Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıt yolunda növbəti “Ford” olayı - xəstə gənci döyüb…

Bakıdan Sumqayıta hərəkət edən "Ford Tranzit" markalı mikroavtobusda döyülmə hadisəsi baş verib.

Hadisə ilə bağlı Axar.az-a açıqlama verən şikayətçi Sübhan Dadaşov oğlunun döyülərək iflic vəziyyətə düşdüyünü deyib. Onun sözlərinə görə, hadisə baş verdiyi gün şikayət etməsinə baxmayaraq, cinayətkar hələ də tutulmayıb:

“Hadisə yanvarın 31-də baş verib. Oğlum 3 ildir onkoloji xəstəlikdən əziyyət çəkir. Baş-beyin nahiyəsidən əməliyyat olunub. Həmin gün onun şüa müalicəsi üçün Milli Onkologiya Mərkəzinə getmişdik. Ordan çıxıb “20 Yanvar” metro-stansiyasının yanından Sumqayıta gedən 99 DF 979 dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobusa mindik. Sumqayıt avtovağzalına çatanda gediş haqqımızı verib avtobusdan düşdük. Bir-iki addım getmişdik ki, arxadan tanımadığım bir oğlan qışqırmağa başladı. Cavan oğlan gediş haqqını ödəmədiyimizi sübut etmək istəyirdi. Ödəniş etdiyimi desəm də, faydası olmadı. Avtobusa yaxınlaşdıq ki, məsələni sürücü ilə aydınlaşdıraq. Biz ora çatanda isə sürücü yox idi. Danışmağa məhəl qoymayan “igid” ordaca xəstə oğlumu və məni döyməyə başladı. Ətrafdakılar isə tamaşaya baxırmış kimi bizi seyr edirdilər. Oğlum pis vəziyyətdə idi. Maşın tutaraq əvvəlcə Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə getdik. Avtobusun nömrəsini deyib birbaşa xəstəxanaya gəldik.

Oğlum 28 gün xəstəxanada qaldı. Hazırda ekspertiza cavabları əlimdədi. 16 yaşı var, hazırlığa gedirdi. Ali təhsil almaqçün gecə-gündüz çalışırdı. İndi isə iflic vəziyyətində evdə qalıb.

Sonradan kiçik araşdırma apardım, məlum oldu ki, əslində “Ford Tranzit”in sahibi Arzuman adlı şəxs imiş. Həmin gün bizi gətirən isə başqa sürücü idi. Bizi döyən şəxsi də tanıyıram. “20 Yanvar”da “Mosu” ləqəbi ilə tanınan Müseyib adında oğlandır. Təxminən 25-26 yaşı olar. Arzumanın oğludur. Hazırda həmin şəxs yenə öz yerində işini davam elətdirir.

Hadisə ilə bağlı araşdırmanın davam etdiyini desələr də, hələ nəticə yoxdur”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...