Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda vəzifəli şəxs kabinetində döyüldü

Paytaxtın Binəqədi rayonunda bələdiyyə sədrini döyüblər. 

Mynews.az xəbər verir ki, bu barədə "Sputnik Azərbaycan"a rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib.

Xoşagəlməz insident mayın 29-da, gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib. 

Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər - Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb. 

Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır. 

Bu səbəbdən qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb. Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.

Sayt əməkdaşı insidentin detallarına aydınlıq gətirmək üçün Hikmət Quliyevlə əlaqə saxlamağa çalışıb. Lakin qəsəbə bələdiyyəsi sədrinin katibi sədrin iş yerində olmadığını bildirib.

Qeyd edək ki, Binəqədi rayonunda evlərin qanunsuz tikintisi ilə bağlı müntəzəm olaraq yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının iştirakilə münaqişələr baş verir. Üç il əvvəl təkcə bu rayonun ərazisində 10 mindən artıq evin qanunsuz tikildiyi müəyyən edilib.

Binəqədi rayonu qanunsuz tikililərlə bağlı ən çox müraciət və şikayətlərin olduğu rayonlar arasında liderdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...