Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oğru qapıda ev sahibəsi ilə qarşılaşdı, telefonunu düşürüb qaçdı

Bakıda evdən oğurluq edən, amma qapıda ev sahibəsi ilə qarşılaşaraq qaçanda mobil telefonunu oğurluq yerində unudan və ələ keçərək 26 yaşlı Ramil Əzimovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Mynews.az virtualaz-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda ittihamı ilə mühakimə olunan, əvvəllər narkotiklərin dövriyyəsinə görə həbs edilmiş Əzimovun aministiya sayəsində azadlığa çıxdığı məlum olub.  Lakin onun azadlıqdakı həyatı çox çəkməyib.

Cinayət işinin materiallarına əsasən R.Əzimov ötən il fevralın 17-də Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, D.Bünyadzadə küçəsindəki 12 saylı evdən soyğunçuluq edib. Evdə heç kimin olmamasından istifadə edən R.Əzimov giriş qapısının üstündəki nəfəsliyi açaraq içəri keçib. Yataq otağındakı şifonerin üstündəki pul kisəsində olan 3 min manat pul və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən mənzilin sahibəsi ilə rastlaşıb. Amma qaçaraq aradan çıxmağa müvəffəq olub. Bu zaman cinayətkar mobil telefonunu hadisə yerində unudub.

R.Əzimova qarşı Cinayət Məcəlləsinin 180.3.2-ci (soyğunçuluq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Görüb ki, mənzilin işıqları yanmır...

R.Əzimov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, maddi çətinlik ucbatından cinayətə əl atdığını desə də, narkotik vasitə almağa pulu olmadığını da gizlətməyib. Buna görə də, oğurluq etməyi planlaşdırıb. Oğurluq üçün münasib mənzil axtaran R.Əzimovun diqqətini D.Bünyadzadə küçəsindəki 9 mərtəbəli binanın birinci mərtəbəsindəki mənzil çəkib. Axşam saatlarında mənzilin işıqlarının yanmadığını görüb evdə adam olub-olmamasını yoxlamaq üçün öncə qapını döyüb. Heç kimin olmadığına tam əmin olduqdan sonra nəfəslikdən içəri keçib.

Təqsirləndirilən şəxsin ifadəsindən:  "Qapının üstündəki balaca pəncərəni vintaçanla açıb içəri keçdim. Otaqları axtarmağa başladım. Nə pul, nə də qiymətli əşya tapa bilmədim. Zinət əşyasına oxşayan kişi üzüyünü, iki ədəd alışqan, açılıb-qatlanan bıçaq və vazanın içərisindəki qol saatını götürüb cibimə qoydum. Bu vaxt ev sahibəsi mənzilin giriş qapısını açıb içəri girdi, qorxuya düşdüm. Onun qapını geri örtüb çölə çıxdığını görüncə qapıya yaxınlaşdım, heç kimin olmadığını zənn edib evdən çıxdım".

R.Əzimovun ifadəsinə inansaq, oğurluğa girdiyi evdən heç nə əldə edə bilməyib. Əksinə, mobil telefonlarını da hadisə yerində unudub. Ertəsi gün isə polis əməkdaşları tərəfindən həbs olunub. Belə ki, onu oğurluq etdiyi mənzildən aşkarlanan telefonlar vasitəsilə tapıblar: "Əməlimdən peşmanam. Amma oğurladığım əşyaların içərisində pul və qızıl zinət əşyaları olmayıb".

"Ay camaat, evə oğru girib..."

Zərərçəkmiş Mənsurə Hümmətova hadisə baş verən gün azyaşlı uşaqları ilə birlikdə evə qayıdarkən qapının üstündəki nəfəsliyin açıq olmasından şübhələnib. Qapını açıb mənzilə baxdıqda üzbəüz otaqdakı əşyaların döşəmənin üstünə səpələndiyini görüb. Yataq otağından tappıltı səsi gəlməsini eşidincə evə oğru girdiyini anlayıb. Uşaqlarına və ya özünə hər hansı xətər yetiriləcəyindən ehtiyatlanaraq, giriş qapısını bağlamadan həyətə qaçıb. "Ay camaat, evimə oğru girib" deyərək qonşuları köməyə çağırıb.

Zərərçəkənin ifadəsindən:  "Mənzilin giriş qapısı içəridən açıldı və bir nəfər 25-26 yaşlarında oğlan içəridən çıxdı. Əvvəlcə ətrafa, sonra düz gözümün içinə baxıb qaçıb getdi. Ucadan qışqırsam da, harayıma heç kim gəlmədi. Həmin oğlanın cibindən düşən "Nokia" markalı telefonu yerdən götürdüm. Sonra isə "102" xidmətinə zəng vurdum. Hadisə yerinə gələn polis əməkdaşlarına məlumat verdim. Həmin oğlana məxsus telefonu da polislərə təhvil verdim. Polis əməkdaşlarının iştirakı ilə mənzilə girdik. Yataq otağından 3 min manat pul və qızıl əşyalarım oğurlanıb. Mənə  cəmi 13 min 140 manat ziyan dəyib. Oğurlanan 8 min manatlıq qızıl komplektini yoldaşımın sağlığında almışdım. Dəymiş ziyanın ödənilməsini tələb edirəm".

Məhkəmənin hökmü ilə Ramil Əzimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməkə 9 il azadlıqdan məhrum edilib. Qadına dəymiş ziyanın ödənilməsi məsələsi isə qalıb Allahın ümidinə...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...