınız.

- Heç cür onun yoxluğu ilə barışa bilmirəm. Mənə elə gəlir ki, mənim üçün həyat yoxdur. Mexaniki olaraq dururam, yuxudan ayılıram, özüm üçün süfrə qururam, iştahsız yeyirəm. Mən yeməyimin dadını da bilmirəm. Bilmirəm hansı yeməyi hazırlayım.

- Əlinizdə imkan olsaydı, yenidən radioya, televiziyaya qayıdardınız?

- Bəli, mən hal-hazırda bunu arzulayıram. Bu sənəti mən çox sevirəm. Amma bilirəm ki, heç vaxt qayıda bilməyəcəyəm. Buna mənim səhhətim də yol vermir. Artıq yaş da öz sözünü deyir. İndi zəmanə gənclərindir, qoy onlar çalışsınlar. Bizim çox istedadlı teleaparıcılarımız var. Mən onların hamısına arzu edirəm ki, televiziyanı həqiqətən sevsinlər. Onlar televiziyanı sevsələr, televiziya da onları sevəcək.

Xalq artisti göz yaşı tökdü: "Xəstə olanda maşın sürməyi öyrəndim ki, onu gəzdirim" - FOTO

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...