Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur kişilərin baş əydiyi qadın - fahişə, yoxsa məlaikə? - FOTOLAR

Dahi şəxslərin nəinki əsərləri, şəxsi həyatları da həmişə diqqət mərkəzində olub. Xüsusən də öz qəribəlikləri ilə əksər qadının dözə bilmədiyi bu dahilər üçün gəncliyini qurban verən mütləq bir fədakar qadını olur. Şair demiş: "Bu dünyada bəlkə sənə ən çox ağlayan, ən çox ağlatdığın qadın olacaq”.

Mynews.az yazıçı, dramaturq Aleksandr Ostrovskinin xanımı haqqında yazını təqdim edir:

Yazıçı, rəssam, şair qadını olmaq asan məsələ deyil. Bu qadınlar ərinin hisslərindən, qayğısından başqa hər şeyə qarşı daşlaşmalıdır. Çox vaxt həyat yoldaşının vaxtaşırı sevgi münasibətlərinə də dözməli, göz yummalı olurlar.

Kaprizləri, dözülməzliyi ilə ad çıxarmış dahilərdən biri də yazıçı, dramaturq Aleksandr Ostrovski olub. Ali təhsilini yarımçıq qoyaraq, özünü fəal şəkildə ədəbiyyata həsr etməsi ilə ilk inadkarlığını ortaya qoyan, anadan yetim, sərt atadan incik olan Ostrovskini əslində qınamaq doğru olmazdı. O, uşaqlığını valideyn qayğısı ilə keçirməmişdi: erkən böyüməli olan uşaqlardan idi. Amma insanın, xüsusən də güclü cinsin həmişə ana qayğısına ehtiyacı olub. Ana bu dünyada olmadıqda isə bunun əvəzini həyatını qovuşdurduğu qadında axtararlar. Ostrovskidə deyilənlərdən yan keçmədi. Həyat yoldaşı timsalında anasını tapdı, amma özü təəssüf ki, yaxşı "övlad” ola bilmədi.

Onun ilk xanımı Aqafya İvanovna haqqında məlumat çox azdır. Tarixçilər, ədiblər nə qədər bu qadının izinə düşsələr də onu tamamilə araşdıra bilmədilər. Çünki qadının özü də elə göydəndüşmə idi. Atasının iradəsinə zidd gedərək ali təhsilini yarımçıq qoyduqdan sonra Aleksandr Moskvada ev tutaraq ədəbi fəaliyyətlə məşğul olurdu. 1847-ci ildə qonşuluqda yaşayan qızla – Aqafya ilə tanış olur. Təsəvvür edin, Aqafyanın nə yaşı, nə soyadı, nə də kimliyi məlumdur. Rus İmperiyasının bütün sənədləri alt-üst edilib, amma onunla bağlı nəsə tapılmayıb. Elə buna görə də müasir tarixçilər onu "göydəndüşmə mələk” adlandırırlar. Çünki XIX əsrdə Moskva kimi şəhərdə gənc qızın kimsəsiz halda yaşaması görünməmiş bir hal idi. Aqafyanın özündən başqa 13 yaşlı Sofiya adlı bacısı da vardı. Aleksandrla birlikdə yaşamağa başladıqdan sonra bacısı da onların yanına gəlir. Bu qızcığazın da sonrakı taleyi naməlumdur. "Birlikdə yaşamaq” sözünü qabardaq, çünki Ostrovski bu qadınla 20 il yaşasa da, nikahına almayıb. Amma bu izdivacdan 4 uşağı olub. Uşaqlardan 3-ü körpəykən ölüb.

Ostrovskinin bütün yazıçı dostları, zamanının ən böyük qələm ustadları onun xanımına böyük hörmətlə yanaşırdılar. Bu hörməti Aqafya xarakteri, əxlaqı, qonaqpərvərliyi, ərinə olan sonsuz məhəbbət və sədaqəti ilə qazanmışdı. Ostrovski zadəgan kişinin oğlu olsa da atası ilə soyuq münasibəti ona əl açmamağa vadar edirdi. Nəticədə ailə çox ağır şəraitdə yaşayırdı. Müasirləri düşünürdü ki, Aqafya olmasaydı, Ostrovski çoxdan it-bat olmuş, atasının qarşısında boynubükük qalmışdı. Aqafya sözün həqiqi mənasında yeməyib-içməyib ərini bəsləyirdi. Onun evinə nə vaxt qonaq gəlsə, sobanı isti, süfrəni hazır, evi təmiz, sakit görərdi. Heç uşaqlar da cınqırını çıxarda bilməzdi ki, atalarına mane olmasınlar.

Aqafya Aleksandra həm də yazmağa kömək edirdi. Məsələ burasındadır ki, qadın Moskvanın "arxa küçə”lərinə aid hər şeyi bilirdi. Vağzallarda, bazarlarda, məhdud çərçivələrdə nələr baş verdiyindən, hansı jarqonlardan istifadə olunduğundan agah idi. Ostrovski kimi "zadəgan uşağına” cəmiyyətin müxtəlif təbəqələrinə dair dram əsərləri yazmağa kömək edən də o idi. Üstəlik tanınmış yazar dostları onlara yığışanda Aqafya mülayimcəsinə müdaxilə edir, müzakirələrə qoşulur, ali təhsilli adamlara ağıllı məsləhətlər verirdi. Necə? Bu sual o vaxtdan bəri hər kəsi düşündürür. Aqafya küçə qadını idimi? Yalnız küçədə doğulub-böyümüş, pozğun həyat keçirən qadın bütün bunlardan xəbərdar ola bilərdi. Bu, Aqafyanın kimsəsiz olması məsələsini də açır. Güman ki, nikahdankənar doğulub, yanındakı qızın da onun həqiqi bacısı olub-olmaması dəqiq deyil. Amma Aqafya onu nəinki bacısı, öz balası kimi sevirdi. Amma Ostrovskinin dostları onun təmizliyinə, düzgün həyat keçirən biri olduğuna əmin idilər. Hələ heç bir fahişə məlaikə olmağı bacarmayıb. Mütləq və hardasa keçmişini ortaya qoyublar. Aqafyanın isə mələk kimi pak, sadə, əxlaqlı olub. Həm də XIX əsrdə indiki kimi küçə adamı da dünyagörüşlü olmurdu. O zamanın küçə adamı ali təhsilli kişilərə ağıl verəcək səviyyədə deyildi. Hər nədirsə, bu suallar və mülahizələr hələ də müzakirə olunur.

Bəs niyə Ostrovski onunla nikaha girmədi? Bəlkə də yuxarıda qeyd olunan məsələnin əslini bildiyi üçün?! Onun kim olduğunu bircə Ostrovski bilirdi, o da heç vaxt bu barədə danışmazdı. Ostrovskinin atası bu münasibətə mane olmaq üçün çox çalışdı. Amma o, uşaqlarının anasını atmadı. İş bu yerə çatanda heç olmasa nikaha girsin deyə tələb etdi, o da baş tutmadı. Bu ailəyə belə xoş idi – ya zamanından irəli getmişdilər, ya da nəsə onları kilsəyə girməyə qoymurdu. Kilsə demişkən, o dövrdə kişi ilə nikahsız yaşayanları kilsəyə buraxmırdılar, Aqafya isə istisna idi. Onun pak, sevgi dolu, yüksək insani cəhətləri olan biri kimi kilsəyə gəlməsinə heç bir keşiş əngəl olmurdu. Nikaha gəlincə, suallardan yaxasını qurtarmaq üçün Aqafya Aleksandra tay olmadığını, onun yanında çox sadə qaldığını deyirdi. Həm də guya onunla nikaha girməsi Aleksandrı öz səviyyəsində olan qohum-əqrəbası, çevrəsi yanında nüfuzdan sala bilərdi. Amma bu deyilənlər, əslində incik qadının təsəlli sözləri idi. Aqafya kimi qadın ən azından uşaqlarının xətrinə, onlar cəmiyyətdə utanmasın deyə nikaha girə bilərdi. Həqiqəti isə heç kim bilmədi.

Aqafya ərinin aktrisalarla nə oyunlardan çıxdığını yaxşı bilirdi. Məşhur aktrisa Lyubov Kositskina-Nikulina ilə eşqbazlığını bütün Rusiya bilirdi. Amma tezliklə aktrisanın daha cavan bir tacirlə münasibət qurması bu sevgi hekayətinə son qoyur. Elə Ostrovski də geri qalmır. O da teatrdan daha gənc bir aktrisa ilə sevgi yaşamağa başlayır. Hətta o dərəcədə ki, Mariya Bexmetova adlı bu aktrisa ondan iki uşaq dünyaya gətirir. Aqafya isə həmişəki kimi susurdu. Ərini gülər üzlə, dolu süfrə ilə qarşılayır, evdə dincliyi pozmurdu. Amma gənc yaşında çəkdiyi əziyyətlər, yoxsulluq, üç uşağının ölümü, bir tərəfdən də ərinin sayğısızlığı onu tezliklə yatağa saldı. Onsuz da onun küsüb gedəcəyi başqa ünvan yox idi – o dünyadan savayı. Aqafya ölüm döşəyindən qalxa bilmədi və təxminən 42 yaşında dünyasını dəyişdi. Deyilənə görə, qadın xəstə olarkən Ostrovski bir an belə onun yatağından ayrılmırdı. Bu nə sevgi idi, nə bağlılıq idi – bunu da heç kim anlamadı. Amma Aqayfa öləndən 2 il sonra Ostrovski Mariya Bexmetova ilə evlənib.

İddiaya görə "Yanar ürək” pyesində Paraşa obrazı Aqafyaya həsr edilib. Çünki adda bənzərlik var - Ostrovski Aqafyanı Aqaşa deyə çağırırdı. Pyesdə Paraşa sahibinə ərə gedən qulluqçudur. Belə deyilir ki, Ostrovski Aqafya ilə evlənməməsinə sonralar çox peşman olmuşdu və ona görə də vicdan əzabının təsiri ilə bu əsər yazılıb. Aqafyanın sağ qalmış yeganə oğlu da anasının ölümündən bir neçə il sonra dünyasını dəyişib. Bacısının isə hara getdiyi naməlumdur. Ondan bu dünyaya quru addan başqa heç nə qalmadı. Hətta qəbri belə baxımsızlıqdan dağıldı. Sonralar isə ümumiyyətlə uyuduğu qəbiristanlıq söküldü...

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...