Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İş adamının həbsdəki oğlu şikayət verdi

Qarabağ müharibəsində şəhid olan Elton Əkbərovun qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən iş adamının oğlu Rəhim Rəhimovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Mynews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. Sürücülük vəsiqəsi olmadan idarə etdiyi avtomobillə şəhid qızını vuran 17 yaşlı gənc R.Rəhimov iş adamı Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

R.Rəhimovun ittiham olunduğu hadisə yerindən qaçma maddəsi isə hökmdən xaric edilib. Məhkəmə onun hadisə yerindən qaçmadığı qənaətinə gəlib. O yalnız sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınla 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinib. 

R.Rəhimov və müdafiəçiləri hökmdən şikayət edərək cəzanın yüngülləşdirilməsini istəyiblər. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə baxılır. Məhkəmə işi artıq baxışa verilib və proses iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, R.Rəhimov birinci instansiya məhkəməsində ifadə verərək hadisənin necə baş verdiyini danışıb: “Sürücümüzdən maşını alaraq "Enerji" kluba dostum Nicatın ad gününə gedirdim. Hava yağışlı idi, yolu görmək olmurdu. Mən buna görə 50-60 sürətlə gedirdim. Bayılda olanda maşına nəsə dəydi, insan olduğunu bilmədim. Yerə düşəndə cəsədə yaxınlaşıb onu qucağıma alıb boğazında nəbzini yoxladım, telefonun işığını yandırıb üzünə tutdum, artıq keçinmişdi. Əgər sağ olsaydı, mən onu xəstəxanaya aparardım. Mən cəsədin yanında oturub yarım saat ağladım. Əlimdən bir şey gəlmirdi, nə edə bilərdim ki?

Polislər soruşdu, dedim mən etmişəm, sənədlər də birazdan gələcək, amma sürücülük vəsiqəmin olmadığını demədim. Mənim sürücülük vəsiqəm yox idi. Dostlarım hamısı ad gününə maşınla gedirdi, mən də maşınla getmək istədim. Sürücüyə dedim, atamın xəbəri olmadan maşını götürdüm. Əvvəllər də dəniz kənarında maşın sürmüşdüm, öyrənmişdim. Peşmanam".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...