Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Şuşadakı 700 manatlıq hesab iddiası ilə bağlı "Qoç ət"dən açıqlama

Sosial şəbəkədə Şuşa şəhərində açılmış yeni restoranlardan birində nahar edən hərbçilərimizə yüksək məbləğdə hesab gəlməsi ilə bağlı xəbər yayılıb. İddia edilir ki, Şuşada xidmət edən şəxslərə nahar üçün 700 manat qiymət oxuyublar. Məlumata görə, restoranın idarəçiləri ilə hərbçilər arasında mübahisə düşüb.

Məsələ sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Səhifələrdə edilən paylaşımlar kəskin reaksiya doğurub, bunu savaşdan qalib çıxan hərbçilərimizə hörmətsizlik kimi qiymətləndiriblər. Paylaşımlardan bir neçəsində həmin restoranın "Qoç ət" olduğu ilə bağlı iddialar da yer alıb.

"Qafqazinfo" iddia ilə bağlı "Qoç ət" restoranlar şəbəkəsi ilə əlaqə saxlayıb. Şirkətdən sözügedən məlumatı təkzib ediblər: "Şuşa işğalçılardan azad ediləndən sonra, biz "Qoç ət" olaraq böyük qürur hissi ilə xalqımıza xidmət etmək üçün bu şəhərdə filialımızı açmışıq. Restoran fəaliyyətə başlayandan bir həftə ərzində orada xalqımıza tamamilə təmənnasız xidmət etmişik. Açılışdan bəri hərbçilərimizə özəl endirimlər etmişik və bu kampaniya bu gün də davam edir, gələcəkdə də edəcək. Şuşada çay hərbçilər və qazilər üçün pulsuzdur. Həmçinin, Şuşada şəhid ailələri üçün xidmət pulsuzdur. Bu filialda bir çox məhsullar və təamlar qonaqlar üçün, ümumiyyətlə, maya dəyərinə satılır, heç bir xeyir götürülmür. Hətta bəzən qonaqlara belə təmənnasız xidmət edirik. Ötən gündən bəri yayılan məlumat yalan, böhtan və təxribatdır. Şuşada yerləşən restoranımızda belə bir hal baş verməyib. Şuşa filialımızı açmaqda məqsədimiz gəlir qazanmaq deyil, biz o filialdan qazanc əldə etmirik. Məqsədimiz yalnız hərbçilərə, qazilərə, şəhid ailələrinə, orada olan qonaqlara və Şuşanın yenidənqurmasında iştirak edən işçi heyətə xidmət etməkdir!"

Şirkətdən həmçinin bildirilib ki, "Qoç ət" istər Vətən müharibəsi dövründə, istərsə də, müharibədən sonrakı dövrdə şəhid ailələri və qazilərə, o cümlədən, hərbçilərə qayğı ilə yanaşıb: "Vətən müharibəsi dönəmində dəfələrlə Ordumuza yardımlar etmişik. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarında ön cəbhədə döyüşən əsgərlərimizin yanında olmuşuq, onlara dəstək olmuşuq. "YAŞAT" Fondunun təşkil etdiyi, bir neçə gün əvvələ qədər davam edən "Zəfər yarmarkası"nda iştirak etmişik və oradan əldə olunan gəlirin hamısını fonda yönəltmişik. Restoranlarımıza şəhid ailələrini qonaq kimi dəvət edirik və onlara təmənnasız xidmət edirik. Azərbaycan xalqına, özəlliklə şəhid ailələrimizə, qazilərimizə və hərbçilərimizə xüsusi diqqət və qayğı göstərməyə davam edirik. Belə xeyriyyəçi fəaliyyətlə məşğul olan şirkət əleyhinə aparılan kampaniya həm də şəhidlərimizin, qazilərimizin qanı və canı hesabına qazanılan böyük zəfərə kölgə salmaqdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...