Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Nazir qardaşına qarşı dələduzluqda ittiham edilən Samir: Mənə iş versin, borcu qaytarım - YENİLƏNİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Əlikram Camalovaqarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mynews.az-ın məlumatına görə, təqsirləndirilən şəxs ifadəsində Ə.Camalovla necə tanış olması və pulu necə alması barədə ətraflı məlumat verib.

"Əlikram Camalovla müştəri kimi tanış olmuşam. Mağazama tez-tez gəlirdi. Malla ona münasib qiymətə satırdım və beləcə münasibətimiz yarandı. Yanımda dəfələrlə biznes üçün bir çoxlarına borc pul verdiyini deyirdi. Mən də onun bu sözündən ürəklənib borc istədim. Mənə 2015-ci ilin noyabrın 3-də borca 18 min manat verdi. Razılaşdıq ki, əvəzində hər ay bu pulun 10 faizini verməliyəm. Bir dəfə 5000 manat, daha sonra isə 1 500 dollar vermişəm. Dollar qalxdığı üçün alverim yaxşı getmədi və faizi vaxtlı-vaxtında ödəyə bilmədim. Mən pulu alanda dollar 78 manat idi. Çətinliklərim bu üzdən oldu. 2016-cı ilin avqustunda mağazamı bağladım. Sonra sentyabr ayında atam rəhmətə getdi. Atamın cüməsində bir də gördüm ki, polis məni çağırır. Yasda olduğuma baxmayaraq məni polis şöbəsinə apardılar. Bu zaman bildim ki, Əlikram bəy məndən şikayət edib".

S.Nəbiyev ifadəsində bildirdi ki, borcu qaytarmaq üçün Əlikram Camalova alternativ yollar təklif etsə də, o razılaşmayıb: "Borclu olduğum məbləğin qarşılığında mağazamdakı mallardan götürməsini təklif etdim, razılaşmadı. Əksinə, vəziyyətimin ağır olduğunu bildiyi halda borcumu dollara çevirdiyini dedi. Hazırda pulu qaytarmaq imkanım yoxdur. İki uşağım var, biri 9-cu, o biri 3-cü sinidə oxuyur. İndi cibimdə 50 manat pulum var. Biznesim də çöküb. Mənə şərait yaratsın, iş versin, borcu ödəməyə razıyam".  

Əlikram Camalovun vəkili onun bu fikirlərinə etiraz edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs ifadəsində pulu ona faizlə verdiyini deyib.

S.Nəbiyev son olaraq belə dedi: "Nazir qardaşıdır, özünün də imkanı yaxşıdır. İstəsə o pulu bağışlaya bilər". 

Hakim onun bu sözlərinə etiraz etdi: "Burada bu məsələyə aidiyyatı olmayan şəxslərin adının hallanmasını etiraz edirik. Bir də təkrarlanmasın!"

S.Nəbiyevin vəkili hakimə etiraz edərək müvəkkilinə çıxışında azadlıq verməsini tələb etdi.

Hakim məhkəmə istintaqının başa çatdığını elan etdi. S.Nəbiyevin vəkili Ceyhun Yusifov hakimin bu qərarı ilə razılaşmadığıını, Əlikram Camalovun yenidən ifadə vermək üçün məhkəməyə gəlməsini tələb etdi. Hakim onun bu tələbini təmin etmədi.

Növbəti məhkəmə prosesi 26 iyul tarixinə təyin edildi.

Qeyd edək ki, Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır.

12:12

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı Əlikram Camalova qarşı dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Samir Nəbiyev ifadəsində Əlikram Camalova borclu olduğunu boynuna alıb. O bildirib ki, borcunu qaytarması üçün ona şərait yaradılsın, işləyib borcunu qaytarsın.

Onun vəkili Ceyhun Yusifov Əlikram Camalovun yenidən məhkəməyə gələməsini tələb edib. Onun tələbi qəbul olunub.

Məhkəmə prosesi iyulun 26-a təxirə salınıb.

Qeyd edək ki, Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşıdır. S.Nəbiyev Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. O, Ə. Camalovdan icarəyə götürüb işlətdiyi mağazaya yatırım etməsini, əvəzində qazancın yarısını nazir qardaşına verəcəyini vəd edib. Ə. Camalov onunla razılaşıb və ona 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat pul verib. Qarşı tərəf vəsaiti mənimsəyərək pulu qaytarmayıb.

Oxu.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...