Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı metrosunda əməliyyat: Cibgir dəstəsi zərərsizləşdirildi - FOTO

Bakı metrosunda cibgirlik edən dəstə zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Bakı şəhər sakini Ruhanə Quliyeva metronun “28 May” stansiyasında telefonunun oğurlanması ilə bağlı polisə müraciət edib.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan, paytaxtın Nizami rayon sakini Kənan İsmayılov saxlanılıb.

Ətrafında aparılmış araşdırmalar zamanı məlum olubki,  K. İsmayılov bu əməli bir neçə nəfərlə həyata keçirib. Videogörüntülərin köməyi ilə dəstənin digər üzvləri - əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşlar - Nizami rayon sakini Hikmət Yusubov, Bərdə rayon sakini Fəqan Qafarov və dəstənin başçısı, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamış, Bərdə rayon sakini Möhübbət Əliyev tutulublar.

Təqsirləndirilən şəxslərin ətrafında aparılan araşdırmalar zamanı o da məlum olub ki, onlar  ötən müddət ərzində Bakı şəhərində müxtəlif cinayətlər törədiblər.

Metropolitendə Polis Şöbəsinin rəhbərliyi metrodan istifadə edən bütün sərnişinlərə ayıq-sayıq olmağı, əmlaklarına qarşı laqeydlik nümayiş etdirməməyi və hər hansı bir neqativ hal gördükdə, dərhal polisə müraciət etməyi xahiş edir. Şəkillərdəki şəxslərin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilərlər.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...