Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Ata qatili ağlaya-ağlaya son söz dedi - "İt kimi peşmanam..."

Atasını xüsusi amansızlıqla qətlə yetirməkdə və anasını bıçaqlamaqda təqsirli bilinən 30 yaşlı Emil Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. 

Mynews.az  lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkənəsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında Emil Sadıqovun 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Ülkər Bayramova çıxış edərək, onun əməlindən peşman olduğunu nəzərə alaraq, yüngül cəza verilməsini istəyib.

Emil Sadıqov son sözündə atasını öldürmək istəmədiyini deyib: "Kim istəyər, atasını öldürsün. O, bizə ata olmayıb, həmişə bizə əziyyət verib. İndi də gecələr yuxularıma girir, halallıq istəyir. İt kimi peşmanam".

Təqsirləndirilən şəxs son sözündə göz yaşlarını saxlaya bilməyib.

Hakimlər kollegiyasının hökmünə əsasən, Emil Sadıqov 18 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən məhkəmədə sərbəst ifadə verən E. Sadıqov əvvəllər də məhkumluq həyatı yaşadığını deyib: “Atamın da çox günahı olub. Nə uşaqlığımı bilmişəm, nə də gəncliyimi. Atam bizi daima incidib, heç nədən evdə dava-dalaş salıb. Dəfələrlə ona yalvarırdıq ki, bizi incitməsin. Çox əziyyət çəkmişik. 13 yaşına kimi döyülə-döyülə, söyülə-söyülə böyümüşəm. Mənim taylarım məktəbə gedib, günlərini keçirib, amma mən məktəbə getmək, təhsil almaq əvəzinə fəhləlik etmişəm. Fəhləliklə qazandığım pullarla anamı, qardaşımı, bacımı dolandırmışam. Atam məni tez-tez evdən qovurdu. Həmin ərəfədə özümə avtomobil almışdım, taksi kimi istifadə edirdim. Məcbur qalaraq həmin avtomobildə yatırdım. Küçələrdə qalmışdım”.

Təqsirləndirilən şəxs bildirib ki, 28 yaşına kimi oğurluq etməyib: “Heç elə bir fikrim də olmayıb. Məcbur qalmışam. Oğurluq edən günü gecəni səhərə kimi yatmadım. Peşman olmuşdum. Səhərə qədər yata bilmədim. Səhər açılan kimi oğurluq etdiyimiz yerin sahibinə yaxınlaşdım. Amma ev sahibi məndən polisə şikayət etdi. Buna görə də həbs olundum. Həbsxana həyatım da çox ağır keçib. İçəri düşəndən sonra atam evdəkiləri daha çox incitməyə başladı. Anam da, qardaşım da, bacım da mənimlə danışanda ağlayırdılar, atamın onlara qarşı etdiyi hərəkətlərdən danışırdılar”.

E.Sadıqov qeyd edib ki, həbsdən çıxandan sonra atasına bu cür hərəkətlərə son qoymasını deyib: “Lakin o, yenə dəyişmədi. Sonradan evdəkilərin hamısı atamı tərk elədi. Çıxıb getdilər. Atama baxmağa başladım. Dolana bilmirdi. Həmin ərəfədə mənim işim yaxşı gətirmişdi, əlimdə pulum var idi. Atama avtomobil aldım ki, taksi şoferliyi edib, dolansın. 30 yaşım var idi, evlənmək istəyirdim. Atama dedim, gəl evi sataq, əlimizdəki pulla iki ev alaq. Birində qardaşımla anam, digərində atamla mən yaşayaq. Amma o, bununla razılaşmadı. Atam anamı öldürdəcəyini, bunun üçün narkoman killer tutacağını, anamı öldürmək üçün narkomana 1000 manat verəcəyini deyirdi. Atamı öldürməyi, o öləndən sonra anamın, qardaşımın, bacımın rahat yaşayacağını düşündüm. 20 il həbsdə yatmaq fikrim olmayıb. Mən də bir insanam. Həmişə atama deyirdim ki, yola gəl, evdəkiləri yola ver”.

Emin Sadıqov atasının əxlaqsız insan olduğunu, qonşuluqda qız-gəlinlərə söz atan biri olduğunu söyləyib: “Atam kimə gəldi söz atırdı, arvad kimi qeybət edirdi. Sonuncu dəfə atama yenə də xəbərdarlıq etdim. Amma o, xəbərdarlıqlarıma məhəl qoymadı. Buna görə də ona bıçaqla 5 zərbə vurdum. Atamı öldürəndən sonra dükana getdim. Bir butulka su alaraq içdim. Daha sonra intihar etmək fikrinə düşdüm. Buna görə də santexnik materialları mağazasından ip alıb, Hövsanda dəniz kənarına getdim. Orada özümü asdım. Amma ip sürüşkən idi deyə, alınmadı. İkinci dəfə özümü asmağa cəhd etdim. Bu zaman da ip qırıldı, yerə yıxıldım. Bu zaman 36-cı polis bölməsindən Elməddin adlı polis işçisi mənə zəng edib, təslim olmağımı istədi. Ona dedim ki, şokdayam, özümə gələndə təslim olacam. Bir qədər dəniz qırağında dayandım. Sonra polis bölməsinə gedib təslim oldum”.

İstintaqla müəyyən edilib ki, E.Sadıqov keçən il mart ayında atası, 55 yaşlı Sadiq Sadıqovu bıçaqlayaraq öldürüb. Hadisə zamanı ona mane olmaq istəyən anası, 50 yaşlı Yasəmən Sadıqovaya da bıçaq xəsarətləri yetirib.

Əvvəllər cinayət törətdiyinə görə həbs olunan E.Sadıqov hadisədən altı ay əvvəl azadlığa buraxılıb. O, banka olan borclarını ödəmək üçün atasının evini satmaq istəyib. Ailə başçısının etirazı oğul-ata arasında münaqişəyə səbəb olub. Emil atasına çoxsaylı bıçaq zərbələri endirib.

Törətdiyi cinayət əməlinə görə E.Sadıqova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...