Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun 2050-ci ilədək işlənməsindən nə qədər gəlir əldə olunacaq?

Ötən gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənməsinə dair  SOCAR ilə səkkiz xarici şirkət arasında məhsulun pay bölgüsü (PSA) tipli saziş imzalandı. Yeni sazişdə diqqəti çəkən məqamlardan biri şirkətlərin iştirak paylarında edilən dəyişikliklərdir. Belə ki, SOCAR-ın payı 11,65%-dən 25%-ə qaldırılacaq, BP şirkətinin payı isə 35,8%-dən 30,37%-ə qədər azaldılıb. Eləcə də, sazişin bir hissəsi olaraq beynəlxalq tərəfdaş şirkətlərin Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəməsi qərara alınıb. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. dollardan artıq sərmayə qoyulması potensialı var.

Sazişi Oxu.Az-a şərh edən Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban müqavilənin Azərbaycan üçün mühüm olduğunu deyir: "Azərbaycan hökumətinin sazişdə marağı SOCAR-ın gəlirlərinin artmasıdır. 2010-cu ildən başlayaraq Dövlət Neft Şirkəti çox mühüm layihələrdə iştirak edib. Böyük kapital tələb edən bu layihələri SOCAR özünün imkanları hesabına reallaşdıra bilmirdi. Dövlət Neft Fondu, eləcə də, büdcə vəsaitləri hesabına şirkətə dəstək verilirdi. Yeni müqavilə çərçivəsində SOCAR-ın gələn ildən gəlirləri artarsa, dövlətin yükü azalacaq".  

Yeni sazişdə SOCAR-ın mənfəət neftindən payının 80 faizdən 75 faizə endirilməsinə gəlincə, İ.Şaban şirkətlərin payında dəyişiklikləri önə çəkdi: "Yeni sazişdə SOCAR-ın payı 11,65%-dən 25%-ə qaldırıldı.Bunun üçün böyük məbləğdə vəsait ödənməli idi. Azərbaycan tərəfi heç nə ödəmədi. Həm bonus aldı, həm də iştirak payını artırdı. Digər tərəfdən, bu müqavilə üzrə artıq neftin maya dəyəri artmış oldu. Bütün bunları nəzərə aldıqda, mənfəətin bu cür bölünməsi lazım idi". 

Onun sözlərinə görə, neftin qiyməti indiki səviyyədə qalarsa, Azərbaycanın minimal gəliri 150 milyard dollar təşkil edə bilər: "23 il ərzində sazişin icrası çərçivəsində "Azəri-Çıraq-Günəşli"dən 436 milyon ton neft hasil edilib. "Azəri-Çıraq-Günəşli"də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı vardır. Yeni saziş çərçivəsində Azərbaycanın minimal gəlirləri 150 milyard dollar ola bilər. Bu, neftin qiymətindən asılı olacaq. Ola bilsin, 200 milyard dollar da qazanaq".  

Milli Məclisin üzvü, deputat Vahid Əhmədov bildirib ki, müqavilənin Azərbaycan üçün böyük əhəmiyyəti var.

O qeyd edib ki, mənfəət neftində Azərbaycanın payının artırılması, SOCAR-ın AÇG-dəki iştirak payının 11,65%-dən 25%-ə qaldırılması ölkə üçün lazımlı maliyyədir: "Beynəlxalq təşkilatlar, dövlətlər, maliyyə şirkətləri Azərbaycanda bu kontraktın imzalanmasında iştirak etdilər. Bu da müstəqilliyə verilən töhfədir."

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...