Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abonentin elektrik enerjisi xəbərdarlıq edilmədən kəsilə bilərmi?

Bakı sakini borca görə elektrik enerjisinin bir ay müddətdən tez kəsilməsindən şikayət edir.

Mynews.az xəbər verir ki, Binəqədi rayon sakini Zaur Nurullayev Oxu.Az-a bildirib ki, yaşadığı Mir Cəlal 72 ünvanında elektrik enerjisi qanunsuz kəsilib:

“İyunun 4-də ötən ay üçün 26 manat ödəniş etdim. Səhəri gün isə əvvəlki 30 günlük istifadəyə dair bildiriş verilib.

İyunun 27-də “Azərişıq”ın işçiləri gəlib işığımızı kəsiblər. Onlara dedim ki, Nazirlər Kabinetinin qərarına əsasən, mənim bildiriş verildiyi gündən sonra ödəniş etmək üçün bir ay vaxtım var. 

Qurumun qaynar xəttinə zəng edib maraqlandım. Onlar da mənim haqlı olduğumu qeyd etdilər və telefonun dəstəyini asdılar”.

Məsələ ilə bağlı “Azərişıq” ASC-nin mətbuat rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirib ki, paytaxt sakini tərəfindən quruma şikayət daxil olmayıb:

“Həmin vətəndaş bizə müraciət etsin, məsələ araşdırılacaq və tədbirlər görüləcək.

Əhaliyə verilən elektrik enerjisi bir ay istifadə edilir, sonra isə bildiriş verilir. Abonent də həmin vaxt haqqını ödəyir. Hər şey qanun üzrə həyata keçirilir. Qanuna uyğun olaraq bildiriş verildikdən sonra 30 gün ərzində ödəniş edilməsi üçün vaxt verilir”.

Hüquqşünas Səməd Vəkilov bildirib ki, vətəndaşa xəbərdarlıq edilmədən elektrik enerjisini kəsmək qadağandır:

“Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli “Elektrik enerjisindən istifadə qaydaları”nın təsdiq edilməsi haqqında qərarına əsasən, istehlakçıya elektrik enerjisinə görə bildiriş təqdim olunandan bir ay sonra həmin pul ödənilməsə, ona xəbərdarlıq edilməlidir. Borc ödənilməsə, elektrik enerjisi kəsilə bilər”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...