Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həkim-dietoloq - "Axşam yeməyindən imtina etmək..."

Çoxsaylı diet proqramlarında hansı yanlışlara yol verilir? Diet proqramı müddətli olmalıdırmı? Gündə neçə dəfə qidalanmaq lazımdır? Hormonal, metobolik pozğunluqların dietlə tənzimlənməsi mümkündürmü? Hansı pəhriz proqramları təhlükəlidir? Pəhriz proqramlarında bir sıra qidaların tamamilə menyudan çıxarılması nə dərəcədə əsaslıdır?

Mynews.az  bildirir ki, APA TV-nin "Öncə sağlıq" layihəsinin növbəti buraxılışında qonaq olan həkim-dietoloq Şəfa Yadigarova deyib ki, diet proqramları hər bir insan üçün fərdi olmalıdır: "Bir insanın problemlərini, səhhətini, psixoloji durumunu nəzərə almadan onun çəkisini azaltmaq mümkün deyil. Çəki artımının səbəbi önəmlidir. Bir çox insanlar internetdən götürülən diet proqramlarına müraciət edirlər. Məsələn, hamı bir dietdən istifadə edir, 1-2 kilo itirir, bir müddət sonra daha artıq çəki qazanırlar".

Mono dietlərin ziyanlı olduğunu deyən həkim-dietoloqun sözlərinə görə, təqdim olunan təktərkibli dietlər sonradan fəsadlara səbəb olur: "Bir çox insanlar anlamadan  mono dietlərə üstünlük verir, orqanizmin tələb etdiyindən çox az kalorili qida istifadə edirlər. Bu isə sonradan prosesin əksinə getməsi ilə nəticələnir, çəki itkisi əvəzinə, artımı qeydə alınır. Metabolizm prosesi zəifləyir, qısa zamandan sonra həmin şəxs az miqdarda faydalı qidalar qəbul etsə belə artıq çəki yaranır. Mən mono dietləri qəbul etmirəm. Bu, yanlış qidalanmalıdır. Bu dietlər nəticəsində insanlar sonradan o qədər böyük çəkilər qazanırlar ki, bunun  qarşısını almaq mümkün olmur".

Şəfa Yadigarova deyib ki,  ən effektiv diet proqramları psixoloji hazırlıqla başlayır və düzgün qidalanma ilə həyata keçirilir: "Diet proqramı insanın ac qalması demək deyil. İnsan ac qalmamalıdır, yeyərək arıqlamalıdır".

Həkim-dietoloq hesab edir ki, yalnız çəki azlığından əziyyət çəkən insanlar axşamlar yeyə bilər: "Artıq çəkidən azad olmaq istəyən insanlar axşam meyvələrə üstünlük verməməlidirlər".

Mütəxəssis onu da deyib ki, axşam yeməyindən imtina olunması düzgün deyil: "Əgər bir insan gecə saat 2-də yatırsa, necə ola bilər ki, saat 18-də yemək yesin, 2-yə kimi ac qalsın. Bu, qəbul olunmazdır. Axşam yeməyində ağartı məhsullarına, zülalla zəngin qidalara  üstünlük verilməlidir. Karbohidratları axşamlar qəbul etmək olmaz, daha yaxşı olar artıq çəkidən əziyyət çəkənlər tərəvəzlər, salatlar qəbul etsinlər".

Süni şəkər istifadəsinin tərəfdarı olmadığını deyən Ş. Yadigarova hesab edir ki, uşaqlara ümumiyyətlə, şirniyyat vermək düzgün deyil: "Təbii şəkər qəbul etmək, yəni  meyvələrdən, quru meyvələrdən istifadə etmək lazımdır".

Həkim-dietoloq ağ çörəkdən imtina etməyin də vacibliyini açıqlayıb. O, həmçinin dərman preparatları ilə arıqlamağı nəzərdə tutan diet proqramlarının doğru olmadığını açıqlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...