Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakıda uşaqlar koksaki virusuna tutulub?

Payız-qış fəsli yaxınlaşanda bağçaya gedən uşaqlar və azyaşlı məktəblilər arasında qrip virusu yayılmağa başlayır. 

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, virusun əlamətləri müşahidə ediləndə valideynlər narahat olmağa başlayırlar. 

Elə bu günlərdə də bağça uşaqları arasında koksaki adlanan yeni virus barədə xəbərlər yayılmağa başlayıb. Valideynlər bildirir ki, uşaqlar bu xəstəliyə eyni simptomla yoluxur.  Xəstəlik əvvəlcə qızdırma, halsızlıqla başlayır. Sonra isə səpkilərə çevrilir. Səpkilər ovucda, ağız ətrafında, dizdə yaranır. 

Uzman doktor Altay Abdullaoğlu da xəstəlik  barədə sosial şəbəkədə yazıb. O bildirib ki, koksaki virusları əsasən uşaqlarda olsa da, bəzən böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır: “Xəstəlik ilkin olaraq qrip kimi başlayır: qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpkilər əmələ gəlir. Səpkilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. 

Səpkilərinə görə su çiçəyinə bənzəyən  bu virus su çiçəyi deyil. Virus keçicidir, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürülür. Körpələrdə səpkilər yarandıqda valideynlər narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər  zaman qeyd etdiyim kimi, bu virus infeksiyaların köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi, bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir. Koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər. Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Çoxlu maye qəbul edilməlidir”.

Respublikanın baş pediatrı Nəsib Quliyev valideynlərin narahatlığına aydınlıq gətirib. O bildirib ki, koksaki virusları yuxarı tənəffüs yollarının virus infeksiyasıdır: “Koksaki ABŞ-ın şəhəridir. Vaxtilə bu xəstəlik orada göründüyünə görə həmin şəhərin adı ilə adlanır.  Bu, qripə bənzər bir xəstəlikdir.  Dünyanın hər yerində də buna rast gəlinir.  Bizdə böyüklər, adətən, xaricə gedir və oradan bu xəstəliyə yoluxub gəlirlər.  İndi də bu xəstəliyin epidemiyası və heç bir problemi yoxdur. Şayiə yayırlar ki, bu xəstəlik çoxalıb.  Elə xəstələr olanda Elmi-Tədqiqat Pediatriya İnstitutuna gəlirlər.  İndi belə xəstələr yoxdur. Xəstəliyin hansı virus olduğunu müəyyən etmək üçün laboratoriyada müayinədən keçilməlidir.

Əgər valideynlər belə əlamət görürsə, deyə bilməz ki, bu, koksaki virusudur. Valideyn bunu necə deyə bilər? Axı o uşaq nə vaxt virusoloji müayinədən keçdi?  Bu, sadə üsullarla yox, referens laboratoriyalar vasitəsilə müəyyən edilir. Biz analizləri Səhiyyə Nazirliyinə göndəririk. Orada referens laboratoriyalarda analizlər yoxlanılır.  

Yayda o xəstəlik görünüb. İndi isə belə bir şey yoxdur. Olsa, mən niyə gizlətməliyəm? Çıxıb televiziyada çıxış edərəm ki, ölkədə  belə bir virus yayılıb”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...