Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hökumətin qərarından sonra yağın qiyməti ilə bağlı proqnoz - Hər kiloda 2 manat...

Nazirlər Kabinetinin qərarı ilə ölkəyə kənardan gətirilən kərə yağının idxal gömrük rüsumunun 3 dəfə və ya 10 faiz bənd azaldılması idxal edilən məhsulların xərcinin azalmasına və nəticədə daxili bazarda qiymətlərə təsir göstərə bilər.

Mynews.az xəbər verir ki, bunu tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov bildirib.


İqtisadçının fikrincə, artıq gələn ilin əvvəlində kərə yağının qiymətində eniş ola bilər: "Belə ki, 100 min dollarlıq kərə yağı idxal edən sahibkar əvvəllər 15 faiz rüsum və 18 faiz ƏDV ödəyirdi. Nəticədə rüsum tətbiq ediləndən sonra malın xərci rüsumdan sonra 115 min dollara və ƏDV tətbiq edilən sonra isə 135,7 min dollaradək yüksəlirdi. Rüsum 5 faizədək azaldıldığı üçün bu halda idxal edilən kərə yağının rüsumlu xərci 105 min dollar, ƏDV tətbiq ediləndən sonra isə 123,9 min dollara olacaq. Bu isə o deməkdir ki, son güzəşt hər 100 min dollarlıq idxal kərə yağında 11,8 min dollar fərq yaradacaq. Kərə yağının dünya bazarında qiymətinin son dövrlər ciddi dəyişmədiyini nəzərə alsaq, bu halda Yeni Zenlandiyadan idxal edilən kərə yağının növündən asılı olaraq hər kiloqramında orta hesabla 2 manat qiymət azalmasına gətirib çıxara bilər. Dəyişikliyin gələn ay tətbiq edildiyini nəzərə alsaq, onun istehlak bazarına təsirləri ən tezi növbəti ilin əvvəlində müşahidə edilə bilər".

Xatırladaq ki, Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nə dəyişiklik edərək kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşdirib. İndiyədək bu dərəcə 15 faiz idi. Qeyd edək ki, bu qərar 30 gün sonra tətbiq edilməklə 2019-cu il dekabrın 31-dək qüvvədə olacaq.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...