Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Kraliçanın özündən 45 yaş kiçik qulluqçusu ilə - EŞQ MACƏRASI - FOTOLAR

Əsrlər boyu saray divarları arasında baş verənlər, istər cinayət, istər xəyanət şəklində olsun, həmişə sonrakı dövrlər üçün böyük maraq doğurub. Şah saraylarında baş verən gizlinlər sonralar ortaya çıxmasın deyə, bunlardan çoxunun üstü örtülməyə çalışılıb. Xüsusən də, gələcəyi düşünən Qərb saraylarında baş verənlərlə bağlı bütün faktları aradan qaldırmağa həmişə cəhd olunub. Amma mütləq geriyə nəsə qalıb ki, gələcək nəsil ondan xəbər tutsun. Çünki heç bir şey ömürlük gizlədilə bilməz.

Deyilənə görə, Qərb sarayları içərisində ən çox faktları gizlədən Britaniya monarxiyası olub. Onların gizlətmə üsul qaydaları heç dünyanın kəşfiyyat xidmətlərində yoxdur. Amma yenə də hardasa gözdən qaçmış hansısa fakt sandığı açaraq pambıqları günə verir. Məsələn, Britaniya kraliçası Viktoriyanın hind xidmətçisi Əbdül Kərimlə münasibəti. Bu cavan hindliyə demək olar ki, bütün Britaniya nifrət edirdi. Ona görə də Viktoriya öldükdən sonra onun Əbdül Kərimlə bütün yazışmaları ortadan qaldırılmışdı. Amma bir nüans nəzərdən qaçmışdı. Kərimin öz xatirələri. Ağıllarına gəlməmişdi ki, Kərim bütün bu münasibət haqqında gündəlik yaza bilər. Xidmətçinin də ölümündən sonra həmin gündəlik haqda heç bir bilgi olmadığı halda, 2010-cu ildə “gizli xatirələr dəftəri” qəfil üzə çıxır. Hazırda həmin gündəlik bir rejissorun əlinə keçib və bunun əsasında film hazırlanacaq ki, baxmaq çox maraqlı olardı – bizə də, ingilislərə də. Görəsən, Avropanın ən böyük dövlətinin kraliçası, əri öləndən sonra sədaqət rəmzi olaraq heç kəsə ərə getməyən qadın, özündən 45 yaş kiçik cavan hindli ilə nələr edirmiş?!..

Publika.az bu qəribə dostluğun tarixinə nəzər salıb:

1887-ci ildə kraliça Viktoriyanın hakimiyyətə gəlməyinin 50 illiyi mərasiminə dünyanın bir çox ölkələrindən krallar və nüfuzlu şəxslər qatılmışdı. Onlardan ikisi Britaniya müstəmləkəsi olan Hindistanın nüfuzlu racalarından idi. Belə böyük zatların qarşısına məhz hindli qulluqçuları çıxarmağı düşünürlər. Həmin qulluqçuları Viktoriya özü də ilk dəfə görürdü və onların arasındakı 24 yaşlı cavan və yaraşıqlı hind oğlan kraliçanı ovsunlayır və hökmdar qadın bu qulluqçunu yanında saxlayır.

Maraqlıdır ki, Əbdül Kərim özü də Hindistanda yüksək kastadan olub. Amma onun niyə öz ölkəsindən gəlib İngiltərədə qulluqçu işləməsi naməlumdur. Hər halda Britaniya ərazisinə daxil olanda bu adam pulsuz, səfil halda olub və əl altında ora-bura qaçırılan işçi kimi çalışdırılıb.

Kraliça bu cavan şərqlini özünə daha da yaxın tutmaqdan ötrü ondan urdu və hind dili dərslərini almağa başlayıb. Oğlana da ingiliscəni daha yaxşı öyrənməsi üçün müəllim tutub. Tədricən şah və nökər bir-birinə daha da yaxınlaşıblar.

Müstəmləkə ölkəsindən gəlmiş bir qara hindlinin kraliçanın ətrafında olması saray əhlinin xoşuna gəlmirdi. Əbdülü uzaqlaşdırmaq istəsələr də, kraliça buna razılaşmadı. Tezliklə, bütün Britaniya bu müsəlman hindlinin kölgəsini qılınclamağa başladı. Kraliça isə cavan dostunu bahalı hədiyyələrlə əzizlləyirdi, hələ ona Hindistanda böyük torpaq sahəsi də hədiyyə etmişdi.

Bununla belə ingilislər kraliça ilə qulluqçunun arasında cinsi münasibətin olmadığını təkid edirlər. Amma bir fakt mövcuddur ki, bir gecə Kərimin kraliçanın əri ilə yatdığı izdivac otağında təklikdə qaldığını çoxları görmüşdü.

Yaşlı kraliça tezliklə dünyasını dəyişməsi ilə Əbdül Kərimin də “hakimiyyət”inin sonu gəldi. Onu təcili ölkədən çıxardılar, bütün yazışmaları və şəkilləri də əlindən alıb məhv etdilər. Çünki sanballı kral ailəsinin nüfuzuna xələl gələ bilərdi. Amma yenə də üstü örtülmüş gerçəklik üzə çıxarmağı bacardı.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...