Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Banklarda dollar niyə baha satılır? - Manatın taleyi ilə bağlı önəmli FAKT

Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın təyin etdiyi qiymətlər sabit qalsa da, Azərbaycanda bankların çoxu dolların alış qiymətini qaldırıb. 

Bu artım nə ilə əlaqəlidir və Azərbaycanda yaxın zamanda dolların qalxması gözlənilirmi?

Mynews.az xəbər verir ki, İqtisadçı-ekspert Elnur Quliyev azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib. Ekspert qeyd edib ki, banklarda dollar alışı üzrə qiymətlərdə artım bazarda tələb-təklif amilindən irəli gəlir:

"Son günlərdə ABŞ Federal Ehtiyat Sisteminin faiz uçot dərəcəsinin artırılması və sərt monetar siyasətə keçid ilə bağlı xəbərlər bütün dünyada dolların digər valyutalara nisbətdə məzənnəsinin artması ilə nəticələnib. Bu faktor təbii ki, ölkəmizdən də yan keçməyə bilməzdi. İdaxaldan asılı ölkə kimi dolların devalvasiya riskini gözə alaraq daxili bazarda dollara tələbin kəskin artması müşahidə olunur. Bu tələbə təsir edən əsas səbəblərdən biri də yaxın zamanda manatın devalvasiya edəcəyi ilə bağlı şaiələr idi. Hətta taksi sürücüləri belə bu barədə danışır. Belə davam etsə, sanki 2020-ci ilin mart ayındakı ssenari təkrarlana bilər. Lakin hesab edirəm ki, cari ildə devalvasiya üçün ciddi səbəb yoxdur. Nəzərə almaq lazımdır ki, manatın məzənnəsi üzən məzənnə rejimində deyil. Milli valyutanın məzənnəsini Mərkəzi Bank hökumətlə birgə təyin və təmin edir”.

E. Quliyevin sözlərinə görə, dünya neft bazarındakı qiymətlər və Mərkəzi Bankın maliyyə göstəriciləri yaxın gələcəkdə devalvasiya ehtimalını azaldır:

"Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanın əsas ixrac resursu olan neftin və qazın qiymətləri yüksələn istiqamətdədir və burada ciddi risk ehtimalı yoxdur. Dünya neft bazarındakı qiymətlər və Mərkəzi Bankın maliyyə göstəriciləri yaxın gələcəkdə devalvasiya ehtimalını azaldır. Hesab edirəm ki, hökumət 2022-ci ildə də makroiqtisadi sabitliyin qorunması məqsədi ilə fiskal və monetar siyasətlərin optimal əlaqələndirilməsi ilə manatın dollara qarşı məzənnəsinin 1,7 səviyyəsində olmasını dəstəkləyəcək”.

Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində bildirib ki, manata inam böyük dərəcədə artıb:

"Uzun illərdir manatın məzənnəsi sabitdir. Ölkə əhalisi bundan faydalanır. Manata inam böyük dərəcədə artıb. 

Manat depozitlərinin həcmi artır. Ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. İnvestorlar üçün də bunun çox böyük faydası var”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...