Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Özünüzü zökəmdən belə qoruyun - HAMİLƏLƏRƏ HƏKİM TÖVSİYƏSİ

Mynews.az lent.az-a istinadən cərrah-mamaginekoloq Səbinə Mirzəyevanın məqaləsini təqdim edir.

Kəskin respirator virus infeksiyası müasir zamanda həkimlər tərəfindən ən çox qoyulan diaqnozlar siyahısına aiddir. Əczanələrdə bu vəziyyətdən tezliklə xilas olmağı sizə söz verən onlarca dərman qutuları mövcuddur. Lakin bu vəziyyətə hamilə olduqda necə reaksiya verməli? Bu halda mövcud olan dərmanlardan özbaşına istifadə etmək ananın və gələcək körpənin sağlamlığına ziyan verə bilər.
Əsas olan panikaya düşməməkdir!
 
Zökəm - kəskin respirator virus infeksiyası nə deməkdir? KRVİ bir qrup viruslar tərəfindən törədilən üst tənəffüs yollarının bədən hərarətinin yüksəlməsi, ümumi intoksikasiya ilə müşayiət olunan iltihabi xəstəliyidir.
KRVİ-nin bir neçə növü vardır. Bunlardan ən geniş yayılanı zökəmdir. Uşaq vaxtından hamıya məlum olan zökəmin simptomları ümumi zəiflik, baş ağrısı, iştahanın azalması, bədən hərarətinin yüksəlməsi (az nəzərə çarpan rəqəmlərlə yanaşı bədən immunitetinin gücündən asılı olaraq yüksək hədlərə qədər), boğazda ağrı, quru və ya bəlğəmli öskürək, burundan çoxlu sulu ifrazatın axması, gözlərdə qıcıqlanma və s. ola bilər.
Respirator virus xəstə adamın öskürməsi və ya asqırması zamanı mikrobların ətraf mühitə düşməsi ilə yayılır. Bundan sonra virus hüceyrələri müxtəlif səthlərdə cəmlənir və digər insanlara yayılır.
 
Hamilələr üçün KRVİ nə ilə qorxuludur?
 
Hamiləlik zamanı qadınların immun sistemi zəif olduğundan belə viruslara qarşı cavab reaksiyası zəifləmiş olur. Ağır formada keçən KRVİ ilk trimestrdə hamiləliyin düşüklə nəticələnməsinə səbəb ola bilər. Buna görə də hamilə qadınların xəstəliyə yoluxmadan özlərini xüsusi qorumaları vacib bilinir.
 
Özünü virusdan necə qorumalı?

 
KRVİ-ə yoluxmamaq üçün istifadə edəcəyiniz qaydalar çox bəsitdir:
 
- İlk növbədə düzgün qidalanmaq, gün ərzində orqanizm üçün lazım olan vitamin mineralların qəbul olunması (yaz-payız aylarında müalicə həkiminizin sizə məsləhət bildiyi vitamin mineral kompleks həblərin əlavə qəbulu);
 
- Gün ərzində çox hərəkətdə olmaq, gəzmək (bunun üçün insanların az olduğu yerlərə üstünlük verin);
 
- İdmanla məşğul olmaq (əgər buna səhhətinizlə bağlı əks göstəriş yoxdursa);
 
- Tam yuxudan doymaq, stressdən uzaq durmaq;
 
- KRVİ-ə yoluxmuş insanlarla təmasdan çəkinmək, münasibət qurularsa, xüsusi qoruyucu maskalardan istifadə etmək.
 
Əgər xəstələnmisinizsə, nə etməli?
 
Artıq bu virusa yoluxubsunuzsa, ən əsası özünümüalicəyə başlamamaqdır. Hətta ümumi vəziyyətinizdəki ağırlaşma sizə nəzərə çarpmayacaq qədər az görünsə belə, həkimə müraciət etməniz məsləhətdir. Əgər müəyyən səbəblərdən həkimin qəbuluna yazıla bilmirsinizsə, aşağıdakı tövsiyələrə riayət etməyiniz məsləhətdir:
 
- Əgər həkim gün ərzində qəbul edəcəyiniz mayenin həcmində sizə məhdudiyyət qoymayıbsa, gün ərzində çoxlu isti ballı və ya mürəbbəli çay qəbul etməyiniz məsləhətdir.
 
- Bədən hərarəti yüksək olduqda parasetamol həbi qəbul edə bilərsiniz. (1-2 həbdən çox olmayaraq);
 
- Bədənin immun sistemini yüksəltmək üçün itburnu dəmləməsi qəbul edə bilərsiniz. (gün ərzində 1 bardaq dəmləməni bir neçə hissəyə bölərək fasilələrlə içməli);
 
- Burun üçün damarsıxıcı damcılardan istifadə etmək məsləhət deyil. Burun tutulması zamanı məsləhətli vasitə burun boşluğunun zəif duz məhlulu ilə və ya gülümbahar (kalendula) məhlulu ilə yuyulmasıdır (5-7 damcı məhlulu 1 bardaq suya əlavə etmək). Yuduqdan sonra burunu fınxırmaq məsləhətdir. Bunun üçün burunun hər iki nəfəs yolunu ayrıca fınxırmaq lazımdır. Burunla tənəffüsün bərpası üçün nöqtəvi massaj da çox effektiv ola bilər - bunun üçün burun kökünü, qaşların başlama nöqtəsini, gicgahları, burun qanadlarının qırışını, gözün altını, almacıq sümüklərinin üstünü massaj etmək lazımdır.
 
- Öskürək zamanı inqalyasiyalardan istifadə edin;
 
- Ayaqları isti suya qoymaq, buxarla nəfəs almaq olmaz!
 
Ümumi vəziyyətinizdə yaxşılaşma qeyd olunmuş olsa belə, həkim tərəfindən tövsiyə olunan müalicəni tam kurs şəklində qəbul edin. Bu, xəstəliyin residivləşməsinin qarşısını alacaqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...