Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Güzəştli mənzil sahibi: Bu ev qardaşıma toy hədiyyəsi oldu - VİDEO

Sentyabrın 5-də Mənzil İnşaatı Dövlət Agentliyinin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında güzəştli mənzillərin satışı həyata keçirildi. Bildirək ki, 9556 nəfər “Güzəştli mənzil” sistemində qeydiyyatdan keçərək elektron kabinetə sahib olmuşdu. Mənzil seçimində 4542 nəfər iştirak etdi. Satışa çıxarılan mənzillərin sayı isə 324 idi. 

Bu da bir mənzilə 14 nəfər müştəri deməkdir. Göründüyü kimi, seçimdə rəqabət həddən artıq yüksək olub. Lakin bütövlükdə, Yasamalda iki minə yaxın sosial mənzilin satışa çıxarılacağını nəzərdə alsaq, qeydiyyatda olanlar bəxtlərini növbəti dəfə sınaya biləcəklər. 

Onu da bildirək ki, mənzillərin seçimi elektron qaydada dövlət portalı vasitəsilə aparılır. Burada “Güzəştli mənzil” sistemində şəxsi elektron kabinet əldə etmiş hər bir vətəndaşa mənzili seçmək üçün zaman verilir. Yəni vətəndaş ev seçiminə daxil olubsa, 10 dəqiqə ərzində ikinci bir şəxs sistemə daxil ola bilmir. Mənzil seçənlər arasından bu prosesi 3 dəqiqəyə, hətta 44 dəqiqəyə qədər tamamlayanlar var. 

Seçimdə önəmli məqamlardan biri vətəndaşın kompüterdən istifadə imkanlarının normal səviyyədə olmasıdır. Bunu dövlət qulluqçusu olan atası Məmmədov Sultanın şəxsi kabinetindən mənzil seçməyi bacaranOrxan Məmmədli də deyir:

“Seçim şəffafdır. Sadəcə, bir az kompüterdən istifadə biliklərin olmalıdır ki, hər hansı düyməni bir neçə dəfə tıklamayasan. Prosesi səbrlə icra etmək lazımdır.

Sentyabrın 5-də artıq 14:30-dan kompüterin başında idim. Birinci dəfə iki otaqlı mənzil seçdim. Lakin artıq tutulmuşdu. Növbəti dəfə dördüncü binanın, dördüncü mərtəbəsində yerləşən üç otaqlı, 41 saylı mənzili seçdim.  Bu mənzil qardaşıma toy hədiyyəsi oldu. İllərdir iki otaqlı şəraitsiz evdə yaşayırıq. Artıq böyük qardaşımın evlənmək vaxtı çatmışdı. Evi olmadığından evlənə bilmirdi. Maddi şəraitimiz ona ev almağa imkan vermirdi”. 

O da məlum oldu ki,  Məmmədovlar ailəsi mayın 7-də keçirilən güzəştli mənzil seçimində də iştirak ediblər. 

Bildirək ki, güzəştli mənzil sistemində üç otaqlı mənzillərin qiyməti 65 626 manatdan başlayır. Ailə deyir ki, ipoteka krediti almaq üçün İpoteka və Kredit Zəmanət Fonduna müraciət edəcəklər:

“Kredit tarixçəmiz müsbətdir. Fonda müvəkkil banklardan güzəştli ipoteka krediti əldə edə biləcəyik. Ödənişlərdə də problem olmayacaq”.

Xatırladaq ki, mənzillər güzəştli ipoteka krediti vəsaiti hesabına alındıqda ödəniş proseduru aşağıdakı kimidir:

10 faiz ilkin ödəniş edərək 4 faiz dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka ilə alındıqda bir otaqlı mənzillər üçün aylıq ödəniş 129-136 manat, iki otaqlı mənzillər üçün aylıq ödəniş 203-236 manat, üç otaqlı mənzillər üçün aylıq ödəniş 282-288 manat təşkil edir.

 31 nəfər mənzilləri nağd alıb 

Qeyd edək ki, MİDA-nın elanında Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında mənzillərin satışının 5 dekabr 2018-ci il, saat 11:00-dək davam edəcəyi bildirilirdi. Bu, o deməkdir ki, mənzil seçimi edən vətəndaş İpoteka və Kredit Zəmanət Fonduna müvəkkil banklardan kredit əldə edə bilməsə, mənzilləri təkrar satışa çıxarılacaq. Məlumat üçün bildirək ki, 36 nəfər mənzili öz vəsaiti hesabına alıb. Yerdə qalan 288 nəfər güzəştli ipoteka krediti əldə etməlidir. 

Öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək mənzilə sahib olmaq istəyən vətəndaş üçün isə ödənişlər bir otaqlı mənzillər üzrə 26 min 932 manatdan, iki otaqlı mənzillər üzrə  42 min 554 manatdan, üç otaqlı mənzillər üzrə  59 min 63 manatdan başlayır.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10 faiz endirim əldə edəcək.

Mənzillərin qiymətləri 

Yasamal Yaşayış Kompleksinin 1, 2, 3, 4 və 5 saylı binalarında bir otaqlı mənzillərin qiyməti 29 925 manatdan, iki otaqlı mənzillərin qiyməti 47 282 manatdan, üç otaqlı mənzillərin qiyməti 65 626 manatdan başlayır. Satış qiymətinə ƏDV daxildir. Orta hesabla bir kvadratmetr mənzilin qiyməti 748 manatdır. Mənzillər təmirlidir və mətbəx mebeli ilə təmin ediliblər.

Otaqların kvadratmetrinə gəlincə, daxili perimet üzrə bir otaqlı mənzillərin sahəsi 31,50 – 33,01 kvadratmetr, iki otaqlı mənzillərin sahəsi  56,85 – 57,87, üç otaqlı mənzillərin sahəsi 69,80 – 70,46 kvadratmetrdir. 

Xarici perimetr üzrə bir otaqlı mənzillər təxminən 40 kv.metr, iki otaqlı mənzillər 70.44  kv.metrədək, üç otaqlı mənzillər isə 84,47 kv.metr təşkil edir. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...