Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Əxlaqsız qadın peyğəmbərin ayağına yağ çəkir - Olmuş əhvalat

Mərhəmət dərsi

İsa peyğəmbərin sözlərinə və hərəkətlərinə hər kəs ürəyinə görə qiymət verir. Cəlilədə bir evdə baş verən hadisə bunun bariz sübutudur. Şimon adlı bir fərisi bu cür möcüzələri göstərən adamı yaxından tanımaq istəyir, buna görə də onu qonaq dəvət edir. Peyğəmbər bu dəvətə oradakılara təbliğ etmək fürsəti kimi baxır və əvvəllər vergiyığanlarla günahlıların dəvətini qəbul etdiyi kimi, bu dəvəti də qəbul edir.

Lakin İsa Məsih qonaqlara layiq hörmətlə qarşılanmır. Qədimdə israillilər səndəl geyinirdilər. Fələstinin toz-torpaqlı yollarında gəzərkən adamın ayaqları kirlənir və istidən bişirdi. Adətə görə, evə qonaq gələndə onun ayaqlarını sərin su ilə yuyurdular. Bu, qonaqpərvərliyin əlaməti idi. Lakin İsa peyğəmbər gələndə ayaqlarını yumurlar. Onu hörmət əlaməti olaraq öpüşlə salamlamırlar. Onlarda qonaqpərvərlikdən və xeyirxahlıqdan irəli gələrək qonağın saçına yağ sürtmək adəti var idi. Amma İsa peyğəmbər üçün bunu da eləmirlər. Bəli, onu qonaq çağırsalar da, qonaq yerinə qoymurlar.

Qonaqlar süfrə başına əyləşib yeməyə başlayırlar. Bu zaman çağırılmamış bir qadın sakitcə içəri girir. Şəhərdə bu qadını günahkar kimi tanıyırlar (Luka 7:37). Düzdür, günahsız insan yoxdur, amma görünür, bu qadını əxlaqsız həyat tərzi sürdüyü üçün, bəlkə də fahişə olduğu üçün belə adlandırırlar. Çox güman ki, o, İsa peyğəmbərin təlimlərini, həmçinin «yükü ağır olanlara» təravətlənmək üçün verdiyi dəvəti eşidib (Mətta 11:28, 29). Bu qadının İsa peyğəmbər barədə görüb-eşitdikləri ürəyinə elə təsir edib ki, özü onu axtarıb tapır.

Qadın arxadan yaxınlaşıb peyğəmbərin ayaqları yanında diz çökür. O ağlayır. Göz yaşları İsa peyğəmbərin ayaqlarına töküldükcə onları saçı ilə silir, nəvazişlə peyğəmbərin ayaqlarını öpür və gətirdiyi ətirli yağı onun ayaqlarına tökür. Şimon bütün bunları narazı halda izləyir. O, ürəyində deyir: «Bu adam peyğəmbər olsaydı, ona toxunan qadının nə yolun yolçusu olduğunu, günahkar olduğunu bilərdi» (Luka 7:39). Onun fikirlərindən agah olan İsa peyğəmbər deyir:

Borclu adamın biri sələmçiyə minnətdarlığını bildirir, o birisi isə çıxıb gedir

— Şimon, sənə sözüm var.

— Buyur, Müəllim!

— Bir sələmçiyə iki nəfər pul borclu idi. Birinin borcu beş yüz dinar, o birisininki isə əlli dinar idi. Borcu qaytarmağa heç bir şeyləri olmadığından sələmçi alicənablıqla onları bağışladı. İndi necə bilirsən, onlardan kim o kişini daha çox sevəcək?

Şimon könülsüz cavab verir:

— Belə düşünürəm ki, borcu daha çox olan (Luka 7:40—43).

— Düz dedin, — İsa peyğəmbər təsdiq edir və üzünü qadına tərəf çevirib Şimona deyir:

— Bu qadını görürsən? Sənin evinə gəldim, ayaqlarımı yumağa mənə su vermədin. Amma bu qadın ayaqlarımı göz yaşları ilə yuyub, saçı ilə sildi. Sən məni öpmədin, amma bu qadın, mən gələndən bəri ayaqlarımı nəvazişlə öpür. Sən başıma yağ sürtmədin, bu qadın isə ayaqlarıma ətirli yağ sürtdü.

İsa peyğəmbər görür ki, qadın keçmişdəki günahlarına görə ürəkdən peşman olub. Bu səbəbdən peyğəmbər fikrini belə tamamlayır: «Sənə deyirəm, onun günahları çox olsa da, bağışlandı. Bu səbəbdən böyük məhəbbət göstərir. Az bağışlanan isə az sevir» (Luka 7:44—47).

İsa peyğəmbər heç də əxlaqsızlığı üzürlü hesab etmir. Bu hadisə onu göstərir ki, peyğəmbər ciddi günahlar edən, amma sonradan tövbə edib ondan imdad diləyən insanlara şəfqətlə yanaşır. O, qadına: «Günahların bağışlandı... İmanın səni xilas etdi. Salamat get», — deyir. Onun bu sözləri qadına əsil təravət gətirir (Luka 7:48, 50).

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...