Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sosial Müdafiə Nazirliyi əməkdaşlarının maaşları açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat işçilərinin vəzifə maaşları bəlli olub.

Mynews.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, aparat işçilərinin rəsmi maaşları  30.04.2018-ci il tarixdən müəyyən edilib. 

Məlum olub ki, nazirliyin aparat rəhbəri Anar Əliyev 1110 manat, onun müavini Bəxtiyar Əzizov 1035 manat, nazirin müşaviri Vüsal Nəsirli 805 manat, köməkçisi 805 manat maaş alır.

Eləcə də, nazirliyin təminedici şöbəsinin müdirinin aylıq əməkhaqqı 980, onun müavininin maaşı 845, yardımçı şöbənin müdirinin məvacibi isə 860 manat təşkil edir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları üzrə vəzifə maaşlarına gəlincə, onların əməkhaqları da 05.04.2018-ci il tarixdən müəyyən olunub. 

Əhalisinin sayı 100 min nəfərdən çox olan rayonların yerli oqranlarının direktor və rəisləri 485 manat, Gəncə və Sumqayıt şəhər şöbələrinin direktorları və rəisləri 505, əhalisinin sayı 50-100 min nəfər olan rayonlarda yerli orqanların direktor və rəisləri 475, əhalisinin sayı 50 min nəfərə qədər olan rayonların yerli orqanlarının direktor və rəisləri 460 manat məvacib alırlar. 

Qeyd edək ki, nazirliyin strukturunda ən aşağı məvacibi mütəxəssislər alır. Aparatda bu bölmə üzrə maaş 240-220, yerli orqanlarda 185-170 manat təşkil edir. 

Onu da qeyd edək ki,  bu vəzifələr üzrə təyinatların əksəriyyəti yenidir. O ki qaldı nazirin və müavinlərinin, eləcə də, şöbə rəhbərlərinin məvaciblərinə, onlar açıq deyil.  

 

 


                                                

                        
                        
                        
                        
                        
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...