Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Doqquz rayonda dövlət büdcəsi hesabına əsassız ödənişlər aşkarlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti dövlət büdcəsindən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb. 

Maliyyə Nazirliyindən Mynews.az-a bildirilib ki, yoxlamalar çərçivəsində doqquz rayon (şəhər) icra hakimiyyəti başçılarının aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara ayrılan vəsaitlərin necə xərclənməsi monitorinq edilib. 

Nəzarət tədbirlərinin nəticəsi olaraq 3077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq, həmin məbləğin 1540,3 min manatının bərpası təmin edilib.

Normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Qeyd edək ki, büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilməklə, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib. 

Həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...