Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Oynaqlarda ağrılar, yüksək hərarət və...

Revmatologiya təbabətin elə bir sahəsidir ki, revmatoloji xəstəliklərin həm diaqnostikası, həm də müalicəsi ilə geniş şəkildə məşğuldur. Qədim Yunan həkimi Hippokratın mülahizələrinə görə, revmatizm iltihabı kütlənin baş-beyinə toplanıb ürəyə və oynaqlara axması ilə müşayiət olunan bir problemdir.

Bu qrup xəstəliklər birləşdirici toxumanın zədələnməsi ilə müşayiət olunur. Qədimdə buna kollagenoz deyilirdi. Lakin artıq bu termin qəbul olunmur və birləşdirici toxumanın diffuz xəstəlikləri sırasına aiddir. Revmatik xəstəliklərə diaqnoz qoymaq təbabətin ən çətin məsələlərindən biridir. Oynaq ağrısı ilə müşayiət olunan 120-dən çox xəstəlik var. Sırf bir klinik profilli xəstəxanada revmatik xəstəliklərə diaqnoz qoymaq qeyri-mümkündür. Bunun müxtəlif səbəbləri var.

Kəskin revmatik qızdırmanın (revmatizm) ilkin əlamətləri oynaqlarda, ürək nahiyəsində ağrılar, ürəkdöyünmə, xoreya, qeyri-iradi hərəkətlər, uşaqlarda həmyaşıdlarından fiziki və əqli cəhətdən geriləmələr, dərslərin mənimsəmə göstəricilərinin aşağı düşməsi, dəridə revmatik düyünlərin əmələ gəlməsidir. Dəqiq və vaxtında qoyulmuş diaqnoz olmadıqda heç bir müalicə kursundan söz gedə bilməz. Bir çox xəstəliklərdə olduğu kimi bu növ problemlərdə də vaxt itkisi yolverilməzdir.

Oynaq xəstəliklərinin bir qismində irsiyyət və mühit faktorlar böyük rol oynayır. Mühit faktoru dedikdə, misal üçün Kürdəmir rayonunda proqressivləşən sistemli skleroz çox yayğındır. Bu çox ciddi bir xəstəlikdir. Bir ailənin demək olar ki, bütün üzvləri hazırda bizim klinikada bu xəstəlikdən müalicə alır. Belə bir neçə misal çəkmək olar. Burada əlbəttə ki, irsiyyətin rolu böyükdür. Lakin mühit faktoru da bura əlavə olunduqda xəstəlik özünü daha qabarıq formada büruzə verir. Ümumiyyətlə, bizim ölkədə mövcud meteoroloji iqlim şəraitinin mütəmadi olaraq dəyişməsi bəzi xəstəliklərin yayılmasının səbəblərindən biridir.

Mynews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycan Tibb Universitetinin daxili xəstəliklər kafedrasının professoru, Səhiyyə Nazirliyinin baş mütəxəssisi, Əməkdar Elm Xadimi Sahib Musayev bildirib.

Professor deyib: "Revmatologiya təbabətin müxtəlif sahələri ilə sıx əlaqədədir. Bunlardan bir neçəsini sadalamaq olar. Endokrinologiya ilə sarkoidoz sindromu, şəkərli diabet, hiperkalsemik kriz, nefrologiya ilə nefrogen podaqra, nefrogen osteomalyasiya, nefrogen osteoparozla əlaqədədir. Hematologiya ilə əlaqədə əsasən uşaqlar arasında geniş yayılmış yuvenil artritləri misal çəkmək olar. Yuvenil artritləri çox zaman kəskin limfоblastleykozun əlaməti kimi özünü büruzə verir. Yəni, burada kiçik bir səhv insan həyatına təhlükə yaradır. Revmatologiya kardiologiya ilə də geniş əlaqəlidir. Məsələn, revmatik endokardit ürək qüsurlarının əmələ gəlməsi damar fleboloji cərrahiyyə bağlılığı var.

Revmatik xəstəliyə dəqiq diaqnoz qoymaq üçün çoxprofilli klinika və ən müasir standartlara cavab verən immunoloji laboratoriya vacibdir. Dəqiq diaqnozun qoyulması üçün bütün bu sahələrin mütəxəssisləri ilə birgə diaqnostika aparılmalıdır. Tədris-Terapevtik Klinikasında demək olar ki, bütün bu sahələr üzrə yüksək ixtisaslı mütəxəssislər var.

Revmatik xəstəliklər arasında ən geniş yayılmışları revmatoid artrit, revmatoid sinovit, Bexterev xəstəliyidir. Revmatizm xəstəliyinə uşaq və yeniyetmələrdə daha çox rast gəlinir. Bu birləşdirici toxumaların iltihabı xəstəliyidir. Revmatizm kimi qəbul etdiyimiz xəstəliyin əsl adı kəskin revmatik qızdırmadır və kəskin beta hemolitik streptokoklar (AGBHS) tərəfindən törədilir. Bu xəstəlik daha çox immun sistemi zəif olan uşaqlarda inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmadıqda isə xroniki hal alır və uzun illər tədricən inkişaf edərək ağırlaşmalara səbəb olur. Revmatizmin əsas əlamətləri oynaqlarda ağrı və şişkinlikdir ki, bu da çox vaxt hərəkət məhdudiyyəti və oynağın deformasiyası ilə nəticələnir. Bu xəstəlikdən əziyyət çəkən insanlar tez yorulur və onların əmək qabiliyyəti nisbətən aşağı düşür. Oturaq həyat tərzi də deformasiyaedici ostreartrozlara və fiziki-psixi gərginliyə səbəb olur.

 

Ümumiyyətlə, birləşdirici toxumanın diffuz xəstəlikləri cəmiyyətin ən ciddi problemlərindən biridir. Bura əsasən sistem qırmızı qurd eşənəyi, sistem sklerozu, şarp sindromu, şiqren xəstəliyi və digərləri aid edilir. Bu xəstəliklər Azərbaycanda geniş yayılıb və onlara oynaqların irsi-digenerativ xəstəlikləri, osteoartrozlar, podaqralar aiddir.

Azərbaycanda çox geniş yayılmış xəstəliklərdən biri də behçet xəstəliyidir. Bu problemə Asiya irqi insanları arasında daha çox rast gəlinir. Behçet xəstəliyi də oynaqlarda ağrı, ağızda xoralar, göz və cinsiyyət orqanlarının zədələnməsi ilə müşayiət olunur. Çox zaman bu xəstəlik haqqında heç bir məlumatı olmayan insanlar əlamətlərə əsasən diş həkimi və ya oftalmoloqa müraciət edirlər. Bu xəstəlik qadınlarda vaginit, kişilərdə isə balanit kimi göstəricilərlə özünü büruzə verir. Belə olduğu təqdirdə xəstəliyə uzun müddət düzgün diaqnoz qoyulmur ki, bu da çox az müddətdə görmə qabiliyyətini tam itirilməsi kimi ağır fəsadlara səbəb olur.

Sistem qırmızı qurd eşənəyi xəstəliyinə hazırda daha çox gənc analar arasında rast gəlinir. Misal üçün erkən yaşda düşüklər, vaxtından əvvəl doğuş, uşaqsalma kimi problemlərin səbəbi kimi göstərilir. Adıgedən xəstəliyin əlamətləri dəridə əmələ gələn müxtəlif ölçüdə səpkilər, oynaqlarda ağrılar, yüksək hərarət və iltihabi prosesin baş verməsidir. Yalnız bu əlamətlər araşdırıldıqda sonra dəqiq diaqnoz qoymaq mümkündür. Sistem qırmızı qurd eşənəyi əvvəllər sağalmayan xəstəliklər qrupuna aid edilirdi. Müasir müalicə üsulları vasitəsilə bu xəstələrin təxminən 20 faizi sağalır. Vaxtında qoyulan diaqnoz xəstənin sağalmasında əsas rol oynayır. Belə olmadığı təqdirdə isə bu xəstəlik əlillik və ya xəstənin həyatını erkən itirməsi ilə nəticələnir.

İmmunoloji əlamətlərin dəqiq diaqnozu olmadıqda bu xəstəliklərin heç birini təyin etmək mümkün deyil. Çox zaman yeniyetmələrdə oynaq xəstəliyi kimi qəbul etdiyimiz xəstəliyin sonunda leykoz olduğu məlum olur. Bu zaman isə xəstəliyin ağırlaşmalarında itirilmiş zaman çox böyük rol oynayır. Onu da qeyd edim ki, müasir təbabət leykozun müalicəsində çox irəliləyib. Demək olar ki, bu xəstəlikdən əziyyət çəkənlərin 100 faizi sağalır. Xəstəliyin sağalmasında əsas faktor vaxt itkisinə yol verməmək, xəstənin düzgün istiqamətə yönəldilməsi, müayinə, müalicə və praktik tədbirlərin vaxtında təşkilidir.

Bəzi xəstəliklər var ki, onların əlamətləri revmatik xəstəliklərlə uyğundur və həkimləri çaşdırır. Bunlar oynaqda ağrı, hərarətin artması, dəridə dəyişikliklər, titrəmələrdir. Bütün bu simptomlar revmatik xəstəliyi xatırladır. Lakin burada da zaman faktoru və düzgün diaqnozun rolu əsasdır.

Bütün bu xəstəliklərin profilaktikası ancaq sanitar-gigiyena qaydalarına riayət edilməsi və kontrolsuz dərman preparatlarının qəbulunun qarşısını almaqdır. Bir sıra xəstəliklərlə bağlı problemlərin ən azından bir qisminin həlli əhali arasında sanitariya maarifləndirmə işlərinin aparılması ilk sırada dayanır. Çox təəssüf hissi ilə onu da demək istərdim ki, əhali ilə yanaşı, bəzi həkimlərimiz arasında da bir sıra maarifləndirmə işləri aparılmalıdır".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...