Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

15 yaşlı qızını yatdığı yerdə öldürdü - "Başımda problemlər var" - VİDEO

Xırdalanda 15 yaşlı qızı Aygün Cabbarovanı xüsusi amansızlıqla işgəncə verərək öldürməkdə təqsirləndirilən Ağdam rayon sakini, 1962-ci il təvəllüdlü Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmə başlayıb.

Mynews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesə zərərçəkmişin hüququ varisi gəlməyib.

Hakim hüquqi varisin iştirakı olmadan məhkəmənin keçirilməsinə tərəflərin etirazın olub-olmadığını soruşub.

Təqsirləndirilən şəxs bəzi məsələlərlə bağlı etiraz edib. O bildirib ki, sənədlərin heç birini oxuya bilmir: “Mənim yanıma sənədlər gəlir. Latın əlifbasını oxuya bilmirəm, gətirib qabağıma sənəd qoyurlar, qol çəkirəm. Lap yazsalar ki, Nəsib asılsın, ona da qol çəkəsiyəm".

Hakim bildirib ki, ittiham aktı Latın əlifbasında yazılıb və o, oxuyub qol çəkib: “Deməli, oxuya bilərsiniz”.

Bundan sonra məhkəmə istintaqı açıq elan edilib.

Söz dövlət ittihamçısına verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib.

İttihama münasibət bildirən Nəsib Cabbarov özünü qismən təqsirli bilib.

Hakim təqsirləndirilən şəxsə bildirib ki, verilən ittiham məhkəmə dövründə təsdiqi taparsa, onu 14 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Məhkəmə Nəsib Cabbarova  sərbəst ifadə verməyi təklif edib.

Nəsib Cabbarov ifadəsində bildirib ki, hadisə zamanı şokda olub: "Mən Bakıya necə gəldiyimi də bilmirəm. Ağdamda yaşayırdım. Ötən il aprel döyüşləri zamanı kənddə idim. Atılan qranatlar düz 200 metr yaxınlığıma düşüb. Ondan sonra başımda problemlər var. Vallah, heç bilmirəm ki, Bakıya necə gəlmişəm. Qızı da götürüb gəlmişdim".

Hakim təqsirləndirilən şəxsə bildirib ki, ittihamın mahiyyəti barədə danışsın.

İfadəsini davam etdirən Nəsib Cabbarov qeyd edib ki, qızı Aygün həmişə ona baxıb: "Qızlarımdan heç biri pis olmayıb. Onları çətinliklə böyütmüşəm. Hadisə gününü xatırlamıram. Qızım haqqında heç kim heç nə deməyib. Necə belə bir hadisə törətdiyimi bilmirəm. Şokdaydım".

Hakim təqsirləndirilən şəxsə "qızınızın əxlaqsız hərəkətini görmüsünüzmü və yaxud kimdənsə eşitmisinizmi?" sualı verib.

Nəsib Cabbarov suala cavab olaraq bildirib ki, heç vaxt bu barədə nə görüb, nə də kimdənsə eşidib: "Elə söhbət olmayıb. Yenə deyirəm, mən şokda olmuşam, xatırlamıram heç nəyi. Hadisə yadıma gəlmir".

Hakim bildirib ki, ekspertin rəyinə görə qızını öldürən zaman anlaqlı vəziyyətdə olub.

Məhkəmədə şahid qismində dindirilən Rövşən Nərimanov bildirib ki, Nəsib onun həyat yoldaşının dayısıdır: "Hadisə günü səhər işə gedirdim. Yoldaşımı evdən yola saldılar. Yolda qayınanam qabağıma çıxdı. Salamlaşdım. Yadıma düşdü ki, işdə tualet yoxdu. Dedim, elə bura girim, gedim. Ayaqyolundan çıxandan sonra qışqırtı eşitdim. Tez otağa girdim. Gördüm qız qanım içində yerdədir. Tez təcili yardım çağırdım. Qızın ağzından köpük gəlirdi. Əvvəl elə bildik, qıc olub. Süni nəfəs də vermişik. Sonradan bildim, atası qızını öldürüb. Nəsib də orda sakitcə dayanmışdı. Sonradan mən özümdən getmişəm. Dərman veriblər”.

İfadəsini davam etdirən şahid qeyd edib ki, Aygün Cabbarovanın heç bir yanlış hərəkətini görməyib: "Mən o uşağı balaca olanda görmüşəm. Vallah, o qız haqqında bir cümlə belə, pis söz-söhbət eşitməmişəm. Onların ailəsində elə şey olmayıb. Olsaydı, mən onlarla qohum olmazdım".

Şahid bildirib ki, kənddə Nəsib Cabbarovu qızını “beyni çöndüyü üçün” öldürdüyü deyilir: "Hamı bilir ki, onun qızları əxlaqlı olub. Sadəcə aprel döyüşlərindən sonra başı xarab olub, ona görə öldürüb".

Məhkəmədə şahid qismində Zəhra Əliyarova dindirilib. O bildirib ki, təqsirləndirilən şəxs qardaşıdır: "Aprel döyüşlərində qardaşımız başından xəsarət alıb. Qardaşımla fəxr edirəm. Çox qeyrətli, namuslu olub. Qızı da özü kimi namuslu, qeyrətli qız idi. Həyət evində qalırdıq, o qız bir dəfə olsun, qapıdan çölə çıxmayıb. Qardaşımın qorxusu da elə qızından idi. Çünki döyüş vaxtı qızlar da orda olub. Nəsib mənə deyirdi, bacı mənə nəsə olsa, qızlarım sənə əmanətdir".

Hadisə günündən danışan Zəhra Əliyarova bildirib ki, həmin vaxt qardaşı müalicə məqsədilə Bakıya gəlib: "Burda məscidlərə apardıq. Gördük düzəlmir. Daha sonra həkimin yanına apardıq. Dərmanlarını aldıq. Müalicə alırdı.  3-4 ay idi, bizlə qalırdı. Qızlar istəyirdi ki, rayona qayıtsınlar. Nəsib qoymurdu. Deyirdi, uşaqlar gedəcək, ermənilər onları öldürəcək. Hadisədən 2 gün qabaq dərmanları qurtarmışdı. Qızlar da paltarlarını yığmışdı. Səhər tezdən qardaşımla yemək yedik. Qəribə idi. Mən evdən çıxıb mağazaya getdim. Həmin vaxtı olub hadisə. Girib qızı öldürüb. Amma qızını namus üstündə öldürməsi yalandır. Qardaşımın başında problemləri olub. Hətta bizə gələndə deyirdi ki, mən bu yolu tanıyıram, indi başqa yoldan gəlir. Onda bildim ki, qardaşımda ciddi problemlər var".

Məhkəmədə şahid qismində Xaliq Cabbarov da dindirilib. O ifadəsində bildirib ki, Nəsib Cabbarov əmimdir: "Səhər işə gedirdim. Rövşəni götürməyə gəlirdim. Zəng gəldi ki, uşaq qıcolma keçirib. Mən də tez evə girdim. Gördüm, qız yerdə uzanıb. Üstündə ədyal vardı. Mənə dedilər,  get təcili yardım çağır. Mən  gələnə kimi uşaq dünyasını dəyişmişdi. Orda gördüm ki, Suğranı polisə aparırlar. Onunla getdim".

Şahid qeyd edib ki, dəfələrlə əmisini xəstəxanaya aparıb: "Həkim bizə dedi ki, əmini xəstəxanaya yerləşdirin".

Prokuror Xaliq Cabbarovun istintaq dövründə başqa ifadə verdiyini bildirib.

Daha sonra yenidən danışan Xalid Cabbarov əmisinin xəstəxanaya yerləşdirməsinə etiraz etdiyini deyib: "Biz həkimə dedik ki, əmim iki qız atasıdır, sonra söz olar. Deyərlər qızın atası xəstədir. Ona görə müalicə yazdı. Dərmanların hamısı aldıq".

Məhkəmə prosesi aprelin 21-də davam edəcək.

Qeyd edək ki, qətl keçən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nəsib Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 yaşlı Nəsib Cabbarov 15 yaşlı Aygün Cabbarovanın əxlaqsız hərəkətlər etməsindən şübhələnərək gecə yatdığı yerdə onu amansızlıqla və işgəncə verərək bıçaqla qətlə yetirib.

Ona Cinayət Məcəlləsi 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə)maddəsi ilə ittiham verilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...