Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Pullu və pinti ərəb turistlər - “Açıq-saçıq geyinən qadın görəndə özlərini itirirlər”

Bu yayın ən çox müzakirə mövzusu Bakıya gələn ərəb turistləridir. Daha dəqiq ifadə etsək, ərəb turistlər öz hərəkətləri ilə müzakirə mövzusuna çevriliblər. Biri təbii ehtiyacını hər kəsin gözü qarşısında “ödəyir”, digəri pakistanlı restoran sahibini döyür, başqa biri icarəyə götürdüyü maşının içini zibil qutusuna çevirir. Qadınların hicabla dənizə girmələri, kişilərin barlarda içki məclisləri də birmənalı qarşılanmır.

Bəllidir ki, ərəb turistlərindən daha çox xidmət və əyləncə sektoru qazanc götürür. Və təbii ki, pullu turistin nazını da onlar çəkir. Bəs onlar necə, ərəb turistlərdən razıdırlarmı?

Virtualaz.org-un əməkdaşı xidmət sektorunda çalışanların ərəb turistlərlə bağlı fikirlərini dinləyib.

Pullu və pinti…

Kafe və restoranlarda ərəb turistləri iki kəlmə ilə belə xarakterizə edirlər. Fəvvarələr Meydanındakı restoranların birində ofsiant kimi çalışan Əjdər Hüseynov deyir ki, ərəb turistlər “çay pulu” verməyi sevmirlər.

“Masanın üstü dolub-daşana qədər yemək sifariş verirlər, onlardan sonra isə iki adam lazımdır ki, ətrafı təmizlənsin. Elə bil heç vaxt restoranda olmayıblar, uşaqlar ayaqqabı ilə oturacaqların üstünə çıxır, zibili qaba yox, yerə atırlar. Dəfələrlə ya boşqabı, ya da masaya qoyulan gül vazalarını sındırıblar”, – Əjdər söyləyir.

“Yalandan gülümsəməkdən üzümüz qırışıb”

Bunu isə “Mado” restoranının adının açıqlanmasını istəməyən əməkdaşı deyir. Onun sözlərinə görə, ərəblərin olduğu yerdə səs-küy qaçılmazdır. O qədər hündürdən danışırlar ki, kənardan mübahisə görüntüsü yaranır: “Uşaq əlindəki suyu yerə tökürdü, yaxınlaşıb gülümsəyərək işarə etdim ki, olmaz, özü yıxılacaq. Qəflətən atası uşağa bir qapaz vurdu, masadakı 10 nəfər birdən danışmağa başladı. Yalandan gülümsəməkdən üzümüz qırışıb, çox pintidilər. Qadınları, ümumiyyətlə, uşaqlara nəzarət etmirlər”.

Səhərlər – ailə ilə gəzinti, axşamlar – bar, diskoteka

Taksi sürücüsü Zakir Tağıyev deyir ki, ən yaxşı müştərilər şotlandlar və amerikalılardır, çünki həm mədəni, həm də səxavətlidirlər: “Düzdür, türklər, iranlılar da özlərini mədəni aparır, amma ərəb turistlərini nəzarətsiz buraxmaq olmaz. Bir də görürsən, yanlarında 3-4 arvad taksiyə minirlər, amma açıq-saçıq geyinən birini görən kimi başlarını pəncərədən çıxarıb arxasınca qışqırırlar”.

Sürücü deyir ki, ərəb turistlərinin aldadılması xəbərlərinə inanmır, çünki 5 manatlıq yola 3 manat verməyə razı olmurlar: “Ərəblər səxavətli deyil, onları aldatmaq çətindir. Taksi sürücülərinin əksəriyyəti onları maşına buraxmır, çünki oturmaqları ilə maşını çirkləndirməkləri bir olur. Siqareti oturacaqda söndürürlər, əllərindəki zibili pəncərədən küçəyə tullayırlar”.

Z.Tağıyev onu da əlavə edir ki, ərəbləri daha çox 3 istiqamətə aparır: “Ərəb turistləri otel, bulvar və diskotekaya gedirlər. Səhərlər ailələri ilə gəzirlər, axşamlar isə diskotekalardan çıxmırlar. Açıq-saçıq geyinən qadın görəndə sanki özlərini itirirlər”.

Digər taksi sürücüsü Famil dayı da söhbətə qoşulur. Deyir ki, 27 ildir taksi sürür, yalnız ərəb turistləri gələndən sonra bar və diskotekaların yerini öyrənib. “Yaşlı-qoca, fərqi yoxdu, çoxu bara gedir. O gün qoca ərəb o qədər içmişdi ki, qoluna girib bardan çıxardılar. Otelin qapısında yediklərini qaytardı, otel işçiləri də iyrəndiklərindən yaxın dura bilmirdilər. Arvadları qoluna girib apardılar”.

İranlılar alış-verişi sevir, ərəblər yox

Turistlərin ən çox toplandığı məkan Fəvvarələr Meydanı olduğundan, oradakı mağazalara baş çəkirik. Ərəb turistlər də alış-verişdədir. Əntiq əşyalar satan Əziz Məmmədli deyir ki, mağazanı ələk-vələk etmələrinə baxmayayaraq, rəsm əsərləri və ya əntiq əşyalara pul xərcləmirlər. “Hər gün azı 5-10 dəfə gəlib baxırlar. Amma avropalılar kimi ərəblər belə əşyalara pul xərcləmirlər”.

Əziz qarşılaşdığı hadisəni danışır: “Qız rəsmi vardı, yataqda, sinəsi açıq uzanmışdı. Kişi yanındakılara nə isə dedi, arvadlar mağazadan çıxdı, özü isə mağazanı dörd dolandı, rəsmə iki-üç dəfə baxdı. Elə bil qutuda ilan görmüşdü”.

Geyim mağazasında isə ərəblərin alış-veriş etdiklərini söyləyirlər. “Doğrudur, iranlılar daha yaxşı müştəridir, amma ərəblər də alver edirlər. Daha çox uşaq paltarları, parça çantalar satmışıq. Ümumiyyətlə, ərəblər bəzək əşyalarına çox da pul xərcləmirlər”, -satıcı deyir.

Bir də günah məsələsi…

Taksi sürücülərinin dedikləri, ərəblərin içki məclislərində görüntüləri maraqlı sual yaradır, öz ölkəsində dini qayda-qanuna riayət edən ərəblər Bakıda barlara gedib qızlarla əylənməklə islam dini baxımından günahkar sayılırlarmı?

Bu sualı isə dindar Salman Salmanov cavablandırır. “Birincisi, ərəblər əyləncə mərkəzlərində qızlarla əylənirlərsə, zina edirlər. Dinimiz isə zinanı qadağan edib. “Qurani-Kərim”in “İsra” surəsinin 32-ci ayəsində buyurulur: “Zinaya yaxın düşməyin, çünki çirkin bir əməl və pis yoldur”. İçki də dində haram buyrulub, deməli, ərəblər bilə-bilə günah işlədirlər. Bunun isə cəzası böyükdür”.

Qeuyd edək ki, 2016-cı il fevralın 1-dən Azərbaycanın bütün beynəlxalq hava limanlarında vizaların sadələşdirilmiş yolla verilməsi sistemi tətbiq edilib. Ötən il Azərbaycana yalnız Birləşmiş Ərəb Əmirliklərindən 10 min 86 turist gəlib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...