Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Polis qardaşını öldürən hüquqşünas özünü təqsirli bilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əli Əliyevin Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cü (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib. 

Mynews.az-ın məlumatına görə,  ötən il avqustun 3-də Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada Əli Əliyev qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevə bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib.

Hadisədən sonra qaçan Əli Əliyev Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Məlum olub ki, qardaşlar televizorun pultu üstündə mübahisə ediblər. Sonra aralarında əlbəyaxa dava başlayıb, Əli mətbəx bıçağını götürərək Murada zərbələr endirib.

Araşdırma zamanı məlum olub ki, Əli Əliyev ixtisasça hüquqşünasdır, həm də cüdo idman növü ilə məşğul olur. Mərhum isə kunq-fu idman növü üzrə peşəkar idmançı, DİN Çevik Polis Alayında polis serjantı imiş.

Məhkəmə prosesində ittihama münasibət bildirən Ə.Əliyev özünü təqsirli hesab edib. Daha sonra o, sərbəst ifadə verib. 

Qeyd edək ki, ötən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi və şahid qismində onun valideynləri ifadə veriblər.

Növbəti proses martın 28-nə təyin edilib. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...