Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İnanc, psixoloji pozuntu, ya qorxu... - Mavi daş bizi qoruyurmu?

Ta qədimdən bəri insanlar kəm gözlərdən, pis baxışlardan qorunmaq üçün göz muncuğundan istifadə edirlər. Hətta insanlar evlərini və iş yerlərini, avtomobillərini qoruması üçün böyük göz muncuqları alırlar. Üstəlik uşaqların da paltarına nəzərdən qorumaq üçün göz muncuğu taxırlar. Bir müddət öncə mətbuatda yer alan bir xəbərə görə, 6 aylıq uşaq üzərinə sancılmış sancaqla birlikdə göz muncuğu və dini duanı udmuşdu. Nəticədə yad cisim uşağın qida borusunda ilişib qalmış, yalnız həkimlərin müdaxiləsindən sonra körpənin həyatı xilas edilmişdi. 

Bəs görəsən doğrudanmı, göz muncuğu insanları bütün pis hadisələrdən qoruyur? Göz dəyməsinə inanmaq insanlarda bir psixoloji haldırmı? Dində insana göz dəyməsi anlayışı varmı?
 
Mavi rəngli daşlar
 
Məlumat üçün bildirək ki, göz muncuğu adətən pis gözlərdən qorunmaq üçün insanların istifadə etdiyi bir nəsnədir. Milli.Az ailem.az-a istinadən bildirir ki, insanı kəm gözlərdən qoruduğuna dair inanışın yayğın olduğu göz muncuğu fiquru müsəlman, musəvi və xristian cəmiyyətlərindən əlavə, buddist və hindu cəmiyyətlərində də rast gəlinir. Tarix boyu bir çox mədəniyyətdə və dini inancda göz fiquru pislikləri uzaqlaşdıran güclü bir tilsim olaraq qəbul edilir. Bu üzdən göz muncuqları da adətən göz şəklində olur. Şəxsin dünyaya açılan pəncərəsi olan göz hər cür yaxşı və pis düşüncənin ilk çıxış nöqtəsi olaraq qəbul edildiyindən, baxışlardan və pis gözlərdən qorunmaq məqsədilə əmici özəlliyi olduğuna inanılan mavi rəngli daşların son halı isə günümüzdəki göz muncuqlarıdır.

Göz muncuğu inancının kökü
 
Nəzər dəyməsi inancının, tarix boyu gözlərlə və baxmaqla əlaqəsi olduğu bildirilir. Kökəni Şümerlərə, Babillərə və Qədim Misirə  uzanan nəzər dəyməsi inancına görə, insanın daşıdığı mənfi düşüncələr, fikrin bayıra açılmış şəkli olan gözlərdən çölə çıxar və bu da ancaq baxışlarla olur. Buna vurucu güc deyilir. Vurucu gücün qarşısını almaq və ondan qorunmaq isə gözə gözlə qarşılıq verməkdən keçir. Buna görə şəkli gözü andıran hər şeyin insanı pis düşüncədən və nəzərdən qoruduğu inancı yayılıb. Xüsusuən qədim Misirdə "Osirisin Gözü", ya da "Horusun Gözü" nəzərə qarşı qorunma yollarından önəmli fiqurlar olaraq qarşımıza çıxır. 
 
Bunlar totemdir, inanclar sistemidir
 
Psixoloq Vəfa Rəşidova deyir ki, göz dəyməsinə inanmaq sırf psixoloji məqamdır: "Bunlar totemdir, inanclar sistemidir və bu, çox önəmli məsələdir. İnanclar sistemi olmasa, dəyərlər sistemi də dağılmış olur. Bu sistem çox yaxşıdır, amma bunu da bir həddə, bir yerə qədər etmək lazımdır. İfrata çevirmək insanı gülünc vəziyyətə qoyur. Misal üçün, bir insan uğursuzluğa uğrayırsa, bunu gözdəymə ilə əlaqələndirmək absurddur. Yəni mənim uğursuzluğum insanların ucbatından oldu, insanların mənə gözü dəydi deyən şəxslərin qorunma mexanizmidir. Bu, özünü sudan quru çıxarmaq anlamına gəlir. Gözdəymə məsələsi bizim qanımızda, canımızda olan bir yanaşma, baxış bucağıdır. Yəni elə bir ailə tanımıram ki, orada mənə göz dəydi ifadəsi işlənməsin. Adam var üzünə sızanaq çıxır, deyir, mənə göz dəydi. Yol gedəndə ayağı burxulur, deyir, mənə göz dəydi. Amma baxırsan ki, ətrafda heç kim yoxdur. İnsan mütləq daha çox gərgin, özünü günahkar hiss etdiyi situasiyalara düşəndə başqa günahkar axtarır. Onu da tapmayanda hər şey gözdəymə ilə əlaqələndirilir.
Amandır evimə qonaq gəlməsin deyir. Niyə? Çünki ailəmə göz dəyər. Göz dəyməni qoyaq bir tərəfə, sənin ailənlə bağlı güvən problemin, qorxun varsa, onu gözə bağlama. Problem var, yaşanır. Amma bunu başqa insanların üzərinə tökməyə, onları günahlandırmağa gərək yoxdu. Yəni mənim uğursuzluğuma görə kimsə günahkar deyil. Elə insanlar var ki, çox çalışmırlar, uğura aparan ən doğru yolu bilmirlər. Amma bunu gözdəyməyə bağlayırlar. Ondansa öz üzərində çox çalış".
 
Bu, uşağını itirmək qorxusundan irəli gəlir

 
Psixoloq deyir ki, uşaqlara göz muncuğu taxılmasının səbəbi onları itirmək qorxusu ilə əlaqədardır: "Məsələn, insan var ki, körpə uşağına göz dəyməsindən qorxur. Əslində o gözdəyməsindən qorxmur. Bu, sadəcə körpə uşağını itirmək qorxusundan irəli gəlir. Sadəcə o, elmi dildə bunu demir. Qarşı tərəfə demir ki, mən uşağımı itirmə qorxusu ilə yaşayıram. Deyir, uşağıma göz dəyər, amma şüur altında uşağını itirmə qorxusu yaşayır".
 
"Gözdəyməyə inanmayanlara qarşı aqressiv olurlar"

 
V.Rəşidova izah etdi ki, bu kimi hallar, xüsusən, sarışan hallar nevrozu olan insanlarda müşahidə edilir. Buna psixologiyada OKB, yəni obssesiv kompulsiv pozuntu deyilir: "Sarışan hallar nevrozu odur ki, insan real olmayan bir şeyə inanır və başqalarını da buna inandırır. Mən praktikamdan deyirəm, filankəs mənim uğursuzluğumdur, onun mənə gözü dəyir, bir iş dalınca gedirəm, onunla rastlaşanda işim düz gəlmir deyirsə, burada OKB özünü göstərir. Amma bu o demək deyil ki, hər kəsdə sarışan hallar nevrozu var. Bu, daha çox ifrata varan hallarda özünü büruzə verir. Amma bunu onların özlərinə demək olmur. Bəzən xətirlərinə dəyir, ya özlərini daha çox bilgili, eyni zamanda qarşısındakını bilgisiz sanırlar. Həmçinin bu mövzularda münaqişəyə belə girirlər ki, yox sən səhvsən, bilmirsən, mən bilirəm gözdəymə var və sair. O qədər buna inanırlar ki, inanmayanlara qarşı qəribə bir aqressiyaları olur. Eyni zamanda onları da bu cür şeylərə inandırmağa çalışırlar və demək olar ki, 80-90 faiz nail olurlar".
 
"Quranda buna aid ayə yoxdur"
 
Məsələyə dini aspektdən aydınlıq gətirən dini ekspert Elşad Miri deyir ki, göz dəymə kimi məsələləri insanlar sonradan uydurub: "Bir şüşə qırıntısı bizi qoruya bilməz. Nə Quranda, nə də peyğəmbərin hədislərində buna aid bir şey yoxdur. Bilmək lazımdır ki, insanı Allahdan başqa heç kim qoruya bilməz. Allah da qorunmağın yollarını göstərir. Yəni bu gün kimsə avtomobilinə "Allah qorusun" yazır, özü isə avtoşluq edirsə, Allah niyə onu qorumalıdır? Bunlar hamısı uydurma şeylərdir. Dinə aidiyyatı olmayan animizim, animatizm və pestitizimlə əlaqəli məsələlərdir".  
 
E.Miri Quranda gözdəymə ilə də bağlı hər hansı ayənin olmadığını söyləyir: "Sadəcə peyğəmbərimizə istinad edilən bir rəvayətin olduğu deyilir. Amma bu rəvayətin özünün də əsası yoxdur. Yəni ona qalsa, hər kəsin bütün gün peyğəmbərə gözü dəyərdi. Yaxud da dünyaca məşhur ulduzlar var ki, milyonlarla insan onlara baxır. Belə olsa onlara da göz dəyərdi. Keçmişdə məsələn, üzərliyin tüstüsü başağrısı və sair kimi hallar məqsədilə istifadə edilirdi. Amma sonradan onu da guya hansısa mənfur ruhları, auranı aradan qaldıran bir şey kimi insanlara sırıdılar".
 
İnsanların üzərində nədənsə qorunmaq üçün asdıqları dualarda nə yazıldığı barədə suala aydınlıq gətirən ekspertin sözlərinə görə, əslində heç o duanı yazanların özləri də bunu dəqiq bilmir: "Mən sizə bir fakt deyim. Bir nəfər mənə kağız gətirdi ki, burada nə yazılıb? Açıb baxdım ki, Quran ayəsidir. Soruşdum, bunu haradan tapmısan? Dedi, mənə bununla sehr ediblər. Dedim, burada yazılan bilirsən nədir? Bu, "Qurani-Kərim"də ər-arvad arasında olan intim məsələlərə aid bir ayədir. O yazanın heç özü də başı çıxmadan götürüb yazmışdı".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...