Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əməliyyatdan sonra ölən 22 yaşlı Leylanın ailəsi - "Dedilər ki, həkimin psixologiyası pozulub, gizlənib" FOTOREPORTAJ

"Zəfəran Hospital"da iranlı həkim Siruz Qoçxaninin liposaksiya (piy sovurma) əməliyyatına girdikdən sonra ölən 22 yaşlı model Leyla Oruclu haqqında xəbərlər bir neçə gündür ki, ölkə gündəminin əsas xəbər başlığına çevrilib. 

Mynews.az xəbər verir ki, azxeber.com-un əməkdaşları Leyla Oruclunun yas mərasimində iştirak edərək onun ailə üzvləri ilə daha yaxından danışmaq və baş verən faciəvi hadisənin təfərrüatlarını öyrənmək imkanına sahib olublar. 22 yaşlı qızın anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxanın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Siruz Qoçxaninin ortalıqda olmadığını bildirib:

"Mən onlara əməliyyatı həyata keçirən həkimin harada olduğunu soruşdum. Mənə dedilər ki, guya onun psixologiyası pozulub. O gündən sonra heç bir əməliyyata girməyib. Gedib hansısa bir rayonda ağacın altında oturub və ordada gizlənib. Guya ki, peşimandır. Amma sonra açıqlamasını oxudum. Açıqlamasında deyib ki, mən öz işimin başındayam". 

Danışdıqca qəhərlənən Sevinc Oruclu qızının ölümü ilə bağlı yalnış informasiyaların verildiyini deyir. O, xəstəxananın iddia etdiyi kimi qızının vəziyyətinin əməliyyatdan bir neçə gün sonra yox, elə əməliyyat axşamı pisləşdiyini əlavə edib:

"Leyla iyunun 23-də əməliyyat olunub. Xəstəxanadan isə açıqlama veriblər ki, guya o 22-si əməliyyata girib. Bu doğru deyil. Kameralarda hər şey lentə alınıb. Həmin gün saat 6-da əməliyyatdan çıxıb. Qızımı sonra palataya köçürüblər. Palatada Leyla kimi əməliyyatdan çıxan qızlar olub. Onlar da deyirlər ki, Leyla palataya daxil olan kimi onun vəziyyətinin ağır olduğu üzündən görünürdü. Həkimlər 5 dəqiqə sonra Leylanı reanimasiyaya aparıblar. Həmin gün biz gec xəbər tutduq. Reanimasiyaya gəldiyimiz zaman qızımın ölü kimi yatdığını gördüm. Ayın 25-də onu xəstəxanadan götürmüşük. Bədəninin aşağı hissəsi tamamilə hərəkətsiz idi. İlk dəfə yanına girən kimi "qızım məni eşidirsən?" deyə səsləndim. Yalnız qaşlarını tərpədə bildi. 25 iyun saat 11-12 radələrində də dünyasını dəyişdi".

S.Oruclu Leylanın əməliyyatından sonra ona çoxlu sayda qan köçürüldüyünü, hətda xəstəxananın qan əldə etmək üçün göndərdiyi təəcili tibbi yardım maşınının həmin gün qəzaya uğradığını da deyir:

"Xəstəxanaya ilk dəfə daxil olan kimi hamı mənə təəcüblə baxırdı. Həmin gün xəstəxanada çox adamdan qan alıblar. Həkimlərdən belə. Hətda klinikanın qan dalınca gedən təəcili tibbi yardım maşını da qəzaya düşmüşdü. Bilirsiz, Leyla çox qorxaq bir insan idi. O elə bilib ki, bu əməliyyat dırnaq qaynağı kimi bir şeydir. Hətda rəfiqəsinə də mesaj yazıb ki, əməliyyatdan sonra görüşüb bulvara gedərik. Filmə baxıb evə dönərik. Düşünüb ki, gəlib yorğun olacağını deyib keçib otağında yatacaq. Ona əgər bu əməliyyatın 1 faiz belə ölüm riski olduğunu desəydilər o heç vaxt əməliyyat olunmazdı. Həm də o Mübariz həkimin yanında olub. Mən qanla bağlı elan verəndə Mübariz həkim mənə yığdı və "axı o qıza əməliyyat olmaz demişdim" dedi. Leylanın 50 kq çəkisi var idi. Mübariz həkim də onun heç bir əməliyyata ehtiyyacı olmadığını, sadəcə psixoloji olaraq başa salınmalı olduğunu dedi. Bu klinika da Mübariz həkimin analizləri ilə əməliyyatı edib. Ancaq analizlərdən də görünür ki, bu adamı əməliyyat etmək olmaz". 

Ananın sözlərinə görə ona əməliyyatla bağlı heç bir qəbz və ya müqavilə verilməyib. Sadəcə həmin gün onlara əməliyyat zamanı xərclənən pul geri qaytarılıb:

"Yenə deyirəm ortada qəbz də yoxdur. Gətirib əməliyyat üçün Leylanın verdiyi 2 min manatı geri qaytardılar. Yaxşı əgər əməliyyat etmisinizsə niyə bu adama analiz verdirməmisiniz? Niyə onu başqa həkimin analizləri ilə əməliyyat etmisiniz? Axı bu analizlərdən də görünür ki, onun əməliyyatlıq bir durumu yoxdur. Ona bunu başa salmağın yerinə pula görə niyə onu bıçaq altına salmısınız? Niyə onun ailəsinə xəbər verməmisiniz? Bax bütün bu suallar cavabsız qalan suallardır". 

Danışdıqca qəhərlənən ana sözlərini yarımçıq qoyur: "Leyla mənim ağlamağımı heç vaxt istəmirdi. Özü gözəllik heyranı idi. Qızım istəyirdi ki, mən də hər zaman baxımlı olum. O məni bu halda görsə dözə bilməz".

Leyla Oruclunun babası Vilayət Muxtarov əməkdaşımızla söhbətində baş verənlərin ciddi araşdırılmağa ehtiyyacı olduğunu deyir:

"Əvvala başa düşmək lazımdır ki, Leyla xəstə yox ilk növbədə pasiyent olub. Xəstə odur ki, problemin var və sən bu problemini aradan qaldırmalısan. Leyla həkimə müraciət edəndə ona başa salınmalı idi ki, bu əməliyyatın riski nədir. Bu çox önəmli faktordur. Cərrah ona hər şeyi başa salmalı idi. Siruz Qoçqani özü açıqlamasında deyir ki, əməliyyatın 3-4%-lik ölüm riski var. Deməli burada təhlükəli bir vəziyyət var. Bunu isə xəstənin özünə demək olmaz. Yalnız onun yaxınlarına bu barədə məlumat vermək lazımdır. Deməli onlar əməliyyata girən xəstənin yaxınlarına ilk növbədə məlumat verib onlara bu riskləri deməliydilər. Baxın, mən sizə əminliklə deyirəm. Əgər bir nəfər o qıza bu əməliyyatda 1 faiz belə ölüm riski var desəydi, o qız bu əməliyyata girməyəcəkdi. Çünki o iynədən belə qorxan uşaq idi. Sadəcə zənn edib ki, bu əməliyyatdan yarım saat sonra durub gəzəcək. Çünki ona belə deyiblər. Burada həkim insan sağlamlığını yox, pulu fikirləşib. Həkim özü deyir ki, mənə təkidlə əməliyyat olunmaq istədiyini dedi. Axı, bu uşağı heç bir həkim əməliyyat etməyib, çünki ortada əməliyyatlıq bir şey yoxdur. Siz 50 kiloluq bir adamın harasından piy çəkə bilərsiniz? Bu həkim isə pula görə əməliyyatı qəbul edib. Nəticədə ortadadır".

V.Muxtarov xəstəxananın da əməliyyat zamanı hazırlıqsız olduğunu və bunun da Leylanın ölümündə önəmli rol oynadığını əlavə edib:

"Deməli bunlar əməliyyat zamanı onun qarın boşluğundan iynə ilə piy çəkməyə başlayıblar. Ortada piy olmadığı üçün qarın boşluğunda və bir çox bölgələrdə damarlar deşilməyə başlayıb. Qan sistemi tamamilə pozulub. Böyrəkdə fəsaslar yaranmağa başlayıb. Bədəndə qanın laxtalanma prosesi dayanıb. Nəticədə qan köçürməyə başlayıblar. Yeni qan da bədənə daxil olan zaman böyrəklər onu qəbul etməyib. Nəticədə böyrəklərin fəaliyyəti dayanıb. Hətda bunlar qan almaq üçün təəcili yardım maşını da göndəriblər. O da gedib qəzaya düşüb". 

Leylanın babasının sözlərinə görə əməliyyat zamanı həkim səriştəsizliyi, əməliyyatın düzgün aparılmaması və əməliyyata girən şəxsin yaxınlarına məlumatın verilməməsi gənc bir qızın ölümünə səbəb olub. 

Ailə yas mərasimi bitdikdən sonra hadisə ilə bağlı bir çox instansiyalara müraciət edəcəklərini və davamlı şəkildə işin arxasınca gedəcəklərini deyiblər. 







Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...