Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ana altı yaşlı qızını öldürən sevgilisiylə yatağa girdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATI

Ögey qızını divara çırpa-çırpa öldürməkdə təqsirləndirilən Ağsu rayon sakini, 1982-ci il təvəllüdlü Elnar Hacıyevin cinayət işi üzrə məhkəmə başlayıb. 

Mynews.az--ın lent.az-a istinadən verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən Elnar Hacıyevin 10 yaşlı qızı H.H. şahid qismində dindirilib. Məhkəmədə onun qanuni nümayəndəsi - anası Bülbül Hacıyeva da  iştirak edib.

Dindirilən H.H. bildirib ki, ölən qız anası ilə onlarda qalıb: “Atam dedi, ləyəndə su gətir, ayaqlarımı yuyum. Mən gətirdim, atam ayaqlarını yudu. Sonra ləyəni Ramiləyə tapşırdı ki, aparsın. Onun gücü çatmadı, suyu yerə tökdü. Atam qızı döydü. Yerə yıxdı, şillə-təpik vurdu. Mən də oturub pəncərədən baxırdım. Atam Ramilənin başını divara çırpdı, o, özündən getdi. Başını soyuq su ilə yudu. Lakin ayılmadı. Təcili yardım çağırdı, dərman aldı. Balaca dərman idi, içirdi. Pampıqla burnuna nəsə iylətdi. Boynuna, boğazına su vurdu, lakin Ramilə ayılmadı”.

10 yaşlı qızcığaz ifadəsində qeyd edib ki, hadisədən sonra atası ona boyunbağı verib: “Qızın ayılmadığını gördü. Siqaret çəkdi, mənə  boyunbağı verdi. Dedi, məni tutsalar, yadigar saxla. Mən sonra yatdım. Atam nənəmi çağırmışdı. Nənəm gəldi. Mənə dedilər ki, kim səndən soruşsa, deyərsən, yıxılıb belə olub. Nənəm qızın meyitini yudurtmağa apardı”. 

Hadisənin yeganə şahidi olan azyaşlı bildirib ki, atası həmişə Ramiləni döyüb: “Ramiləni atam da döyürdü, anası Samirə də. Ramilə pis qız deyildi. Heç nəyin üstündə döyülürdü. Atam əsəbiləşib onu yağışın altında qoyurdu. Nənəm də o öləndən sonra Samirəyə demişdi ki, sakit dur, səsin çıxmasın. Nənəm hətta ona demişdi ki, heç kimə heç nə deməsə, onu atama alacaq və toy edəcək. Samirə də onunla razılaşmışdı”.

Təqsirləndirilən şəxs Elnar Hacıyev isə qızının dediklərinin həqiqət olmadığını, anası tərəfindən öyrədildiyini iddia edib. 

Prosesdə daha sonda şahid qismində H.H.-nın anası Bülbül Hacıyeva dindirilib. O, qızını atasının əleyhinə ifadə verməyə öyrətmədiyini bildirib. Elnarla 2014-cü ilə boşandığını, birgə nikahdan olan bir qızı ilə bir oğlunun məhkəmə qərarı ilə onda qaldığını, Elnarın uşaqlara aliment vermədiyini açıqlayıb: “Uşaqlara anam baxırdı. Onlar Ucarda qalırdı, mən də Bakıda işləyirdim. Qayınanam bir dəfə zəng eləyib xahiş etdi ki, uşaqları ona göstərim. Anam da dedi, yaxşı deyil. Uşaqların hər ikisini Bakıya, qayınanamgilə göndərdim. 1 həftədən sonra qızım gəlmək istəmədi. Oğlum isə qayıtdı. Qızım atası ilə qalmaq istədi. Razılaşdım”. 

Bülbül Hacıyeva qeyd edib ki, hadisədən internet vasitəsilə xəbər tutub: “İnternetdə yanlışlıqla mənim qızımın şəklini qoymuşdular. Zəng elədim qayınanama, dedi, narahat olma, qızın yaxşıdı. Dedim, hardadısa, götürərəm. Getdim, götürdüm. Uşaq donmuşdu. Bir neçə gün heç nə danışmadı. Sonra onu rayona göndərdim. İlk əvvəl bizə demişdi ki, qız pilləkəndən yıxılıb. Düzdür, mən uzun müddət orda qalmışam. Həmin pilləkən sürüşkən olurdu. Sonradan qızım anama deyib ki, Ramiləni atası öldürüb. Gətirdim rayondan, istintaqa yenidən ifadə verdi”.

Ölən 6 yaşlı Ramilənin anası Samirə Yarıyeva hazırda həbsdədir. Ona qarşı CM-nin 133-cü (işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, Samirə mütəmadi olaraq, uşağını döyüb, meyitin üzərində aşkarlanmış xəsarətlərin bir neçəsini də hadisədən əvvəl öz anası yetirib.

Samirə Yarıyeva da təcridxanadan gətirilərək məhkəmədə dindirilib. Həbsdə olan qadın bildirib ki, hadisə günü Elnar  zəng edərək onu təcili evə çağırıb: “Evə gəldim, Elnarın anası da evdəydi. Dedilər, Ramilə pilləkəndən yıxılıb ölüb. Özümə gələ bilmədim. Elnarın anası uşağı yumağa apardı. Sonra qızımın meyitini basdırmaq üçün Ağsuya göndərdim. Qardaşım orada dedi ki, qızın üstündən sanki maşın keçib. Mən də 102-yə zəng edib qızımın avtomobillə vurulduğunu dedim”.

Prokuror bildirib ki, istintaq ifadələrinə görə, uşağın meyitini Elnar Hacıyevin anası yumağa aparanda onlar hər ikisi evdə qalıblar. Hər ikisinin ifadəsində də var ki, onlar qalıb intim münasibətdə olublar. Samirə Yarıyeva bunu inkar etsə də, təqsirləndirilən Elnar Hacıyev   təsdiqləyib.

Prokurorun suallarını cavablandıran Samirə Yarıyeva heç vaxt qızını döymədiyini, əzab vermədiyini deyib. Bu zaman Samirə Yarıyeva özündən gedib. Məhkəmədə müəyyən fasilə yaranıb. 

Məhkəmə prosesi iyunun 23-də davam edəcək.  

Elnar Hacıyev Cinayət Məcəlləsinin 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə, ölümə səbəb olduqda) və 127-ci (qəsdən sağlamlığa yüngül xəsarət vurma) maddəsi ilə ittiham edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...