Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir

Azərbaycanda oğurluğa görə cəza sərtləşdirilir.

Mynews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı layihə Milli Məclisə daxil olub.

Belə ki, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsinə yeni bənd – 177.4 əlavə edilir.

Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə, 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırkı qanunvericiliyə görə oğurluğa görə ən ağır cəza 12 ildir.

Bundan başqa, 177.1 maddəsinin sanksiyasında da dəyişiklik edilir, cərimə ləğv olunur, “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilir. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.

Hazırkı qanunvericilikdə isə sanksiya belədir: “1000 manatdan 2 min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

177.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Hazırkı qanunvericiliyə görə, eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə, zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə, 4 min manatdan 7 min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla, 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə görə isə, sanksiya belədir: “1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. 

177.3 maddəsinin sanksiyası da yüngülləşdirilir.

Bu əməllər mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə, 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Maddənin qeyd hissəsi də dəyişdirilir. Belə ki, “Xeyli miqdar” dedikdə 5 min manatdan yuxarı, lakin 50 min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, 50 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ, “xüsusi külli miqdar” dedikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.

Hazırkı qanunvericiliyə görə isə belədir: “Xeyli miqdar” dedikdə, üç min manatdan yuxarı, lakin on min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə, on min manatdan artıq olan mәblәğ başa düşülür.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...