Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Türk dövlətləri arasında vahid viza ola bilərmi? - RƏY

Türk dövlətlərinin vahid viza tətbiq etməsi çox təqdirəlayiq addım olardı. Yəni, qardaş və dost Qazaxıstanın Türkiyə, Azərbaycan və Qırğızıstanı turistlər üçün nəzərdə tutan “İpək yolu” vizasına qoşulmağa çağırışını çox müsbət və əhəmiyyətli addım hesab edirəm.

Mynews.az xəbər verir ki, bunu Oxu.Az-a Milli Məclisin (MM) Azərbaycan-Türkiyə parlamentlərarası Dostluq Qrupunun üzvü Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, türk dövlətləri arasında hər bir sahədə əlaqələrin və əməkdaşlığın gücləndirilməsinə ehtiyac var.

Millət vəkili bildirib ki, bunu dünyada yaşanan proseslər, mövcud reallıqlar tələb edir. Bu gün turizm hər bir ölkənin inkişafında, onun dünyada ön mövqelərə çıxmasında da böyük rol oynayır:

“Adları çəkilən hər bir ölkə güclü turizm potensialına malikdir. Yəni, onların iqlimləri, təbii gözəllikləri, coğrafi relyefləri və başqa amillər turizmin inkişafı üçün böyük imkanlar, fürsətlər yaradır.

Bu gün dünyada elə ölkələr var ki, onlar yalnız turizm hesabına öz mövcudluqlarını təmin edə, öz inkişaflarını davam etdirə bilirlər. Elə qardaş Türkiyənin özünü götürək. Bu ölkədə, demək olar ki, neft-qaz ehtiyatları yoxdur, amma böyük turizm imkanları var.

Turqut Özalın dövründən bu ölkədə turizmin inkişafı və bununla da ölkənin bütövlükdə inkişafının təmin edilməsi istiqamətində böyük addımlar atıldı və artıq neçə illərdir ki, Türkiyə dövləti bunun bəhrələrini görür.

Türkiyə dünyada turizmin ən güclü inkişaf etdiyi ölkələrdən biridir. Eyni zamanda, son illər Azərbaycanda turizmin inkişafı istiqmətində ölçüyəgəlməz addımlar atılmaqdadır. Qanunvericilik səviyyəsində turizmin inkişafının təkmil hüquqi bazası formalaşdırılmaqdadır.

Bu istiqamətdə “Turizm haqqında” yeni qanunu göstərmək olar. Əvvəllki illərlə müqayisədə artıq Azərbaycanda xaricə gedənlərin deyil, Azərbaycana gələn turistlərin və Azərbaycan daxilində qalıb daxili turizmə üstünlük verənlərin sayı artmaqdadır.

Hesab edirəm ki, qardaş və dost Qazaxıstanın bu yöndəki təşəbbüsü gözəldir və hər bir türk dövləti tərəfindən dəstəklənməlidir”.

MM-in Azərbaycan-Qazaxıstan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun üzvü Sona Əliyeva Qazaxıstanın son çağırışını müsbət dəyərləndirib.

O bildirib ki, bu, reallıqdan və zərurətdən doğan bir çağırışdır. Artıq türk dövlətləri arasında vahid vizanın tətbiqi vacib və qaçılmazdır:

“Azərbaycan hər zaman qardaş və dost dövlətlər tərəfindən irəli sürülən belə təkliflərə açıq olub, onları dəstəkləyib və zamanında reallaşdırıb.

İnanıram ki, bu dəfə də belə olacaq, Qazaxıstanın bu yöndəki təklifi cavabsız qalmayacaq, onun gerçəkləşdirilməsi istiqamətdə lazımi addımlar atılacaq. Bu, günün, dövrün tələbidir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...