Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Qənaət edib pul yığmağın qızıl üsulları

Lazımsız xərclərdən qurtarmaqla xeyli vəsait toplaya bilərsiniz

Əsasən yeni bir ilə giriləndə, ad günlərində və sair dönüm nöqtəsi olmasını istədiyimiz zamanlar pul yığmağa qərar veririk. Bəzən sadəcə pul xərcləməmək, bəzən də hədəflədiyimiz və satın almaq istədiyimiz şeylərə daha asan çata bilmək üçün. Ancaq hər nə edərsək edək, əsasən ya kənara qoyduğumuz pulu xərcləmiş, ya da heç yığmamış olaraq tapırıq özümüzü. Milli.Az "Yeni Müsavat"-a istinadən sizlərə pul yığmağın ən optimal yollarını göstərir və bir neçə ip ucu verir.

Ehtiyaclarınız üçün bir öncəlik sıralaması hazırlayın.

Günümüzdə alış-veriş çılğınlığı bir dəb halına gəlib. Əsasən sadəcə almağı sevirik, istifadə etməyi yox. Hamısı həvəslə alınmış və evin bir guşəsində köhnəlməyə qoyulmuş əşyalar olaraq qalır. Bu səbəbdən bir ehtiyac siyahısı hazırlayın. Bu siyahıları aylıq və ya periodik olaraq hazırlamanız mümkündür. Məsələn, yanvar ayı ehtiyac siyahısı və ya qış ehtiyac siyahısı kimi. Daha sonra bir öncəlik sıralaması hazırlayın. Hansına təcili olaraq ehtiyacınız var, hansı təxirə salına bilər. Bu siyahıları hazırlayanda almaq istədiyiniz şeylər haqqında bir neçə dəfə düşünüb, lazımsız olanları da fərq etmiş olacaqsınız.

Endirimləri təqib edin.

Artıq bir çox markanın Black Friday, qış sonu kimi periodik endirimlərini yaxalamaq çox asandır. Əgər ehtiyaclarınızı erkəndən müəyyənləşdirsəniz, bu böyük endirim dönəmlərində alacağınız şeyləri normak qiymətlərindən çox-çox ucuz qiymətə satın ala bilərsiniz.

Kredit kartınızın limitini düşürün.

Artıq bir çox insanda bir deyil, birdən artıq kredit kartı var və banklar da bu kartların limitlərini sizdən soruşmadan yüksəldə bilir. Bu vəziyyətdə də kredit kartına etibar edərək daha asan pul xərcləyə bilərsiniz. Bütün bu səbəblərlə kredit kartlarınızın sayını azaltmaq və limitlərini aşağı salmaq sizə daha çox nizamlı və kontrol altında saxlayacaq.

Alış-veriş vərdişlərinizi gözdən keçirin.

Satın aldığınız və büdcənizi zorlayan şeyləri başqa yerlərdən alıb-ala bilməyəcəyinizi yoxlayın. Bunlar geyim də ola bilər, yemək də. Əgər bir alternativ varsa və eyni komfortu təmin edirsə, çox pul verməkdən qurtula bilərsiniz.

İstifadə etmədiyiniz üzvlükləri ləğv edin.

Əsasən idman salonu, hobbi kursları, tv-internet abunəlikləri kimi bir çox şeyə endirimli olduğu üçün və başqa səbəblərlə abunə oluruq. Ancaq daha sonra heç bir zaman istifadə etmir, satın aldığımız xidmətdən faydalanmırıq. Əgər belə bir üzvlüyünüz varsa və istifadə etmirsinizsə, ləğv edin. Beləcə oraya ödədiyiniz pulu yığmaq üçün saxlaya bilərsiniz.

Hər ay yazılı bir büdcə planı hazırlayın.

Bu, bəlkə də lazımsız bir şey kimi görünə bilər. Amma maaş ya da ödəmələrinizi aldığınız zaman bir kağıza yazıb, içindən ödəməli olduğunuz qəbz, kirayə, kommunal xərclər kimi xərcləri çıxardığınız zaman geridə qalan pulunuzu görəcəksiniz. Hətta qalan pulu idarə etməniz lazım olan gün sayına bölərək günlük xərcləmə sərhədinizi müəyyənləşdirə bilər, beləcə, duruma  daha çox nəzarət edə bilərsiniz.

Kredit kartı məlumatlarınızı online alış-veriş etdiyiniz saytlardan çıxarın.

Kart məlumatlarınızı saytlardan çıxarsanız, alış-veriş etmədən öncə kart məlumatlarınızı yenidən daxil etməli olacaq və bu müddətdə həqiqətən də almaq istədiyiniz əşyaya ehtiyacınız olub-olmadığını bir daha düşünəcəksiniz.

Əgər həqiqətən pul yığmaq istəyirsinizsə, maaşınızı aldığınız zaman yığacağınız pulu ayırın.

Əgər pulum qalarsa yığaram deyə düşünürsəniz, bu, hardasa mümkünsüzdür. Çünki sahib olduğunuz qənaətcillik qədər özünüzə bir komfort sahəsi yaradırsınız. Bu da əslində sizin üçün pulunuz olduğu üçün zövq verən şeylərdən vaz keçməyəcəyiniz mənasına gəlir. Əgər maaş aldığınız zaman yığmaz istədiyiniz pulu başqa valyutaya çevirsəniz, həm təkrar xərcləmək çətinləşəcək, həm də ayın qalan günlərində əlinizdə qalan pulunuza görə vəziyyəti idarə etmək lazım olduğunu biləcəksiniz.

Büdcə planlaması etməyi asanlaşdıracaq mobil tətbiqetmələrdən yardım alın.

Nə qədər pul xərclədiyinizi görə biləcəyiniz ya da bank hesablarınızla inteqrasiya olunmuş şəkildə çalışan bir çox mobil tətbiqetmə variant mövcuddur. GoodBudget, Spendee, Spendee bu tətbiqetmələrdən bəziləridir.

İstifadə etmədiyiniz və yeni kimi olan əşyalarınızı internet üzərindən satın.

Bir zamanlar həvəslə aldığımız, ancaq bir neçə dəfə istifadə etdikdən sonra kənara atdığımız əşyaları sataraq həm onları pula çevirə bilər, həm də həyatımızdakı artıqlardan qurtula bilərik.

Hər plansız xərcləmədən sonra büdcənizi təkrar gözdən keçirməyə və sistemləşdirməyə diqqət edin.

Bu da çox önəmli bir məqamdır. Çünki xərcləmələrinizi nəzarət altında tutmaq üçün bu, olduqca ideal bir variantdır.

Kredit kartını üstünüzdə çox gəzdirməyin. Əgər kredit kartını vacib lazım olmadıqca üstünüzdə gəzdirməsəniz, az pul xərcləyərsiniz.

Üstünüzdə zəruri ehtiyacları almaq üçün nağd pul olması ən yaxşı ehtimaldır.

Endirimlər üçün müraciət edin. Maliyyə böhranlarının olduğu dövrdə endirim istəmək lazımdır. Hər bir şirkət artıq rahat endirim edə bilər. Əgər satıcı endirim etmirsə, idarəçini çağırtdırın. Onunla da alınmırsa şirkət müdriyyətinə müraciət etdirin. Bu sizin ən təbii haqqınızdır.

Bəzən gözləmək lazımdır. Ən azı 30 gün özünüzə söz verin ki, ən xırda şeyi belə alanda bir gün gözləyəcəksiniz. Növbəti alış-verişdə mağazaya onu sizin üçün bir gün gözləmələrini xahiş edin. Əgər almaq istədiyiniz bir şeyi 24 saat sonra da istəyirsinizsə, o zaman o sizindir. Bu cür proseslər sizə böyük məbləğləri xərcləməməyə kömək edəcək.

Dostlarından kömək istə. Bir çox mədəniyyətlərdə pul yığmaq köməkli olur. Toy, ad günü və digər məsələlərdə dostlarınızın köməyinə imkan verin. Bəzən alacağınız bir şey dostunuzda istifadə etmədiyi bir əşya kimi evin bir köşəsində ola bilər.

Qiymətləri gözdən keçirin. Onlayn alış-veriş etməyimiz səhvlərdən biridir. Online sifariş vermədən öncə bir araşdırmaq lazımdır. Ən uyğun qiyməti, münasib şərtləri öyrəndikdən sonra alıb-almamaq daha rahat olur.

İngilislərin məşhur 9 pul yığma üsulu

İngiltərənin məşhur Businnes İnsider saytı maaşlı işçilərin də pul yığa biləcəyi barədə maraqlı məqalə yayıb. Maliyyə mütəxəssislərinin fikrinə əsaslanaraq hazırlanan məqalədə, maaşlı işçilərin pul yığa bilməsinin 9 üsulu açıqlanıb. 

Əksini düşünün. Öncə kommunal xərcləri ödəyib qalanını kənara qoymaqdansa, xərcləyəcəyiniz pulları ayırıb, planınızı ona görə təyin edin.

5 illik plan hazırlayın. Maliyyə mütəxəssisləri beş illik planların faydalı olduğunu bildirirlər. Beş il ərzində nəyi hədəflədiyinizə qərar verin. (məs. ev almaq üçün ilkin ödəniş pulu yığmaq). Buna görə hərəkət edin.

Özünüz üçün qaydalar təyin edin. Bunu xərclərinizi nəzarətdə saxlamaq üçün edin. O qədər də vacib olmayan şeylərə külli miqdarda pul xərcləməyin. Alış-veriş edərkən qiymətdə sərhəd qoyun.

Gizli zəngin kimi yaşayın. Bir çox milyonerlər sadə həyat tərzi yaşayırlar. Onları gündəlik həyatlarında görənlər, varlı olduqlarını başa düşə bilməzlər. Məsələn, Las Veqaslı milyonçu David Sapper ildə 500 min dollar qazanmasına baxmayaraq, aylıq 2 min 500 dollardan artıq pul xərcləmir. Beləliklə də, daha erkən təqaüdə çıxa biləcəyini söyləyir.

Təqaüdçü olacağınız vaxtı indidən planlaşdırın. Karyerasına yeni başlayanlar üçün pensiyaya çıxmaq uzaq kimi görünsə də, gənc yaşlarda təqaüdçülük istiqamətində planlar qurmaqda fayda var.

Büdcə hazırlayın. Qazandığınız pulla xərclədiklərinizin qeydini aparın. Məqsədlərinizə çatmaq üçün nə qədər pul ayırmaq lazım olduğunu öyrənəcəksiniz.

Borclardan xilas olun. Əgər kredit borclarınız varsa, ilk növbədə bundan xilas olun.

Gəlirinizi artırın. İqtisadçılar, pulu çoxaltmanın 2 yolu olduğu düşüncəsindədir: Daha az xərcləmək və ya daha çox yığmaq. Əgər pul yığa bilməyəcək qədər az maaşa sahibsinizsə, əlavə iş tapmağı düşünə bilərsiniz.

Bu işin mütəxəssislərindən soruşun. Hər hansı savadlı və təcrübəli maliyyə mütəxəssisi pul yığa bilməkdə sizə düzgün məsləhətlər verib köməkçi ola bilər.

Borca girməyin, əlinizdəkindən artıq xərcləməyin

Və ümumiyyətlə, qayda-qanunları nəzərə almadan da bir çox həqiqətləri unutmaq olmaz. Ümumiyyətlə, əlinizə gələn pulun bir qismini mütləq kənara ayırın. Unutmayın! Damla-damla göl olar. Ağlınız həmişə qənaət etdiyiniz pullarda olsun. Yığdıqlarınızı hesablayın. Mümkün qədər az pul ilə küçəyə çıxın. Bunun nəticəsində istəsəniz də pul xərcləməyəcəksiz. Köhnələn əşyalarınızı dərhal atmayın, mümkün qədər istifadə edin.

Mümkünsə, borca girməyin. Əlinizdəkindən artıq xərcləməməyə çalışın. Ayağınızı yorğana görə uzadın. Borclarınızı ödəyin. Əvvəlkiləri bitirmədən mümkün qədər yeni borca girməyin. Unutmayın! Borc yeyən kisəsindən yeyər.

Altı aylıq dolanışıq xərcinizi qarşılayacaq bir miqdar pulu təcili hallar üçün kənara qoymağa çalışın. Səbrlə yığın. Dünyanın min bir cür halı var. Belə bir pul özünüzü etibarda hiss etməyinizi təmin edər. 

Təcili vəziyyətlər üçün ayırdığınız büdcəyə toxunmayın. Asanlıqla çata bilmiyəcəyiniz bir yerdə saxlayın. Unutmayın! Min dərd bir borcu ödəməz!

Hər bir hədəfiniz üçün ayrı-ayrı pul yığın. Bu halda əmin olun ki, məqsədinizə daha asan çata biləcəksiz. Ümumiyyətlə, pul yığmaq da ən azı pul qazanmaq qədər qabiliyyət tələb edir. Nəyəsə nail olmaq, arzu-planlarınızı həyata keçirmək üçün ilk ayırdığınız pulu saxlanc qabınıza atmaqdan çəkinməyin. Və ən yaxşısı, bir müddət sonra həmin pulu ümumiyyətlə, unudun. Bu halda nəticə üzünüzü daha çox güldürəcək.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...