Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Büdcə xərclərinin yuxarı həddi hesablanacaq

Milli Məclisin (MM) bu gün keçirilən son - növbədənkənar plenar iclasında “Büdcə sistemi haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.

Mynews.az xəbər verir ki, layihə haqqında MM-in iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə geniş məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi strateji yol xəritələrinin tədbirlər planlarına uyğun olaraq “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə prezident İlham Əliyevin 27 dekabr 2016-cı il fərmanına və Maliyyə Sabitliyi Şurasının “2017-ci il və ortamüddətli dövrə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması üzrə tədbirlər planı”na əsasən, fiskal dayanıqlığın gücləndirilməsi məqsədilə neft ixrac edən ölkələrin təcrübələri və Azərbaycan iqtisadiyyatının xüsusiyyətləri nəzərə alınmaqla hazırlanıb.

Sənəd fiskal qaydaları, o cümlədən neft gəlirlərindən səmərəli istifadə ilə bağlı qaydaları müəyyən edir, makroiqtisadi sabitliyin, eləcə də, maliyyə və borc intizamının təmin edilməsi üçün çərçivə formalaşdırır.

Qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusu əsasında büdcə təşkilatları növbəti il və sonrakı üç il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərinə dair təkliflərini və büdcə qaydasının hesablanması üçün tələb olunan məlumatları mart ayının 1-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.

Dəyişikliyə əsasən, büdcə qaydasına uyğun icmal büdcənin xərclərinin yuxarı həddi hesablanacaq.

Həmçinin, büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı həddi hesablanarkən dövlət borcu, dövlət müəssisələrinin borcları (dövlət zəmanəti ilə belə zəmanət olmadan alınan borclar da daxil olmaqla) alınır və onun əsasında dövlətin və dövlət müəssisələrinin ortamüddətli dövrdə borcalma üzrə artım və məhdudlaşdırma hədəfləri müəyyən edilir.

Qeyd edək ki, “Büdcə sistemi haqqında” qanunun 11-1-ci, yəni büdcə qaydası maddəsi 2019-cu ilin dövlət büdcəsi layihəsinin tərtibi prosesindən etibarən tətbiq olunacaq.

Müzakirələr açılmadan “Büdcə sistemi haqqında” qanuna dəyişiklik də qəbul edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...