Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda saxta pul hazırlayanlar tutulub - FOTO

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə Mynews.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədovun tanışı Nicat Orucovla birlikdə saxta pul əskinaslarının hazırlanması və satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən xüsusi təxirəsalınmaz əməliyyat nəticəsində dəstə üzvləri 11 700 saxta manatı 2 900 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.

Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin qaldıqları mənzilə də baxış keçirilib. Oradan əlavə olaraq 4900 manatlıq saxta əskinas, saxta pul hazırlamaq üçün istifadə olunan avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları satmaq, paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırladıqlarını etiraf ediblər.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...