Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Professorun evini qarət edən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Anar Əmirov, Natiq Musayev,Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin CM-nin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mynews.az-ın məlumatına görə, ittiham aktına görə, Firdovsi Əliyev iki ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 

2017-ci ilin əvvəllərində o, Anar Əmirova professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və iki milyon dollar pul alıb. Bundan sonra Anar Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib.

Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. 

İyulun 30-da anten məlumatlarının yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada qalıb. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar.

A.Əmirov, N.Musayev və B.Hacızadə oradan Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içəridən darvazanı açıb. Onları qarşılayan iti bibər qazı ilə yatırdıblar.

Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb və içəri daxil olublar. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən iki milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra evi axtarıblar. Evdən 5000 dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, iki ədəd “Samsung”, 20 000 manatlıq qızıl saat, K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

Dəstə üzvləri Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Binəqədi RPİ-nin əməkdaşlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, Anar Əmirov əvvəllər beş dəfə məhkum olunub. 

Məhkəmənin hökmü ilə A.Əmirov və N.Musayev 12 il 6 ay, B.Hacızadə 11 il 6 ay, F.Əliyev 11 il və E.Musayev 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...