Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanın unudulmuş cənnətindən fotoreportaj - FOTOLAR

- Bu nə gözəllikdi, Ramil, bunu çək tez.
 
Fotoqrafımız Ramil Zeynalovu tələsdirirəm.
 
- Çək, çək, amma bu nədir ki, gözəllik hələ qarşıdadır.
 
Bunu deyən isə pilot köməkçisidi. Ramilin belinə təhlükəsizlik kəmərini bağlaya-bağlaya qarşıda bəlkə də Allahın şəxsən çəkdiyi elə təbiət rəsmlərinin olacağını deyirdi.
 
 
*** 
 
Kurkosaya, indi Kürdili adlanan adaya yaxınlaşanda bu fantastik gözəlliyi heç olmasa bircə dəfə görməyə dəyər. Yox, deyəsən, çox bəsit dedim. Bir anlıq fikirləşin; hansısa bir əcnəbinin gözlərini bağlayıb Azərbaycana gətirirsən. Sonra vertolyota mindirib qaldırırsan göyə. Kurkosaya yaxınlaşanda gözlərini açırsan və soruşursan. “Biz haradayıq”. İnandırıram, “Maldiv adalarından biridir” - deyəcək.
 
 
“Yox, yaxşı fikirləş” – desən, “Seyşeldir onda” – deyəcək.
 
“Bir az da…”
 
“Kanar adaları?”
 
Yenə “yox” deyəsən və onun təəccüblü gözlərinə baxasan. Və anındaca dillənəsən, “Azərbaycandır bura” - deyəsən.
  
***
 
Hə, bizim bəxtimiz onda gətirməyib ki, gözəlim Azərbaycanın gözəl təbiətini tanıda bilməmişik. Əslində biz özümüz belə bu gözəlliyin harada olduğunu belə bilməmişik. Heç bir mübaliğəsiz deyirəm, “bu uzaq, yaşıl ada” iqlimi, vəhşi gözəlliyi, hətta vəhşi at, qaban və inəkləri ilə belə dünyada analoqu olmayan bir yerdir.
 
 
***
 
Bizi adaya gətirən vertolyotumuz enəndə, o mənzərəni görməyə dəyərdi. Yüzlərlə vəhşi at sahil boyu ora-bura qaçışır. Necə deyərlər, “meşəyə insan gəlib”. Yüzlərlə “dəli” inək isə balalarını başına yığıb, büzüşüblər bir yerdə. Narahatdırlar. Onların rahatlığını pozmuşuq bu səs-küylə. Səs-küy demişkən, burada quş səsindən qulaq tutulur. Ona görə yox ki, quşlar dəstəylə gəlib başımızın üstündə xorla cikkildəşirlər. Ona görə ki, tam səssizlikdə adi bir quş səsi belə adama vəhşi səs kimi gəlir burada.
 
Oooo, sizə hələ flaminqolardan danışım. Vertolyotumuz yerə düşəndə necə pərvaz edib gözəllik yaratdılar. Di gedin, Marşal, Kanar, nə bilim Seyşel adalarına üz tutanlar, belə flaminqo rəqsini siz harada görə bilərsiniz?
 
 
Bal kimi suyu var buranın. Dörd tərəfi dəniz olan bir yerdə iki metrdən bal kimi su çıxır. Tər-təmiz.
 
Burada yüz hektarla üzüm plantasiyası olub vaxtıyla,  amma hələ də üzüm yetişir çox yerdə, bal kimi.
 
Burada nar bağları olub. Hələ də nar yetişir bal kimi.
 
 
Burada hər şey bal kimidi, bircə, hə, bircə bal kimi bu şirinliyə bir az diqqət göstərəsən. Al, bu da sənə dünyanın yeni turizm möcüzəsi. 
 
***
 
 
Dünyada elə ölkələr var ki, ölkəmizdə onları, demək olar, heç kim tanımır. Okeanların ucqarlarında yerləşən ada dövlətləri deyirəm. Amma adalarda yerləşən bu ölkələr ekzotik təbiəti ilə seçilir, əsasən təbii sərvətlər və turizm sayəsində yaşayır. 
 
Hərdən telekanallarda, saytlarda bu məzmunlu reklamlar az qala gözümüzə girir. “Əsl istirahət edib, okean sularından zövq almaq istəyirsən? Əsl dayvinq cənnətinin nə olduğunu görüb, dənizaltı faunanın gözəlliyinə heyran qalıb, dünyanın ən gözəl qumsal sahilində gəzib, əsl yaşıllığın nə olduğunu görmək istəyirsən? Bütün bunlar səni Marşal adalarında gözləyir. Əbəs yerə bura “cənnətin bir parçası” deyilmir”.
 
 
Qardaşım, bacım, əzizim, eloğlum, əsl istirahət edib, dəniz sularından zövq almaq istəyirsən? Əsl dayvinq cənnətinin nə olduğunu görüb, dənizaltı faunanın gözəlliyinə heyran qalıb, dünyanın ən gözəl qumsal sahilində gəzib, əsl yaşıllığın nə olduğunu görmək istəyirsən? Bütün bunlar səni Kurkosada gözləyir.
 
Və ən əsası. Daniyel Defonun Robinzon Kruzosuna indi dünyanın heç yerində rast gələ bilməzsiniz. Amma bütün bu gözəlliyə, fantastik təbiətə rəğmən bizim Robinzonumuz da var axı. Vitali Proninimiz.
 
Allah bir rəsm çəkib Kurkosa adında. Allah bir insan yaşadır bu gözəl adada. Allah daha nə etməlidir? Məncə, qalanını biz etmləyik. Marşalın, Seyşelin, Maldivin yanında nəyimiz əskikidir ki?...
 
Lent.az
 
 
 
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...