Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Arvadının başını kəsən şəxs: "Qardaşımla intim münasibətləri..." - ŞOK TƏFƏRRÜAT

Arvadının başını kəsərək qətlə yetirməkdə təqsirli bilinən  Quba rayon sakini Murad Ələsgərovun cinayət işi  Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Lent.az-ın məlumatına görə, bu ilin mayında Qubanın Güləzi kəndində Murad Ələsgərov evində həyat yoldaşı Ulduz Ələsgərovaya 5 dəfə balta ilə zərbə endirib. Qısqanc ər daha sonra arvadının başını kəsib. Murad Ələsgərov könüllü olaraq Quba rayon polis şöbəsinə gələrək istintaqa təslim olub.

Murad Ələsgərov həyat yoldaşının ögey qardaşı Şeyda Ələsgərovla aralarında intim münasibətləri olmasından şübhələndiyini deyib.

Murad Ələsgərov ittiham üzrə özünü qismən təqsirli bilib:

“Ulduzla 2009-cu ildə ailə qurmuşuq. 3 övladımız var. Evləndiyimiz gündən bəri heç bir problemimiz olmayıb. Təxminən 1 il bundan qabaq Rusiyada yaşayan ögey qardaşım Şeyda deportasiya olunub rayona qayıtdı və bizimlə birgə yaşamağa başladı. Şeyda bizimlə qalandan sonra onunla münasibətim pis idi. Bir də qayınatamın ünvanına ağır söz işlətdiyi üçün onunla dalaşmışam. Birlikdə yaşadığımız müddətdən sonra həyat yoldaşımın Şeyda ilə isti münasibətlərini sezdim, aralarında intim münasibətin olmasından şübhələndim. Başladım onları izləməyə. Onlar bunu başa düşüb, nəzərə çarpan hərəkətlər etmirdilər. Hadisədən üç-dörd gün əvvəl onları güdmək məqsədilə küçəyə getmək görüntüsü yaradaraq evin arxasındakı samanlıqda gizləndim. Şeyda Ulduza nəsə dedi, amma eşitmədim, dəqiq nə dediyini bilmədim. Bundan sonra qapı açıldı, Şeyda həyətə çıxdı, təxminən on dəqiqə sonra Ulduz da həyətə çıxdı. Samanlığın nəfəsliyindən baxanda Ulduzun tövlənin arxasına tərəf getdiyini gördüm. Şeydanın harada olduğunu öyrənmək məqsədilə gizləndiyim yerdən çıxıb tövlənin qabağına sarı getdim. Şeyda çəpərin yaxınlığında məni görüb birtəhər oldu, geri dönüb küçəyə tərəf getdi. Sonra bir gün günorta işləmək adıyla evdən çıxdım. Şeyda da arxamca küçəyə qədər gəldi. Şeyda görməsin deyə dağa sarı gedib başqa yoldan fırlanıb qonşunun bağına keçib ağaca çıxdım və həyətimizə baxdım. Nə Şeydanı, nə Ulduzu eyvanda görmədim. Ağacdan düşüb qaça-qaça samanlığa gəlib baxdım. Orda olmasalar da, qapı açıq idi. Evə gələndə gördüm Şeyda balkonda dayanıb, Ulduz isə taxtın üstündə halsız uzanıb”.

M.Ələsgərov ifadəsində qeyd edib ki, axşam saatlarında tövlənin üstündə gizlənərək qardaşı ilə arvadını güdüb: ”Bir qədər sonra Şeyda gəlib tövlənin qabağında dayandı. Ulduz tövlədən çıxıb toyuq hininin qapısını bağladı. Şeyda hinin qabağından aşağıya düşərkən Ulduza “gəl bura” dedi. Amma Ulduz tövlədən süd vedrəsini götürüb evə keçdi. Evə gəlib Ulduzdan Şeydanın ona nə dediyini soruşdum. Ulduz “eşitmədim” deyə cavab verdi. Aramızda mübahisə düşdü.  Dedim ki, sabah Quran gətirəcəyəm, özünü yığışdır, səni boğub öldürərəm”

Arvadını qardaşına qısqanan M.Ələsgərov Ulduzu öldürmək qərarına gəlib. O, sübh tezdən tövlədə inək sağan arvadına yaxınlaşaraq baltayla onu vurub. 6 yaşlı Aybəniz ata-anasının dalaşdıqlarını görüncə evə doğru qaçıb. Ulduz ərinin əlindən qurtulmaq üçün müqavimət göstərdikdə Murad onun baş nahiyəsindən zərbələr endirib. Sonra polisə zəng vurub, arvadını öldürdüyünü bildirib

Şahid qismində dindirilən Şeyda Ələsgərov isə Ulduzla ata-bala kimi olduqlarını göstərib: ”Kəndə gələndən sonra Muradla anası mənimlə yola getmirdilər. Deyirdim, evə yaxşı baxın, dağıtmayın, elə fikirləşirdilər ki, onları ata yurdundan çıxaracağam. Murada doğma qardaş kimi öyüd-nəsihət verirdim. Arvadıyla mehriban idilər. Amma Ulduzla qayınanasının münasibətləri yaxşı deyildi, tez-tez aralarında söz-söhbət olurdu. Ulduzla münasibətimiz ata-bala kimi olub. Onunla heç vaxt tək qalmamışam. Muradın arvadını niyə öldürdüyünü bilmirəm”.

Qeyd edək ki, hadisə bu il mayında Qubanın Güləzi kəndində baş verib. Murad Ələsgərov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...