Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Azəristiliktəchizat”ın zərəri artıb

Hesablama Palatasının Kollegiyası 1 aprel 2015-ci il tarixindən 1 yanvar 2017-ci il tarixinə qədərki dövrdə “Azəristiliktəchizat” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələrini təsdiqləyib.

Mynews.az palataya istinadən xəbər verir ki, ASC 2015-2016-cı illər üzrə istilik mövsümündə 535 qazanxana istismar etməklə, 3570 yaşayış binasını (170 minə yaxın mənzili), 289 məktəbi, 157 uşaq bağçasını, 152 səhiyyə obyektini və 605 digər sosial obyekti istiliklə təmin edib.

Auditlə ümumilikdə 51202,7 min manat məbləğində vəsait əhatə olunub. Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb.

ASC-nin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılıb, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri Cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb. 

Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilib, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərinin tərkibinə aid edilməyib.

2015-ci ildə Cəmiyyətin gəlir və xərclər smetasının icrasına və maliyyə hesabatına görə istilik təchizatı xidmətlərinin satışından faktiki gəlirləri (mədaxil) ƏDV-siz 8,109 mln. manat, faktiki xərcləri 46 148,2 min manat (o cümlədən, 45 702,1 min manat istehsal xərci, 446,1 min manat satışdankənar xərc) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38039,2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10 839,2 min manat, faktiki xərclər 50 243,3 min manat (o cümlədən, 49 699,1 min manat istehsal xərci, 544,2 min manat satışdankənar xərci), maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39404,1 min manat təşkil edib, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2730,2 min manat artdığı halda, xərclər 4095,1 min manat və ya gəlirlərin artımına nisbətən 1,5 dəfə çox artıb, nəticədə Cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1 364,9 min manat və yaxud 3,6% artıb.

İsidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub, yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 m2 yaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib, Cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11,68% və 2016-cı ildə 11,95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12,6% miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib.
Cəmiyyətdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...