Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Rusiya bazarındakı məhsullarımız bahalaşıb

Rusiyada rubl yenidən ucuzlaşmağa başlayıb. 

Mynews.az xəbər verir ki, dolları/rubl mənəzənnəsi 68,01 rubl, avro isə 79,37 rubl təşkil edib. 

Bildirək ki, ötən gün avronun məzənnəsi 80,4 rubl, dolların isə 69,05 rubla qədər yüksəlmişdi. Bu 2016-cı ilin martından indiyədək olan ən yüksək göstərici idi.

 İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə, artıq 69 rubla yaxın vəsait tələb olunur.

Onun sözlərinə görə, Rusiya pulu “1 dollar - 70 rubl” psixoloji həddinə yaxınlaşmaqdadır:

“Son bir ayda rubl 11 faizə yaxın dəyər itirib. Enerji məhsullarının qiymətinin yüksək və eləcə də, Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq, rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir.

Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətində 115 milyard dollar müsbət saldo olub.

Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında Rusiyanın vəziyyəti pis hesab edilmir. Bunlara rəğmən, ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə, o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq”.

V.Bayramov deyir ki, rublun ucuzlaşması şimal qonşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib-çıxarıb.

Belə ki, əgər bir ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə, indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son bir ayda Rusiya bazarında 408 rubl bahalaşıb:

“Rubl dəyərsizləşməkdə davam edərsə, qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla, ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq, rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

Qeyd edək ki, Rusiya bazarı Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının əsas bazarıdır. Bu ölkəyə xüsusilə meyvə-tərəvəz ixrac edilir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...