Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Qardaş olmağımızı get anadan soruş" - Polis mayorunu bıçaqlayan şəxs danışdı

Bakıda polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən 1988-ci il təvəllüdlü Əli Həsənov və xuliqanlıqda təqsirləndirilən 1976-cı il təvəllüdlü Əhmədyar Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesində məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısına verilib. Prokuror Orxan Kəngərli ittiham aktının nəticəvi hissəsini elan edib. İttihama münasibət bildirən Ə.Həsənov özünü təqsirli bilməyib. Bildirib ki, onun heç kimi öldürmək niyyəti olmayıb:

"Sadəcə üstümüzə düşüblər özümü müdafiə eləmişəm". Ə. Məhərrəmov də özünü təqsirli bilməyib. Deyib ki, kamera görüntüləri var ki, orda nə xuliqanlıq nə oğurluq görsənir: "Bizi döymək istədilər, özümüzü müdafiə elədik".

Təqsirləndirilən şəxslər məhkəmədə sərbəst ifadə verib. Ə.Həsənov bildirib ki, hadisə zamanı gördüm Əhmədyarı döyürlər: "Yaxınlaşdım, dedim qardaş niyə döyürsən? Namiq Abdullayev qayıdıb mənə dedi ki, get anadan soruş ki, biz sənin qardaşınıq ya yox. Başladı həmin sözü bir daha təkrarladı. Namiqi kəllə ilə vurdum. Üstümə düşdülər. Məcbur olub bıçaqla özümü qorumaq istəyirdim. Bu zaman Kamillə Namiq üstümə gəldi. Bıçaqla onları qorxuzmaq niyyətim var idi, həm də özümü qorumaq. Kamilə vurdum. Namiq aralandı. Hadisə yerindən qaçdım. Onları öldürmək niyyətim olsaydı üstlərinə gedərdim. Mən konkret üstümə gələnləri, məni döyənləri vurmuşam. Həmin vaxtı Əhmədyar qıraqda idi. İçkiliydi".

Təqsirləndirilən şəxs həmçinin Namiq Abdullayevin polis əməkdaşı olduğunu bilmədiyini deyib. Məhkəmə aprelin 4-də davam edəcək. Qeyd edək ki, hadisə ötən ilin noyabr ayında Nərimanov rayonu Heydər Əliyev prospektində yerləşən kafelərdən birində baş verib. 1979-cu il təvəllüdlü Namiq Abdullayev tanışı, 1974-cü il təvəllüdlü Arif Cəbrayılov və 1985-ci il təvəllüdlü Kamil Məsimov, adları açıqlanmayan iki qadınla birlikdə kafedə əyləşiblər. Bu zaman kafeyə daxil olan İsmayıllı rayon sakini Əhmədyar Məhərrəmovla həmin şəxslərə sataşıb. Bunu görən Namiq Abdullayev onun arxasınca qaçıb və obyektinin çıxışında Əhmədyar Məhərrəmovun qolundan tutub. Nəticədə onlar arasında əlbəyaxa dava düşüb. Əhmədyar Məhərrəmovun küçədə gözləyən tanışı Əli Həsənov davaya qoşulub və Namiq Abdullayevi döyüb. Bu münaqişəyə Arif Cəbrayılov və Kamil Məsimov da qarışıb. Kütləvi dava zamanı Əhmədyar Məhərrəmov və Əli Həsənov bıçaq çıxararaq dava etdikləri şəxslərə xəsarətlər yetirərək ərazidən qaçıblar. Ağır xəsarət alan hər üç şəxs “Təcili yardım” maşını ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onların həyatını xilas etmək mümkün olub. Namiq Abdullayev Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin növbətçi hissəsində mayor rütbəsi ilə fəaliyyət göstərir və hadisə vaxtı o, xidmətdə olmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...