Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tanışını öldürən: Dedim, içəridən təzə çıxmışam, mənimlə işin olmasın

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Amin Kazımovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. 

Mynews.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror Vüqar Quliyev ittiham aktını elan edib. 

İttihama münasibət bildirən A.Kazımov özünü təqsirli bilib. 

O, sərbəst ifadə verərək deyib ki, mərhum Yaşar Məmmədovu qətlə yetirməsinə aralarında yaranan münaqişə səbəb olub. Onun sözlərinə görə, mərhum avtomobilini onun obyektində yumamasına etiraz edib, bununla da mübahisə başlayıb:

“Dedim, cavan oğlanam, içəridən təzə çıxmışam, mənimlə işin olmasın. O da dedi ki, gözüm aydın, qorxmuram səndən. Sonra yenə binaya gəldim, bu adam çıxıb dedi ki, avtoritet, hardasan, niyə söhbətə gəlmədin? Sonra biz söhbət etmək üçün görüşdük. Görüşəndə, onun üzünə şillə vurdum, döyməyə başladım. Ətrafımızda olan adamlar bizi ayırdı. Ancaq mübahisə bununla yekunlaşmadı”. 

A.Kazımov qeyd edib ki, mübahisə uzandığı üçün Y.Məmmədovu cəzalandırmaq qərarına gəlib:

“Həmin günün axşamı bıçağı götürüb, onunla yenidən görüşməyə getdim. Məhəlləyə çatıb, onu kənara çəkdim. Dedim ki, Yaşar, məni söydüyünə görə, dostları çağıraq, onların yanında məndən üzr istə. O isə üzr istəməyəcəyini dedi. Əsəbləşib, onu birinci dəfə yumruqla vurdum, sonra isə bıçaqla 2-3 zərbə endirdim”.

Məhkəmə iclası oktyabrın 24-də davam etdiriləcək. 

Qeyd edək ki, hadisə bu ilin martın 4-də Bakının Nizami rayonu Qara Qarayev prospektində baş verib. A.Kazımov kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib.

Cinayəti törədən A.Kazımov hadisədən sonra yaşadığı Ağcabədi rayonuna qaçıb. 25-ci polis bölməsinin əməkdaşları həmin şəxsi elə öz rayonlarında saxlayıb. Məlumata görə, A.Kazımov Y.Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona yeddi zərbə vuraraq qətlə yetirib.

Çoxlu qan itirən yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...