Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Hacı Beyləqanski ittihamlara cavab verdi

Rusiyanın primecrime.ru saytında azərbaycanlı “qanuni oğrular” barədə məqalə dərc olunub. Məqalədə mərhum Rövşən Lənkəranskinin ölümündən sonra kriminal aləmdə baş verənlər, onun yaxın tərəfdaşlarının düşmənləri ilə münasibətlərinə toxunulur. 

Mynews.az-ın sfera.az-a istinadən verdiyi xəbərinə görə, sayt qeyd edir ki, oğru dünyasında nüfuzlu şəxslərdən olan Hacı Beyləqanski guya Rövşən Lənkəranski ilə dostluğa sadiq olmayıb, onun ölümündə adı hallandırılan şəxslərlə yaxınlaşıb, hətta qarşı tərəfdən bahalı hədiyyə qəbul edib. 

Bu məqalə dərc olunduqdan sonra bəzi Azərbaycan saytları məsələnin mahiyyətinə varmadan onu birtərəfli işıqlandırmış, tirajlanan xəbərlərdə adı hallanan Hacı Beyləqanskinin mövqeyini öyrənməmişdilər. 

Qeyd olunanlarla əlaqədar Hacı Beyləqanskinin İstanbulda yaşayan və adının çəkilməsini istəməyən yaxını sfera.az saytına müraciət edib. O, yazılan məlumatları təkzib edib və tam absurd olduğunu bildirib:

“Əslən çeçen olan iş adamı Həmzət Qastamirov (Şeyx Həmzət) “qanuni oğru” adı almaq uğrunda səy göstərir. İş adamı olmağına baxmayaraq, oğru dünyasının çətiri altına düşmək istəyən Həmzət arzusuna çatmaq üçün yaxın ətrafı ilə birlikdə fəaliyyətə başlayıb. Bu məqsədlə hamıya şər və böhtan atır, kriminal aləmdə olan şəxsləri bir-birinə qarşı qoyur. Rusiya saytındakı böhtan dolu yazını da öz polis əlaltıları vasitəsilə yazdırıb. Qastamirov həmişə özü ətrafında elə mühit yaradır ki, guya onu sıxırlar və ya ona qarşı sui-qəsd təşkil olunur. Əslində isə o adam kriminal aləmdə hörmətə malik olan Hacı Beyləqanski kimi insanlardan istifadə etməklə özünü reklam edir.

Hacı Beyləqanski rəhmətlik Rövşən Lənkəranski ilə dost olub. Beləqanski bu gün də Rövşənin əziz xatirəsini ehtiramla anır və öz yolundan dönməyib. Məqalədə adıçəkilən digər şəxs – Valter Djedjeya da Beyləqanski ilə dostdur. Görünür, bu yaxınlıq kimlərisə ciddi narahat edir ki, belə təxribat dolu xəbərlər yayırlar. Azərbaycanımızın mərd oğullarına, xaricdə diasporumuza dəstək olanlara qara yaxmaq ilə məşğuldurlar. 

Lənkəranski rəhmətə gedəndən sonra Beyləqanskinin başqalarından hədiyyələr qəbul etməsi tamamilə yalandır. Əslində, haqqında danışılan avtomobili Beyləqanskiyə R.Lənkəranskinin qardaşı bağışlayıb. Beyləqanskiyə qara yaxmaq üçün onun başqa bir azərbaycanlı “qanuni oğru” - Quludan hədiyyə götürüldüyü yazılır. Bu da yalandır. Qeyd etdiyim kimi, onun idarə etdiyi avtomobil Lənkəranskiyə məxsusdur. Beyləqanskinin Qulu ilə barışaraq yaxınlaşması haqqında səsləndirilən fikirlər də həqiqəti əks etdirmir. O, yenə də Lənkəranskinin yolunu davam etdirir və ona xəyanət etməyib. 

Qeyd olunanları nəzərə alaraq, bu fikrə gəlmək olar - Rusiya saytında dərc olunan məqalədə Beyləqanskinin xəyanətkar kimi göstərməyə çalışırlar. Açıq-aydın görünür ki, məqalə sifarişlə yazılıb”, – deyə Hacı Beyləqanskinin yaxını qeyd edir.

O, həmçinin Azərbaycan mediasında yayılan xəbərlərə də münasibət bildirdi. Hacı Beyləqanskinin yaxını qeyd etdi ki, “Azərbaycan mediasında yayılan məlumatlar birtərəfli işıqlandırılıb və bir çox hallarda həqiqəti əks etdirmir. Yuxarıda da qeyd etdiyim kimi, Beyləqanski rəhmətlik Lənkəranskinin sadiq dostudur və özü də ölənə qədər sadiq dostu olaraq qalacaqdır”, - deyə Hacı Beyləqanskinin yaxını fikrini tamamlayır. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...