Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 17 min yeni daimi iş yeri yaradılacaq

Növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir.

Mynews.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

O bildirib ki, investisiya təşviqi mexanizminə start verilib və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilib:

“Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilib, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır.

Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaq.

Görün, nə qədər əlavə məhsul istehsal ediləcək və bu məhsul rəqabətqabiliyyətli məhsul olacaq. Çünki bütün bu məsələlərə dövlət qurumları çox diqqətlə yanaşırlar”.

Onun sözlərinə görə, son bir-iki il ərzində neftin qiymətinin və hasilatın müəyyən dərəcədə düşməsi nəticəsində sənaye istehsalı Azərbaycanda azalırdı. Qeyri-neft sənayesi az da olsa artırdı, amma ümumiyyətlə, sənaye istehsalı azalırdı:

“Artıq bu ildən başlayaraq dönüş yarandı, sənaye istehsalı qeyd etdiyim kimi, iki faiz artıb, qeyri-neft sənayesi isə 9,9 faiz, yəni, təxminən 10 faiz. Çox gözəl göstəricidir, bir daha demək istəyirəm ki, bizim siyasətimizi əks etdirir, görülən işlərin nəticəsidir. Sənayeləşmə siyasəti Azərbaycanda bundan sonra da davam etdiriləcək”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...