Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Cinayət, yoxsa təsadüf? - Bataqlıqdakı cəsədlərin SİRRİ - FOTOLAR

1640-cı ilin yayında Şalkölzer bataqlığından bir insan cəsədi çıxarıldı. Onun öldürülüb oraya atıldığı, yoxsa burada boğulub öldüyü naməlum idi. Amma məsələnin sirri bu deyildi, cəsəd yüz illər əvvəl yaşamış bir qadına məxsus idi və uzun müddət bataqlıqda qalmasına baxmayaraq çürüməmişdi. Şimali Avropadakı bataqlıqlardan tapılan cəsədlər ortaya bir sıra nəzəriyyələr və ilginc hekayələri çıxardı. Bu insanların yaşayış yerlərindən uzaq və təhlükəli bataqlıqlarda nə işləri vardı? 

Necə ola bilərdi ki, aradan min illər keçməsinə baxmayaraq cəsədlər çürüməmişdilər? Cəsədlərin üzərində aşkar olunan işgəncə izlərinə inansaq, onlar burada ölmüş, ya da öldürülmüş qurbanlar idilər. Batmış insanların məhkum olduqları şübhəsi də vardı. 

Cəsədlər niyə çürümürlər?

Bataqlıq cəsədlərinin ilk sirri onların əsrlər keçməsinə baxmayaraq, yaxşı formada qorunmaları idi. İlkin nəzəriyyələrə görə, cəsədlərin çürüməməsinin səbəbi bataqlıqdakı yosunların bunları qoruyacaq torf yaratmalarıdır. Torf bakteriyaların çoxalmasının qarşısını alır, bu da cəsədlərin çürüməməsinə imkan yaradır. Yosunun səthində kimyəvi maddə təbəqəsi var, bu, cəsədlərin dərilərini qorumağa imkan verir. Lakin dərinin rəngini “mallard reaksiyası” adlanan tünd qəhvəyi rəngə çevirir. Bataqlıq yosunu məhv olmağa başlayanda boru formasını alır və sıxılır, nəticədə cəsədlər bu “boru”nun içində qalır və kimyəvi maddələrin içində qorunurlar. Son əsrlərdə Avropada torfdan yanacaq kimi istifadə olunması qitə bataqlıqlarında “gizlənmiş” cəsədləri gün işığına çıxardı. Cansız bədənləri bataqlıqlara torf çıxarmaq üçün gəlmiş kəndlilər tapmışdılar. 

Vindebi bataqlığından tapılmış gənc qadının başının bir tərəfi təraş edilmişdi, gözləri bağlıydı. Bu onun qurban olaraq zorakılığa məruz qaldıqdan sonra bataqlığa atıldığını göstərirdi. Aşkar olunmuş bir sıra cəsədlərin isə dəriləri soyulmuşdu. Hüldremos bataqlığından tapılmış orta yaşlı bir qadının üzərində isə qoyun dərisindən hazırlanmış uzun palto, don və başında örtük vardı. 1950-ci ildə Danimarkada yerləşən Tollund bataqlığından çıxarılmış kişinin boynunda asılması üçün istifadə edilmiş kəndir vardı.

“Mumiya tozu”

Avropa batalıqlarındakı cəsədlərlə bağlı ən köhnə qeydlər XVII, XVIII və XIX əsrlərə aiddir. Bu əlyazmalara görə, hər yenilənən əsrdə bataqlıqlara atılmış insanların sayında da artımlar müşahidə olunub. Bu cəsədlərin bir hissəsi heç bir iz qoymadan itib, bir hissəsi də bataqlıqlardan çıxarılaraq dəfn olunub. İşin ən maraqlı tərəfi bu idi ki, cəsədlər bataqlıqlardan çıxarıldıqdan dərhal sonra çürüməyə başlayırdılar. Çünki bu cəsədlərin dəfn olunduqları quru torpaqda torf qatı yox idi. İndiyədək bataqlıqlardan çıxarılmış cəsədlərin bir qismi də “mumiya tozu” üçün “xammal” adıyla, yaxud “bahalı dərman” kimi satılıb.

Ən yaşlı cəsəd

Avropada bataqlıq cəsədləri ilə bağlı ciddi elmi araşdırmalar 1870-ci ildən başlayıb. Lakin ən məşhur bataqlıqlardan cəsədlər yalnız XX əsrdə aşkar olunub. Texnoloji inkişaf da Danimarka (Tollund. 1950-ci il) və Böyük Britaniyadakı (Lindov Moss.1984-cü il) bataqlıqlardan çıxarılan cəsədlər üzərində daha ciddi analizlərin aparılmasına imkan yaradıb. Cəsədlərin uzun illər rütubət və suyun içində qalmalarına baxmayaraq çürüməmələri, əksinə, mükəmməl formada qorunmalarının sirrini açmaq elə də asan olmadı. 1950-ci ildə Danimarkadakı Tollund bataqlığından torf çıxaran kəndlilər burada insan cəsədinə rast gəldilər. Kəndlilər ölmüş insanın cinayət qurbanı olduğundan şübhələnmişdilər və polisə xəbər verdilər.

1984-cü ildə Çeşir bölgəsindəki Lindov Moss bataqlığından saçları və beyninin bir hissəsi sağlam qalmış, bir gözü olan kəsilmiş insan başı tapıldı. Polis cinayətdən şübhələnmişdi. Şübhəli şəxs qismində saxlanılan bir ingilis ağır istintaq suallarından sonra cinayəti üzərinə götürdü. Lakin radio-karbon analizlərindən sonra həm Tollund, həm də Lindov Moss cəsədlərinin 2000-dən çox yaşlarının olduğu ortaya çıxdı. Ən yaşlı bataqlıq cəsədinin 10000 il yaşı var. Gənc qadına məxsus olan cəsəd Danimarkanın Fin adasındakı Kölberq bataqlığından tapılıb. Mezeolit dövrünə aid cəsədin yumşaq toxumaları mükəmməl şəkildə qorunmuşdu. Britaniya, İrlandiya, Hollandiya, Danimarka və Almaniyada daha çox rast gəlinir. Cəsədlərin az hissəsi orta əsrlər və yeni dövrlərə məxsus olduqları halda, böyük qismi eramızdan əvvəl I, bizim eranın IV əsrlərinə aiddirlər.  

Cinayət, yoxsa təsadüf?

Tarixçilər bu cəsədlərin təsadüfən ölmüş insanlara aid olmadıqları qənaətinə gəliblər. Hesab olunur ki, tarixin ayrı-ayrı dövrlərində, xüsusilə, Şərqi Avropada bataqlıqlara insan atmaq edam cəzasının bir üsulu kimi tətbiq olunurdu. Bir sıra tarixçilər də bunu dəfn mərasimi, yaxud dini rituallarla əlaqələndirirlər. Eramızdan əvvəl Şimali Avropada ölmüş insanların su və bataqlıqlarda dəfn olunmaları artıq ensiklopediya və tarix kitablarında rəsmiləşdirilib. 

Cəsədləri bataqlıqlarda aşkar olunmuş insanların işgəncə və müxtəlif üsullarla öldürüldüklərinə şübhə yeri yoxdur. Çünki tapılan əksər cəsədlərin üzərində zorakılıq əlamətləri vardı. 1984-cü ildə Lindov Mossdan tapılan cəsədin başına küt alətlə iki zərbə vurulmuş, boğazı kəsilmş və boynu qarotla qırılmışdı. Danimarkadakı Qrabal bataqlığından tapılmış kişi cəsədinin də boğazı kəsilmişdi, alnına küt alətlə zərbə vurulmuş və bir ayağı da sınmışdı. Bunlar qəza deyildi. Tollund cəsədi asılaraq öldürülmüşdü. Borremos cəsədinin (qadın) dərisi soyulmuşdu. Başqa bir bataqlıqdan tapılmış qız cəsədi bıçaqlanmış və boğulmuşdu. Aşkar olunmuş cansız insanların hamısı fərqli üsullarla öldürülmüşdü və bu, işin başqa bir sirri idi. Bu insanların cinayət qurbanları olmadığını göstərən daha əhəmiyyətli bir detal vardı. Əksəriyyəti bataqlıqlara çılpaq halda atılmışdılar. Aralarında dəriləri soyulmuş, lakin üzərlərində paltar olan cəsədlər də vardı. Ən maraqlısı bu idi ki, gənc qızlara məxsus olan cəsədlərin (Vindebi) başlarının bir tərəfi təraş edilmişdi.

Vətən xainləri, homoseksuallar, fərarilər, qorxaqlar...

Arxeoloqlar cəsədlərin araşdırılması işini II əsrdə yaşamış yunan tarixçi Takitusun əsərləri üzərində aparıblar. Takitus qədim german xalqlarından bəhs edən “Germania” adlı kitabında Şimali Avropada bir sıra cinayətlərə görə verilən cəzalardan yazır: “Vətən xainləri və hərbi fərarilər ağaclardan asılaraq öldürülürdülər. Müharibədən qorxanlar, vəzifələrindən sui-istifadə edənlər və öz vəzifələrini yerinə yetirməyənlər, cadugərliklə məşğul olanlar, öz cinsləriylə cinsi əlaqədə olanlar (homoseksuallar) böyük bir səbətin içinə qoyularaq bataqlıqlara atılırdılar”. 

Takitus zina edən qadınlardan ayrıca bəhs edir: “Günahkar qadın əri tərəfindən cəzalandırılır. Ər günahkar qadının saçlarını təraş edir, onu lüt soyundurub, qohumlarının qarşısından keçirərək şəhər, yaxud kənd boyunca qamçılayırdı”. Arxeoloqlar bu baxımdan bataqlıqlardan tapılmış və başlarının bir tərəfi təraş edilmiş qadın cəsədlərinin məhz zina qurbanları olduqları qənaətinə gəldilər. Hələ erkən orta əsrlərdə Burquniya qanunlarına görə, ərindən imtina edən qadın bataqlığa atılaraq edam edilirdi.

Zəhərli yulaf

Bataqlıq cəsədlərinin edam edilmiş məhkumlar, yaxud cinayət qurbanları olduqları barədə yekdil fikir yoxdur. Bir sıra qədim Şimali Avropa xalqları arasında dini rituallar və dəfnetmə mərasimlərinə uyğun olaraq insanların göllərə, su hövzələrinə, yaxud bataqlıqlara atılması ənənələri də var. Bu baxımdan aşkar olunmuş və üzərlərində zorakılıq əlamətləri olmayan cəsədlərin bu ənənələrə görə bataqlıqlara atıldıqları da gözardı edilmir. Lakin bizim eranın əvvəllərində german xalqlarında bunun cəza növü olması məsələsi də tarixi qeydlərdə özünə yer tapır. Sirrin açılmasına gün işığı tutan başqa bir faktor, cəsədlərin mədələrində aparılmış analizlərlə bağlıdır. 

Tollund və Qrabal cəsədlərinin mədələrində aparılmış analizlərə görə, bu insanlar öləməmişdən əvvəl yulaf şorbası yeyiblər. Ehtimallara görə, həmin adamlar yulaf zəhərli olduqları üçün ölüblər. Aşkar olunmuş cəsədlərin az bir qisminin, xüsusilə, Şimali Avropadan tapılmış cəsədlərin əlverişsiz hava şəraitində yollarını azaraq bataqlığa düşərək ölən insanlara məxsus olduğu deyilir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...