Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda toy günü faciə

Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü Anar Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az xəbər verir ki, Anar Əmirov 10 fevral 2015-ci il tarixdə, günorta saatlarında Aşağı Çəmənli kəndində, yaşadığı evin yaxınlığındakı toy məclisindən evinə gedib.

Həmin gün saat 17 radələrində musiqiyə qulaq asmaq üçün yenidən toy məclisinə qayıdan Anar Əmirov həmkəndlisi, sərxoş vəziyyətdə olan Sahib Haqverdiyevi mağarın qarşısında görüb.

Bu zaman Sahib Haqverdiyevin onun bacısı oğlu Nofəl Kərimlinin ünvanına söyüb və onu yanına çağırıb. Anar Əmirov Sahib Haqverdiyevin onu pis niyyətlə çağırdığını hiss edərək toy məclisinə getmək fikrindən daşınıb və oradan təxminən 200 metr aralıda yerləşən, "Məstalının mağazası" kimi tanınan və fəaliyyət göstərməyən köhnə mağaza binasının yanına gedib.

Lakin Sahib Haqverdiyev Anar Əmirovun arxasınca gəlib. Orada Anara bacısı oğlu Nofəl Kərimlinin onun azyaşlı oğlu Hüseyn Haqverdiyevə "sizin toxumunuz xarabdır, sizdən nə desən çıxar" sözlərini deməsinin səbəbini soruşub.

Anar Əmirov isə Sahib Haqverdiyevə bu barədə bacısı oğlunun atasından soruşmağını istəyib, Sahib Haqverdiyev onun və ailə üzvlərinin ünvanına nalayiq sözlər işlədib. Daha sonra Sahib Anar Əmirovun yaxasından tutub, baş və sifət nahiyəsinə yumruq zərbələri vurmağa başlayıb. Yüngül

dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Anar Əmirov Sahib Haqverdiyevin bu hərəkətlərindən əsəbiləşib, onu qisas almaq niyyətilə öldürmək qərarına gəlib.

Bu məqsədlə Anar üzərində gəzdirdiyi bıçağı gödəkçəsinin cibindən çıxardaraq Sahib Haqverdiyevin qarın nahiyəsindən altı bıçaq zərbəsi vurub. Sahibin həmin xəsarətlərdən yıxıldığını görən Anar artıq öləcəyini zənn edib, onu hadisə yerində qoyaraq evinə gedib.

Lakin Sahib Haqverdiyev ətrafda olan şəxslər tərəfindən qısa müddətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb və onun həyatı xilas edilib.

Anar Əmirov Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini xahiş edib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Anar Əmirovun şikayəti təmin edilib və onun cəzası 7 il 10 ay 15 günə qədər endirilib.

Məhkəmənin qərarından kasasiya şikayəti verən Anar Əmirov barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib. O, əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edilməsini istəyib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin kasasiya şikayətinin dəlilləri araşdırılıb.

Hakim kollegiyası Anar Əmirovun kasasiya şikayətini təmin etməyib.

 kriminal.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...