Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Niyə milyarderlərin daha çox oğlu olur? - İlginc faktlar

Tarix boyu cütlüklər uşaqlarının cinsini seçə bilmək barədə düşünüblər. Orta əsrlərdə qadınlar inanırdılar ki, cinsi əlaqə zamanı ərləri üzünü şərqə tərəf çevirsəydi onların oğlu olacaqdı.
 
Digərləri isə hesab edirdilər ki, əvvəlcə ərləri qırmızı şərab və təzə dovşan uşaqlığından hazırlanmış kokteyl içməlidir.
 
XVIII əsr fransız anatomu Procope-Couteau isə bir az da uzağa gedərək iddia edirdi ki, kişilər sol xayalarını oğlan uşağına qurban verməlidirlər. O, bu əməliyyatın diş çəkdirməkdən daha ağrılı olmadığını iddia edirdi.
 
Günümüzdə belə internetdə bir sıra ekzotik həll yollarına rast gəlinir. Vitamin və öskürək siropundan tutmuş, alt paltarını dəyişməyə qədər.
Təbii ki, daha rasional olanlarımız bunun heç bir fərq yaratmadığını bilir. Bu məsələ tamamilə təsadüfə bağlıdır. Uşağın qız, ya oğlan olması ehtimalı bərabərdir. Bu tamamilə ehtimal məsələsidir – bəxti aldada bilməzsiniz.
 
Ancaq son tədqiqatlar göstərir ki, minillərlə valideynlər bu ehtimala ciddi təsir edə biliblər. Özü də fərqi yaradan əsl amillər əcdadlarımızın təsəvvür edə bildiklərindən də qəribədir.
 
Kişi ölümü
 
İndi biz bilirik ki, həm pis hava, həm də ramazan ayında oruc tutmaq qız uşaqlarının doğulmasına yol açır. Güclü, dominant xarakterə malik, səhər yeməyinə sıyıq yeməyi sevən, milyarder kişilərə üstünlük verən analarınsa daha çox oğlu olur.
 
Daha çox qız, ya oğlan övlada sahib olmaq bizim genetikamızda kodlaşdırılıb. Daha çox bacıları olan kişilərın qızları olur. Daha çox qardaşı olan kişilərsə oğlan övladrarın atası olurlar. Əslində nə baş verir?
 
Bir çox heyvanlarda erkəklər dişilər üstündə bir-birilə vuruşurlar
Bir çox heyvanlarda erkəklər dişilər üstündə bir-birilə vuruşurlar
 
Əslinə qalsa, qız, ya oğlan övladına sahib olmaq ehtimalı heç vaxt 50:50-yə olmayıb. Bütün dünyada doğulan hər 100 qıza 109 oğlan düşür.
 
Bu çox görünə bilər, ancaq bu, zəruridir. Kişilərin immun sistemi daha zəif, xolesterolu yüksəkdir. Onlar ürək problemləri ilə daha tez-tez üzləşir, şəkər xəstəliyinə daha meylli olurlar.
 
Kişilər arasında xərçəngə tutulma hallarına daha çox, xərçəngdən sağalma hallarına daha az rast gəlinir. Kişilər daha çox qətllərin və yol qəzalarının qurbanı olurlar.
 
Onlar qadınlara nisbətən üç dəfə daha çox intihar edirlər. Ona görə də cinslərin sayının bərabər olması üçün analar daha çox oğlan dünyaya gətirməlidirlər.
 
Uşaqların qız, ya oğlan olması məsələsi on illərlə alimləri də narahat edib. Charles Darwin bir çox heyvanlarda erkək və dişi balaların nisbətini öyrənib.
 
Ancaq o, son nəticədə bu mövzudan əl çəkməli olub. Mən indi görürəm ki, bütün bu problem o qədər dolaşıqdır ki, onun həllini gələcəyə saxlamaq daha yaxşı olar, – Charles Darwin deyib.
 
Bəs cinslərin nisbəti niyə 50:50-yə yaxındır, amma tam olaraq 50:50 deyil? Amerikalı təkamül bioloqu Robert Trivers Darwinin sözügedən araşdırması ilə məşğul olub.
 
O, öz həmkarı Dan Willard-la birlikdə təkamül biologiyasında ən məşhur nəzəriyyələrdən birini hazırlayıb. Bu nəzəriyyənin adı Trivers-Willard nəzəriyyəsidir.
 
Trivers-Willard nəzəriyyəsi bundan ibarətdir: fərz edək ki, siz uşaqlarınızın cinsini öncədən seçə bilirsiniz. Oyunun məqsədi dünyaya mümkün qədər çox varis gətirməkdir.
 
Bu, qumar kimidir. Uşaqlarınız oğlandırsa onlar milyarder, ABŞ prezidenti ola, çoxlu sevgili arasında birini seçə bilərlər.
 
George Bush və oğlu
Prezident George H.W. Bush-un 4 oğlu və 2 qızı var. Onlardan biri onun ardınca Ağ Evə qəlib.
 
Yüksək sosial statusun qadınları cəlb etməsi elmi faktdır. Dünyaya uşaq gətirən qadınlar daha dominant kişilərə üstünlük verirlər. Çoxlu pul və nüfuza malik kişilərsə adətən özlərindən cavan qadınlarla evlənirlər.
 
Onların evlilikdən kənar münasibətləri də olur. Oğlunuz uğurlu olsa, bu, təkamül baxımından böyük qələbə olacaq. Ancaq uğurlu olmasa, onda bəlkə heç özünə partnyor tapa bilməyəcək.
 
Bir çox heyvanlarda, qırmızı maral, fil suitisi, qorillalarda uğurlu erkəklərin yüzlərlə dişidən ibarət hərəmi olur. Zəif erkəklərsə ümumiyyətlə heç bir nəsil qoya bilmirlər.
 
Bundan başqa, resurslar məsələsi də var. Oğlanlar qızlardan daha çox yemək tələb edir. Bir çox cəmiyyətlərdə oğlana daha çox təhsil vermək və pul xərcləmək tələb olunur. Dominant olmağa qadir, yüksək sosial statusa malik oğul yetişdirmək üçün valideynlər böyük sərmayə qoymalıdırlar.
 
Bu amilləri nəzərə alaraq, Trivers iddia edir ki, əlverişli şəraitdə, yəni, məsələn, valideynlər yüksək statusa malik olanda və kifayət qədər qida olanda valideynlərin daha çox oğul dünyaya gətirməsinin təkamül baxımından əhəmiyyəti vardı.
 
Ancaq şərait daha əlverişsiz olanda təbii seçmə nəticəsində valideynlərin daha çox qızı olurdu. Çünki qızlar daha dözümlüdür. Qızlar çox cazibədar və sosial baxımdan uğurlu olmasalar belə, onların az sayda da olsa uşaq dünyaya gətirməsi ehtimalı böyükdür.
Hələ 80-ci illərdə alimlər aşkar etmişdilər ki, qırmızı marallarda dominant dişinin balasının erkək olması ehtimalı 60 faizdir. Bunu insanlara da şamil etmək olarmı?
 
1958-ci ildə Çinin hakim partiyası “İrəliyə Böyük Addım” adlı yeni iddialı layihəyə başladı. Hökumət ümid edirdi ki, bu layihə əhalisi əsasən kəndli fermerlərdən ibarət olan ölkəni bir neçə il içərisində sənaye ölkəsinə çevirəcək.
 
Çingiz Xan
Deyilir ki, Çingiz Xanın min övladı olub
 
Ölkə polad istehsalını 30 faiz artırmağa hazırlaşırdı. Ailələrə kədlərdəki fermalarını tərk etmək əmri verildi. Bağlar polad istehsalı müəssisələrinə çevrildi, göstəriciləri süni də olsa artırmaq üçün qazanlardan tutmuş traktorlara qədər bütün avadanlıq əridildi.
Çox keçmədən ölkə dəyişdi. Ancaq hökumətin gözlədiyi istiqamətdə yox. Layihənin başlanmasından cəmi bir neçə il sonra taxıl istehsalı 15 faiz azaldı. Dörd illik aclıq dövründə 45 milyon həyatını itirdi.
 
Təxminən 40 il sonra iqtisadçı Douglas Almond Çinin siyahıyaalma sənədlərini tədqiq etməyə başladı. O, bundan sonra nə baş verdiyini öyrənməyə çalışırdı. Ancaq o, qurbanlar barədə qeydlərə baxmırdı. O, orta yaşlı uşaqların həyatının necə olduğunu bilmək istəyirdi.
 
O, Kolumbiya Universitetindən olan həmkarları ilə birlikdə aclıqdan az sonra dünyaya gəlmiş insanlar barədə məlumatı onların valideynlərinin doğulduğu əyalətlərə aid məlumatla müqayisə edirdi.
 
Aclıq bəzi ərazilərə digərlərindən daha çox təsir etmişdi. Buna görə də tədqiqat komandası anaları ac qalmış uşaqlarla anaları ac qalmamış uşaqları müqayisə edə bilirdi.
 
Çində işçilər
Çinin Böyük Sıçrayış dövründə keçirilən aclığın qız və oğlan doğumlarına təsiri müşahidə olub
 
Onların tapıntısı çox maraqlı idi. Uşaqların özləri aclıq keçirməsələr belə, aclığa məruz qalmış ərazilərdən olanların savadlı, işlə təmin olunmuş, özünü təmin etmək qabiliyyətinə malik olması ehtimalı daha az idi.
 
Onların ailələri də daha kiçik idi. Qadınlar daha gec ərə gedir, yalnız bəxti gətirən kişilər evlənirdilər. Ən vacibi isə, aclığa məruz qalmış anaların dünyaya gətirdiyi uşaqların oğlan olmaq ehtimalı son dərəcə az idi.
 
Bu effekt hətta onların uşaqlarına ötürülmüşdü. Onlar da daha çox qız övladı dünyaya gətirirdilər.
 
Bu effektin miqyasını hesablamaq üçün yadınıza salın ki, dünyada hər 100 qıza 109 oğlan doğulur. Ancaq 1960 – 1963-cü illər arasında Çində doğulmuş oğlan uşaqlarının sayı hər 100 qıza 104 oğlan olmuşdu. Fərq 5% idi. Bu nisbət ta 1965-ci ilə qədər normal vəziyyətinə qayıtmadı.
 
Digər tərəfdən, daha dominant xarakterə malik olan, yüksəkkalorili qidalar qəbul edən, yaxud ABŞ prezidentləri ilə evli olan qadınların oğlan doğması ehtimalı daha çoxdur. Milyarder atalar üçünsə oğul sahibi olmaq ehtimalı 65% təşkil edir.
 
Bu məqamda siz düşünə bilərsiniz ki, bütün bu baş verənlərdən sonra necə olur ki, dünayda kişilərlə qadınlar arasında say fərqi dəhşətli dərəcədə böyük deyil. Çindəki Böyük Aclıq kimi fəlakətlər nəticəsində əsasən qadınlardan ibarət nəsillər yaranmalı deyildimi?
 
Elon Musk və ailəsi
Milyarder Elon Musk, yoldaşı və 6 oğlundan ikisi
 
Memfis Universitetindən ekoloq Keith Bowers hesab edir ki, əhalinin gender balansından çox da uzaqlaşmamasının yaxşı səbəbləri var.
 
“Oğullar qızlardan daha çox yemək tələb edirdilər. Ona görə də oğlan uşaqlarının davamlı olaraq çox olması daha rəqabətli ailə mühitinə yol açırdı”, – Bowers deyir.
 
Şərait yaxşı olanda bütün valdeynlərin oğlu olsaydı onlar böyüyəndə özlərinə həyat yoldaşı və yer tapmağa çətinlik çəkərdilər.
Hər kəsin oğlu olduğu vaxt genetik olaraq dünyaya daha çox qız gətirən adamlarsa üstün vəziyyətə malik olardılar. Zaman keçdikcə doğulan kişi və qadınların sayları bərabərləşərdi”, deyə tədqiqatçı qeyd edir.
 
Niderlandın Utrext Universitetindən təkamül bioloqu Corry Gellatly hesab edir ki, bu təbii tarazlaşma bəlkə də artıq baş verməkdədir. İnsanların daha çox oğlanlara üstünlük verdiyi Çində bir uşaq siyasətinin tətbiqi abort edilən qızların sayında böyük sıçrayışa səbəb olub.
 
Nəticədə bu siyasətin tam qüvvədə olduğu 1980-ci illərlə 2000-ci illər arasında doğulan uşaqların əksəriyyəti oğlan idi.
Ancaq birdən artıq övladı olan ailələrdə (Çində müstəsna hallarda belə də olur. Məsələn, valideynlər ucqar dağ yerlərində yaşayan yoxsul kəndlilər olanda, yaxud valideynlərin özləri evin tək övladı olanda) birinci uşağı qız olması ehtimalı daha çoxdur.
 
Çin
Çinin tək uşaq siyasəti doğulan qız və oğlanların sayında qeyri-bərabərliyə səbəb olub
 
Bunun səbəbi ailənin birinci uşağın cinsinə müdaxilə etməməsi ilə bağlı ola bilər. Ailələr daha çox ikinci uşağın cinsiyyəti ilə maraqlanırlar: birinci uşaq qızdırsa, ikincinin də qız olmasını istəmirlər, abort yolu ilə ikinci qız uşaqlarından qurtulurlar.
 
Oğlanlar təbii olaraq daha çox doğulanda, ehtimallar birmənalı olaraq azlıqda olan cinsin xeyrinə dəyişir. Maraqlıdır ki, yalnız oğlan uşaqlarına sahib olmağa bu qədər çox səy göstərməklə əhali dölün daha çox qız olmasına şərait yaratmış ola bilər.
 
Təəssüf ki, bu, qızlarla oğlanlar arasında tarazlığın bərpasına yol açmır. 2015-ci ildlə Çində kişilərin sayı qadınların sayından 60 milyon nəfər daha çox idi.
 
Hesablamalara görə, 2030-cu ilə qədər hər dörd çinli kişidən biri evlənə bilməyəcək. Kişilərin çox olduğu cəmiyyətlərdə bu, məişət zorakılığından tutmuş mütəşəkkil cinayətlər və qətllərə qədər bir çox xoşagəlməz halların artmasına yol aça bilər.
 
Bəziləri hətta hesab edirlər ki, artmaqda olan bu narazı subaylar ordusu silahlı qüvvələrə cəlb edilərək potensial irimiqyaslı münaqişələrdə istifadə oluna bilər.
 
Bəlkə də bütün canfəşanlığı kənara qoyub, xayalarınızı rahat buraxmağın vaxtı gəlib. Anlamaq lazımdır ki, uşağın oğlan olması ehtimalı təqribən 50:50-yədir.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...