Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Xalqın uşağı” sindromunun qurbanları

Artıq son bir neçə ildir ki, imtahandan sonra uğur qazana bilməyən abituriyentlərin çıxış yolu kimi özlərini intihara əl atmasında görməsi “adət-ənənə” halına çevrilib.

Elə bu gün də Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib. 

Oxu.Az xəbər verir ki, onlardan biri şəhərin 9-cu mikrorayon ərazisində özünü yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından yerə atan 2001-ci il təvəllüdlü yerli sakin Pənah Quliyev, digəri isə şəhər ərazisində yerləşən 14 mərtəbəli binanın damından atan 17 yaşlı gənc adı Faiq olduğu deyilən abituriyentlərdir.

Pənah Quliyevin universitetə qəbul olunmaq üçün verdiyi imtahanın aşağı nəticədə olmasına görə intihar etdiyi bildirilir.

Bəs, görəsən həmin abituriyentlərin intihara əl atmasında günahkar olan tərəf kimdir? Özləri, valideynlər yoxsa cəmiyyət?

Mövzu ilə bağlı Oxu.Az-a danışan psixoloq Vəfa Əkbər bu cür durumlarda “xalqın uşağı” prinsipi ilə yaşayan valideynlərin təqsirkar olduğunu deyib. Bildirib ki,  imtahanda uğur qazana bilməyən abituriyentlərin çıxış yolunu intiharda görməsi faciəvi haldır:

“Əslində intihar sözünün özü çox gərgin sözdür. Yəni, sanki sənin gücünü, bacarığını ölçən meyar kimi insanlar tərəfindən aşılanır.

İmtahanı istər valideynlər, istərsə də müəllimlər uşaqlara o qədər ilboyu gərgin formada elə çatdırırlar ki, imtahan verən abituriyentlərdə artıq müəyyən qorxular yaranmağa başlayır. 

Məsələn, sən qəbul olmasan biz biabır olacayıq, gələcəyin olmayacaq, acından öləcəyik, qəbul olsan da bizi sən qurtaracaqsan kimi ifadələrlə tələbənin beyninə müəyyən mesajlar ötürülür. 

Sonda isə imtahana bir həftə qalmış narahat olma, stress keçirmə yazmasan da olar sözləri ilə motivasiya etməyə çalışırlar. Artıq bu sözlərdən əvvəl ötürülmüş komandalar yetərlidir ki, tələbə həmin stressi keçirsin.

Mən düşünürəm ki, burada ilk növbədə problem ailədən irəli gəlir. Ailə öz nüfuzunu, mövqeyini övladının canından üstün tutur. Həmçinin özlərinin edə bilməyəcəyi şeyləri övladından tələb edirlər. Bunu da həmin övlad bacarmadıqda artıq həyatın sonu olduğunu düşünür. Bu səbəbdən də intihara təşəbbüslərin sayı artmaqda davam edir.

Yaxşı olardı ki, valideynlər vaxtında yəni, imtahana bir gün qalmış deyil, heç olmasa bir, iki ay öncədən psixoloqa müraciət etsinlər. Bununla da övladın həmin çətin vəziyyətdən çıxması üçün ona yardım etsinlər. Lakin əfsuslar olsun ki, valideyn məsələyə mən özüm psixoloqam prinsipi ilə yanaşır. Nəticədə isə intihar hallarının sayı durmadan artır”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...